Dekabrın 6-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

BAKU.WS-in məlumatına görə, Gürcüstan Prezidenti "Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlətimizin başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

Azərbaycan Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Rusiya prezidenti Vladimir Putin də Azərbaycan Respublikasının prezidentinə başsağlığı mesajı ünvanlayıb. Mesajda deyilir: 

""Günəşli” neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm".

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko da prezident İlham Əliyevə başsağlığı verib: 

""Günəşli” dəniz yatağındakı platformada baş vermiş faciə barədə xəbər Sizin kədərinizə şərik olan belarusluları qəlbən sarsıtdı.

Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə sağalmağı arzu edirəm".

BAKU.WS