Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri açılacaq? - VACİB AÇIQLAMA
"Azərbaycan və Gürcüstan arasında sərnişin qatarı xidmətinin yenidən istifadəyə verilməsi ilə bağlı iki ölkə arasında razılıq əldə olunub və müvafiq anlaşmalar imzalanıb. Bu qərar yaxın zamanda həm Azərbaycan vətəndaşlarının, həm də Gürcüstanda yaşayan soydaşlarımızın qatar vasitəsilə rahat şəkildə Azərbaycana səfər etməsinə imkan yaradacaq".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları da Gürcüstana daha rahat və münasib formada səyahət edə biləcəklər:
"Bu addım iki ölkə arasında gediş-gəlişin artmasına, iqtisadi və humanitar əlaqələrin daha da genişlənməsinə, xüsusilə də turizm sektorunun inkişafına müsbət təsir göstərəcək. Qatar nəqliyyatı həm təhlükəsiz, həm də sərfəli nəqliyyat vasitəsi olduğuna görə vətəndaşların seçim imkanlarını genişləndirəcək.
Əvvəlki illərdə də Azərbaycan vətəndaşlarının bir hissəsi Gürcüstana səfər edərək oradan Türkiyə və digər Avropa ölkələrinə uçuşlar həyata keçirirdi. Xüsusilə nəzərə almaq lazımdır ki, Gürcüstanda aşağıbüdcəli ("low-cost") aviaşirkətlərin fəaliyyəti daha genişdir və münasib qiymətə aviabiletlər təqdim olunur. Bu baxımdan qatar əlaqəsinin bərpası vətəndaşların həmin imkanlardan daha rahat istifadə etməsinə şərait yaradacaq.
Azərbaycan və Gürcüstan arasında sərnişin qatarı xidmətinin yenidən fəaliyyətə başlaması təqdirəlayiq və mühüm addım hesab olunmalıdır. Bu qərarın nəticəsində hər iki ölkə arasında turist axınının artacağı, xüsusilə Gürcüstandan Azərbaycana gələn turistlərin sayında artım olacağı gözlənilir. Azərbaycan vətəndaşları da qatar vasitəsilə Gürcüstana daha rahat səfər etmək imkanı əldə edəcəklər".
Deputat əlavə edib ki, məsələ quru sərhədlərinin açılması mövzusunu da yenidən gündəmə gətirir:
"Bu istiqamətdə cəmiyyətdə müxtəlif suallar və gözləntilər mövcuddur. Nəzərə almaq lazımdır ki, quru sərhədlərinin açılması ilə bağlı qərarlar Nazirlər Kabineti tərəfindən mövcud şərait qiymətləndirilərək qəbul olunur. Burada regional təhlükəsizlik vəziyyəti, geosiyasi proseslər, mövcud çağırışlar və digər mühüm faktorlar nəzərə alınır.
Eyni zamanda, artıq sərnişin qatarı xidmətinin bərpası onu göstərir ki, müəyyən istiqamətlər üzrə kommunikasiya imkanlarının genişləndirilməsi müzakirə olunur. Bu baxımdan hesab edirik ki, mövcud vəziyyət hərtərəfli qiymətləndirilməklə, mərhələli şəkildə Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin açılması məsələsinə də baxılması məqsədəuyğun ola bilər.
Çünki hər iki ölkə Azərbaycan üçün strateji tərəfdaş, dost və qardaş ölkələr hesab olunur. Bununla belə, əsas prioritet məsələ Azərbaycan dövlətinin və vətəndaşlarının təhlükəsizliyidir. Bu səbəbdən bütün qərarlar təhlükəsizlik meyarları, regional vəziyyət və digər vacib amillər nəzərə alınmaqla qəbul edilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Balıq bazarında qiymətlər niyə artır?
Azərbaycanda balıq bazarında son aylarda həm çeşid azalması, həm də qiymət artımı müşahidə olunur. BAKU.WS-in məlumatına görə, bu vəziyyətə bir neçə amil təsir...