Prokurorluq orqanlarında yeni təyinatlar olub.

BAKU.WS xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün facebook profilində yazıb ki, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun imzaladığı əmrlərlə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyevin Şəki, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyevin isə Siyəzən rayon prokuroru vəzifələrinə təyin edilmələri ölkədə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluq orqanlarında aparılan kadr islahatlarının uğurudur.

"Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir.

Şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə aparılan işə qəbulun bu mütərəqqi yolu prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.

Hazırkı vaxtadək qulluğa qəbul edilmiş gənclərin prokurorluğun kadr korpusunun 70%-ni təşkil etməsi göstərilənlərin məntiqi nəticəsidir.

Təqdirəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olmuş yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən gənc prokurorluq işçilərinə yüksək etimad göstərilərək onlar müxtəlif vəzifələrə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrə irəli çəkilirlər", - E.Sultanov bildirib.

BAKU.WS