2025-ci ildə Azərbaycanın siyasi, iqtisadi və beynəlxalq gündəliyi

2025-ci ildə Azərbaycanın siyasi, iqtisadi və beynəlxalq gündəliyi
İqtisadiyyat 27

2025-ci il Azərbaycan üçün regional və beynəlxalq proseslər baxımından əlamətdar olub. İl ərzində baş verən hadisələr ölkənin sosial-iqtisadi gündəminə, dövlət–cəmiyyət münasibətlərinə, media və informasiya mühitinə, həmçinin Azərbaycanın regional geosiyasi mövqeyinə əhəmiyyətli təsir göstərib.

"Report" bu il ərzində Azərbaycanda siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən vacib hadisələrə dair məlumatları bir araya toplayıb.

"Konstitusiya və Suverenlik İli"

2025-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilib. Ölkənin ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası və möhkəmləndirilməsində Konstitusiya dəyərlərinə və hüquqi dövlət prinsiplərinə sadiqliyin əhəmiyyəti ön plana çəkilib. İl ərzində hüquqi maarifləndirmə tədbirləri, elmi-praktik konfranslar və ictimai müzakirələr keçirilib. "Konstitusiya və Suverenlik İli" qanunun aliliyinin təmin olunması və milli dövlətçilik dəyərlərinin gücləndirilməsi baxımından mühüm ictimai-siyasi məna daşıyıb.

Azərbaycanın ev sahibliyi etdiyi və iştirak etdiyi əsas siyasi tədbirlər

2025-ci ildə Azərbaycan beynəlxalq və regional miqyasda mühüm siyasi proseslərin fəal iştirakçısı və bir sıra yüksək səviyyəli tədbirlərin ev sahibi olub.

Milli Məclis tərəfindən mart ayında ratifikasiya edilən Azərbaycanın "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Nizamnaməsi"nə qoşulması martın 15-də Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Bununla da Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabadda imzalanmış D-8 Nizamnaməsinə rəsmən qoşulub.

Birliyin əsas məqsədi böyük iqtisadi potensiala, zəngin resurslara və geniş coğrafiyaya malik doqquz ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirmək, ticarət əlaqələrini şaxələndirmək, beynəlxalq qərar qəbuletmə proseslərində iştirak imkanlarını artırmaq və üzv ölkələrdə rifahı yüksəltməkdir.

Martın 13-də Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XII Qlobal Bakı Forumu baş tutub. "Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunan forumda müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və nüfuzlu ekspertlər iştirak ediblər. Tədbirdə qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və yeni çağırışlar şəraitində çoxtərəfli dialoqun əhəmiyyəti müzakirə olunub.

Aprelin 9-da ADA Universitetində İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Tədbir qlobal siyasi proseslərin, beynəlxalq münasibətlərdə yaranan yeni çağırışların və regionlararası əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunub. Forumda müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər və akademiklər iştirak ediblər. Tədbir yeni çağırışların fürsətə çevrilməsi, regional və qlobal səviyyədə səmərəli tərəfdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli hesab edilib.

May ayında işğaldan azad olunmuş Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirilib. Görüşdə üç ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, siyasi həmrəylik, regional təhlükəsizlik, müdafiə əməkdaşlığı və iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Azad edilmiş ərazidə keçirilən bu tədbir Azərbaycan–Türkiyə–Pakistan birliyinin rəmzi əhəmiyyətinin bariz nümunəsidir.

Bu il azad olunmuş ərazilər dünya liderlərinin iştirak etdiyi digər mötəbər beynəlxalq tədbirlərə də ev sahibliyi edib. İyulun 3-4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT/ECO) 17-ci Zirvə görüşü keçirilib. Zirvə görüşündə üzv ölkələrin dövlət və hökumət başçıları, rəsmi nümayəndə heyətləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Regional iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika əlaqələri, enerji təhlükəsizliyi, ticarət dövriyyəsinin artırılması və dayanıqlı inkişaf məsələləri müzakirə olunub.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşü "Davamlı və iqlimə dayanıqlı gələcək naminə İƏT-in yeni baxışı" mövzusuna həsr edilib.

Sözügedən Zirvə ərəfəsində 1 iyulda Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu, həmin gün Şuşada isə 6-cı İƏT Biznes Forumu təşkil olunub.

Zirvə görüşünün yekununda Xankəndi Kommünikesi qəbul edilib. Sənəddə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında apardığı genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib, Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib. Eyni zamanda, iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq İƏT-in gələcək gündəliyinin əsas prioritetləri kimi müəyyən edilib.

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan prezidentləri, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Görüş çərçivəsində iştirakçı ölkələr siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməyə, eləcə də bölgədə regional sülh və sabitliyi möhkəmləndirməyə yönəlmiş qərarlar qəbul ediblər.

Zirvədə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və ticarət əlaqələri, nəqliyyat və enerji layihələri, təhlükəsizlik və mədəni-humanitar əməkdaşlıq məsələləri müzakirə olunub. İştirakçılar Zirvə Görüşünün Türk dünyasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıblar.

Azərbaycan-Ermənistan sülh prosesi üçün əlamətdar il

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın heç bir vasitəçinin iştirakı olmadan görüşü keçirilib. Görüşdə iki ölkə arasında sülh prosesi, qarşılıqlı əməkdaşlıq və regionda stabillik məsələləri müzakirə olunub. Bu görüş iki ölkənin birbaşa təmasları vasitəsilə sülh prosesinin irəli aparılması təcrübəsinin əsasını qoyub.

8 avqustda isə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında "Sülh və dövlətlərarası münasibətlər" Bəyannaməsi imzalanıb. Sənəd Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb. ABŞ Prezidenti Donald Tramp isə prosesə ev sahibi qismində şahidlik edib. Bu sənəd uzunmüddətli sülhə aparan danışıqlar prosesində mühüm addım kimi qiymətləndirilir.

Həmin görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıblar. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə birgə müraciəti imzalayıblar.

Dekabrın 1-də isə ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb və bununla bağlı bəyanat yayıb.

"Minsk prosesinin bağlanması ABŞ Prezidenti Donald Tramp tərəfindən şahidlik edilən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi birgə bəyannamədən sonra ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarının həyata keçirilməsi deməkdir", - bəyanatda qeyd olunub.

Sülh prosesinin davam etdirilməsi istiqamətində Azərbaycan tərəfindən atılan mühüm addımlardan biri də işğal illərində Ermənistana qarşı tətbiq edilən yük tranzitinə məhdudiyyətlərinin aradan qaldırılması olub. Prezident İlham Əliyev oktyabrın 21-də bəyan edib ki, işğaldan bəri mövcud olan bütün tranzit məhdudiyyətləri ləğv edilib və ilk tranzit Qazaxıstan taxılının Ermənistana daşınması ilə həyata keçirilib. Prezident bunun sülhün praktik təzahürü olduğunu vurğulayıb.

Daha sonra Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana çatdırılıb.

Bu prosesin davamı olaraq, dekabrın 19-da SOCAR tərəfindən ilk dəfə Azərbaycandan Ermənistana yerli mənşəli neft məhsulu (Ai-95 benzini) tədarük edilib. Yük dəmiryolu ilə Gürcüstan üzərindən daşınıb.

Enerji, investisiya, nəqliyyat sahələrində əsas təşəbbüslər və beynəlxalq tədbirlər

Bu il Azərbaycan, həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarına ev sahibliyi edib. Aprelin 4-də keçirilən toplantılarda enerji təhlükəsizliyi, qaz təchizatının genişləndirilməsi, regional əməkdaşlıq və bərpa olunan enerji layihələrinin inkişafı məsələləri müzakirə olunub. Tədbirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və "yaşıl enerji" gündəliyində mühüm tərəfdaş rolunu bir daha nümayiş etdirib.

İyunun 2-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edib.

Tədbirdə Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyəti vurğulanıb. Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrilib. Builki yubiley tədbiri Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkəti qəbul edib.

Sentyabrın 22-23-də Bakıda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – "Ambrosetti"nin (TEHA) strateji tərəfdaşlığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər, biznes nümayəndələri, qlobal investorlar, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin, maliyyə institutlarının, beyin mərkəzlərinin, yerli və xarici medianın təmsilçiləri daxil olmaqla ümumilikdə 1000-ə yaxın iştirakçı yer alıb.

Forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur.

Azərbaycanın COP29-u təhvil verməsi

Azərbaycan 2024-cü ildə COP29 Sədrliyi çərçivəsində qlobal iqlim gündəliyinə verdiyi töhfələri davam etdirərək iqlim fəaliyyətinin institusional və praktiki müstəvidə irəlilədilməsinə yönəlmiş təşəbbüslərlə çıxış edib. Bu fəaliyyətlərin mühüm tərkib hissəsi kimi Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH 2025) və COP sədrliyinin Braziliyaya rəsmi təhvili xüsusi əhəmiyyət kəsb edir.

Bu çərçivədə 29 sentyabr – 3 oktyabr tarixlərində Bakıda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi qlobal iqlim gündəliyinin əsas istiqamətlərini əhatə edən beş strateji dəyirmi masa ilə yadda qalıb. Tədbirdə iqlim siyasətinin gücləndirilməsi, dayanıqlılığı, aqrobiznes, sənaye və əmək bazarında ədalətli keçid, eləcə də dayanıqlı tikinti mühiti kimi prioritet sahələr üzrə müzakirələr aparılıb.

Bu proseslərin davamı olaraq Azərbaycan COP29 Sədrliyini uğurla Braziliyaya təhvil verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29 Sədrliyi dialoqu təşviq etmək, tərəflər arasında etibarlı vasitəçi rolunu oynamaq və mümkün olan ən yüksək ambisiyaya nail olmaq istiqamətində fəaliyyət göstərib.

Bələdiyyə seçkiləri

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib. Seçkilər ölkə üzrə yerli özünüidarəetmə orqanlarının formalaşdırılması baxımından mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilib. Səsvermə prosesi Mərkəzi Seçki Komissiyasının (MSK) nəzarəti altında, mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil olunub.

MSK-nın açıqladığı ilkin məlumatlara əsasən, səsvermə başa çatanadək 1,7 milyon nəfərdən artıq seçici öz iradəsini ifadə edərək bələdiyyə üzvlərinə səs verib. Seçkilər ölkə ərazisində 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilib.

Bələdiyyə seçkilərində 685 bələdiyyənin 8 min 71 üzv yeri uğrunda ümumilikdə 16 min 92 namizəd mübarizə aparıb. Namizədlər müxtəlif siyasi partiyalar tərəfindən irəli sürülüb, eləcə də çoxsaylı müstəqil namizədlər seçkilərdə iştirak edib. Bu da yerli səviyyədə siyasi rəqabətin və vətəndaş iştirakının mövcudluğunu nümayiş etdirib.

Seçki prosesini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin təmsilçiləri də izləyiblər.

Azərbaycanın idman ölkəsi kimi mövqeyinin möhkəmlənməsi

2025-ci il Azərbaycan üçün həm regional, həm də beynəlxalq miqyasda əlamətdar idman hadisələri ilə də yadda qalıb. İl ərzində keçirilən iri idman tədbirləri ölkənin idman infrastrukturu, təşkilatçılıq imkanları və beynəlxalq nüfuzu baxımından mühüm irəliləyişlərin əldə olunduğunu nümayiş etdirib.

Sentyabr-oktyabr aylarında Azərbaycanda təşkil olunan III MDB Oyunları ölkənin bir neçə şəhərini əhatə etməklə geniş coğrafiyada idman bayramına çevrildi. Oyunların əsas ev sahiblərindən biri olan Gəncə şəhərində müxtəlif idman növləri üzrə yarışlar keçirildi, mövcud idman obyektləri əsaslı şəkildə yeniləndi və yeni texniki standartlara uyğunlaşdırıldı. Bu proses Gəncənin beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün daha əlverişli platformaya çevrilməsinə imkan yaratdı. MDB ölkələrindən gələn idmançıların (8 ölkədən 1846 idmançı) və nümayəndə heyətlərinin iştirakı şəhərin regional idman və mədəni əməkdaşlıq mərkəzi kimi rolunu daha da gücləndirdi.

İlin mühüm idman hadisələrindən biri də iyunun 21-də Bakı Kristal Zalında Azərbaycanda ilk dəfə UFC turnirinin keçirilməsi oldu. Turnirdə müxtəlif çəki dərəcələrində çıxış edən ümumilikdə 24 idmançı ilkin və əsas döyüşlərdə qüvvəsini sınadı. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin sonunda 12 idmançı qələbə qazandı. UFC kimi dünya miqyasında nüfuzlu və populyar turnirin Bakıda təşkili Azərbaycanın idman ölkəsi kimi beynəlxalq arenada artan nüfuzunun bariz göstəricisi kimi qiymətləndirildib.

Ümumilikdə, 2025-ci ildə idman sahəsində keçirilən beynəlxalq tədbirlər Azərbaycanın idman infrastrukturu, təşkilati potensialı və beynəlxalq etimadı baxımından mühüm nailiyyətlərlə yadda qaldı və ölkənin regionda aparıcı idman mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirdi.

Media sahəsində görülən tədbirlər

İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.

2025-ci ildə Azərbaycanda milli mətbuatın yaranmasının 150 illiyi dövlət səviyyəsində qeyd olunub. Bu münasibətlə Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq yubiley tədbirləri həyata keçirilib. İl ərzində konfranslar, media forumları və rəsmi mərasimlər təşkil olunub. Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı təsis edilib və bir sıra media təmsilçilərinə təqdim olunub.

Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə 26 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", bir nəfər 1-ci dərəcəli, on nəfər 3-cü dərəcəli "Əmək" ordeni, 1737 nəfər "Tərəqqi" medalı ilə təltif edilib. Daha 26 nəfər "Əməkdar jurnalist" fəxri adına, üç nəfər Prezidentin fərdi təqaüdünə layiq görülüb.

AMEA-nın 80 illiyi və Azərbaycan elminin qarşısında duran yeni çağırışlar

Bu il, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Noyabrın 3-də Prezident İlham Əliyev AMEA Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley yığıncağında iştirak edən xarici qonaqlarla görüşüb. Dövlət başçısı Akademiyanın 80 il ərzində böyük yol keçdiyini, Azərbaycan elminin inkişafında aparıcı rol oynadığını qeyd edib. Prezident vurğulayıb ki, təbii sərvətlərdən fərqli olaraq, intellektual potensial tükənməz xarakter daşıyır və dövlət bu sahəyə diqqəti artırmalı, sərmayə qoymalıdır. Eyni zamanda, alimlər də dünyadakı müasir inkişaf tendensiyalarından geri qalmamalıdır.

İlham Əliyev elm ictimaiyyəti qarşısında dayanan prioritet istiqamətlər kimi texnoloji inkişaf, süni intellekt, kibertəhlükəsizlik, müdafiə sənayesi, tarix və digər sahələri göstərib. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə tarixi və geoloji araşdırmaların aparılması da vacib vəzifələr sırasındadır.

"Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır",- deyə Prezident qeyd edib.

Ölkə başçısı, həmçinin dünyada 50 milyondan çox insanın ana dili olan Azərbaycan dilinin yad təsirlərdən qorunması, dilin inkişaf etdirilməsinə də xüsusi diqqət çəkib. "Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər", - deyən Prezident Azərbaycan alimlərini bu məsələdə dövlətə dəstək göstərməyə çağırıb.

"Böyük Qayıdış"

2025-ci il Azərbaycanda işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramının aktiv və sistemli şəkildə davam etdirildiyi il kimi yadda qalıb. İl ərzində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri fonunda keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin olunub.

Bu günədək ümumilikdə 32 yaşayış məntəqəsinə - 7 şəhər, 22 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib. Köçürülmə aparılan yaşayış məntəqələri Cəbrayıl, Şuşa, Xocalı, Laçın, Füzuli, Kəlbəcər və Ağdam şəhərləri; Cəbrayıl rayonunun Horovlu kəndi; Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri; Xocalı rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Seyidbəyli, Badara, Şuşakənd və Daşbulaq kəndləri; Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ və Vəngli kəndləri; Laçın rayonunun Zabux, Sus və Bəylik kəndləri; Xocavənd rayonunun Sos kəndi, Qırmızı Bazar və Hadrut qəsəbələri; Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndləri olub.

Eyni zamanda, köçürülmə prosesi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsini də əhatə edib.

Ermənistanın Azərbaycana qarşı cinayətləri üzrə açıq məhkəmə prosesi

Yanvarın 17-də Azərbaycan Respublikası tərəfindən Ermənistan dövləti və onun silahlı qüvvələri, eləcə də Ermənistanın Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində yaratdığı qondarma "Dağlıq Qarabağ Respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə dair açıq məhkəmə prosesi başlayıb. Cinayət işi təcavüzkar müharibənin aparılması, soyqırımı, əhalinin məcburi köçürülməsi, təqib, işgəncə, hərbi talançılıq və digər ağır cinayət əməllərini əhatə edir. Məhkəmə prosesi beynəlxalq hüquq normaları çərçivəsində aparılmaqla, törədilmiş cinayətlərin hüquqi-siyasi qiymətinin verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İl ərzində davam edən proseslər nəticəsində bu il 13 noyabr tarixində prokurorlar hərbi cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarına cəza istəyiblər. Belə ki, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, Babayan Madat Arakeloviç, Paşayan Melikset Vladimir 20 il, Martirosyan Qarik Qriqori 19 il, Allahverdiyan Davit Nelsoni 18 il, Balayan Levon Romiki 17 il, Beglaryan Vasili İvani, Stepanyan Qurgen Homeri və Qazaryan Erik Robertinə 16 il istənilib.

Harutyunyan Arayik Vladimir, Manukyan David Azatini, İşxanyan Davit Rubeni, Babayan Davit Klimiyə ömürlük həbs istənilib.

Ermənistan vətəndaşı olan, Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyana ömürlük həbs istənilib.

İttiham olunan şəxslərlə bağlı yekun hökmün 2026-cı ildə çıxarılacağı gözlənilir.

Laçının MDB Mədəniyyət Paytaxtı kimi təqdimatı və beynəlxalq mədəni platformalar

2025-ci ildə Laçın şəhərinin MDB-nin Mədəniyyət Paytaxtı elan edilməsi ölkənin mədəni həyatında əlamətdar hadisə olub. İl ərzində şəhərdə rəsmi açılış mərasimi, beynəlxalq gənclər düşərgəsi, film günləri və müxtəlif mədəni layihələr həyata keçirilib. Bu tədbirlər Laçının mədəni irsinin bərpasını və tanıdılmasını təmin etməklə yanaşı, MDB ölkələri arasında mədəni əməkdaşlığın daha da genişlənməsinə xidmət edib.

Eyni zamanda, Bakıda ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı keçirilib. Dekabrın 5–11-də təşkil olunan festival mədəniyyətlərarası dialoqun inkişafına, tolerantlıq, sülh və müxtəlifliyə hörmət kimi İslam dəyərlərinin təbliğinə yönəlib. Festival çərçivəsində iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi əsas məqsədlərdən olub.

Zəfər paradı və Azərbaycanın hərbi qüdrətinin nümayişi

2025-ci ildə 8 noyabr – Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə Azərbaycanda möhtəşəm Zəfər paradı keçirilib. Parad ölkənin hərbi qüdrətini, Silahlı Qüvvələrin son illərdə əldə etdiyi döyüş təcrübəsini və aparılan modernləşmə prosesini nümayiş etdirib. Tədbirdə Azərbaycan və Türkiyə Prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və bir sıra ölkələrin rəsmiləri, o cümlədən, dövlət və hökumət rəsmiləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Paradda Silahlı Qüvvələrin müxtəlif qoşun növləri, xüsusi təyinatlı birliklər, müasir hərbi texnika və silah sistemləri nümayiş etdirilib. Zəfər paradı Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əbədiləşdirilməsi, milli birlik və qürur hissinin möhkəmləndirilməsi baxımından mühüm siyasi və mənəvi əhəmiyyət daşıyan hadisə kimi yadda qalıb.

Beləliklə, 2025-ci il Azərbaycan üçün siyasi, iqtisadi, diplomatik, humanitar və təhlükəsizlik sahələrində mühüm dönüş nöqtələri ilə yadda qalıb. İl ərzində ölkə beynəlxalq arenada etibarlı tərəfdaş, regional sabitliyin və əməkdaşlığın fəal təşəbbüskarı kimi mövqeyini daha da möhkəmləndirib. Azərbaycanın ev sahibliyi etdiyi və iştirakçısı olduğu yüksəksəviyyəli tədbirlər, sülh prosesində atılan praktik addımlar, enerji və nəqliyyat təşəbbüsləri, eləcə də qlobal iqlim gündəliyinə verilən töhfələr dövlətin uzunmüddətli strateji baxışını aydın şəkildə ortaya qoyub. 2025-ci il Azərbaycanın suverenlik, milli birlik və beynəlxalq nüfuz baxımından qazandığı nailiyyətlərin artdığı, gələcək inkişaf üçün möhkəm təməl formalaşdıran bir il kimi tarixə düşüb.

Son xəbərlər