İlin sonuna kimi manat yenə "öləcəkmi"?

İlin sonuna kimi manat yenə öləcəkmi?
İqtisadiyyat 1327

 

Azərbaycan hökuməti inkişaf etməkdə olan ölkələri bürümüş iqtisadi gerilməyə və neft bazarlarında hökm sürən durğunluğa baxmayaraq milli valyutanın təkrar devalvasiyası riskini aradan qaldıra bilib.

Mərkəzi Bankın açıqladığı son rəqəmlər və ölkədə dollar ajiotajının aradan qalxması, fevral devalvasiyasından sonra başlayan dollarlaşma prosesinin səngiməsi və gələn ilə dair qənaətli büdcə layihəsi üzən məzənnə siyasətinə keçidin ortamüddətli perspektivlər üçün baş verməyəcəyini göstərir.

Virtualaz.org saytının xəbər verdiyi kimi, Mərkəzi Bank valyuta ehtiyatlarının noyabrın ayının 1-nə olan vəziyyətini açıqlayıb. Məlum olub ki, valyuta ehtiyatları ötən ayda da azalmaqda davam edib, ancaq azalmanın tempi kəskin aşağı düşüb və 271 milyon dollar təşkil edib.

Hazırda Mərkəzi Bankın 7 milyard 44 milyon dollar həcmində valyuta ehtiyatı var. Bundan əvvəl isə Mərkəzi Bankın ehtiyatı avqust ayında Qazaxıstan təngəsinin kursunun sərbəst buraxılması barədə xəbərlərin yaratdığı ajiotajın təsiri ilə rekord həcmdə - 1,2 milyard dollar azalmışdı.

Mərkəzi Bankın manatın kursunu sabit saxlaya bilmək üçün ötən ilin sonlarından etibarən öz ehtiyatlarının təxminən yarısını xərclədiyi, valyuta bazarına ayda təxminən 1 milyard dollarlıq intervensiya etdiyi məlumdur.

Fevral ayında həyata keçirilən 34 faizlik devalvasiyadan sonrakı aylarda da manatın dəyərdən düşməsinin təsiri altında dollara tələbat kəskin artmaqda idi və nəticədə Mərkəzi Bank manatın yeni kursunu qorumaq üçün ayda təxminən 1 milyard dollar dəyişirdi.

Ancaq Mərkəzi Bankın sədri Elman Rüstəmovun proqnozlaşdırdığı kimi bu proses may ayından etibarən səngiməyə başladı, hətta iyul ayında Mərkəzi Bank valyuta ehtiyatlarını azacıq artırmağa da nail oldu.

Daha sonra MDB respublikalarından gələn neqativ xəbərlər, Qazaxıstan təngəsinin kursunun sərbəst buraxılması və dərhal 30 faizə yaxın dəyər itirməsi Azərbaycanda dollar ajiotajını yenidən başlatmış oldu.

İndi isə bu ajiotaj səngiyir və gözlənilir ki, növbəti ayda Mərkəzi Bankın ehtiyatlarında azalma ya cüzi olacaq, ya proses dayanacaq. Çünki əhali banklardakı əmanətlərinin böyük hissəsini artıq dollara çevirib, ölkədən spekulyativ formada valyuta axının qarşısı alınıb.

Həmçinin dollar ajiotajının yenidən güclənməsi ehtimalını azaldan, biznesi rahatladan siyasi hadisələr baş verib -  parlament seçkiləri sakit keçib, biznesi təzyiq altında saxlayıb, sahibkarları talayan MTN şəbəkəsi sıradan çıxarılıb.

Digər tərəfdən, Dövlət Neft Fondu ilin sonuna qədər neft satışından daxil olan vəsaitlərdən 1 milyard dollara yaxınını manata dəyişəcək. Bu isə o deməkdir ki, valyuta bazarına əlavə 1 milyard dollar da daxil olacaq və bankların valyutaya olan tələbatını ödəməkdə heç bir çətinlik baş verməyəcək.

Ən mühüm olanı isə inkişaf etməkdə olan ölkələri bürümüş böhrana baxmayaraq Azərbaycanın makroiqtisadi göstəricilərinin tamamilə müsbət olmasıdır. Çünki devalvasiyaya təsir edən əsas amillər makroiqtisadi göstəricilərdir.

Neftin kəskin ucuzlaşmasına baxmayaraq Azərbaycan bu il də iqtisadi artım tempinə görə irəlidədir. İlin sonunda ÜDM artımının azı 3-4 faiz olacağı gözlənilir. Qeyri-neft sektorunda artım isə daha çox olacaq.

Ölkənin xarici borcları cüzidir, ÜDM-in cəmi 11-12 faizini təşkil edir və bu, kritik göstəricidən 4-5 dəfə aşağıdır. Prezident İlham Əliyev bəyan edib ki, xarici borclarla bağlı ehtiyatlı siyasət bundan sonra da davam edəcək və gələn il xarici borcların həcmində kəskin artım baş verməyəcək.

Həmçinin Mərkəzi Bankın ehtiyatlarının ciddi azalmasına baxmayaraq ölkənin strateji valyuta ehtiyatları (Neft Fondunun da ehtiyatları nəzərə alınmaqla) manatın kursunu uzun müddət sabit saxlamağa, yəni kortəbii devalvasiyanın qarşısını almağa imkan verir.

Beynəlxalq reytinq agentliklərinin hesabatlarına əsasən Azərbaycanın bank sektoru fevral devalvasiyasının şokunu tədricən üzərindən atır və göstəricilərini yaxşılaşdırır.

Devalvasiyaya təsir edən digər əsas amil olan tədiyyə balansı da müsbətdir. Tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Əgər ölkəyə daxil olan valyuta çıxan valyutadan azdırsa, defisit yaranır. Yəni ölkə qazandığından çox xərcləmiş olur.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bəyan edib ki, neftin barelinin qiyməti 40 dollar səviyyəsinə düşsə belə Azərbaycanın tədiyyə balansı defisitli (kəsirli) olmayacaq. Tədiyyə balansında kəsir neftin 40 dollardan da aşağı düşəcəyi halda baş verə bilər.

Digər tərəfdən, Azərbaycanın əsas ticarət tərəfdaşları olan qonşu ölkələrdə milli valyutaların təlatümlü dövrü də qismən arxada qalıb və manatın kursunu təhdid edən xarici neqativ amillər azalıb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan devalvasiyadan 8 mlrd. dollar itirib

Azərbaycan devalvasiyadan 8 mlrd. dollar itirib

"Yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb". BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu Azərbaycan Mill...

897 İqtisadiyyat 14:56 13 oktyabr 2015

Son xəbərlər