Bakı-Sumqayt yolunda yaranan problemlə bağlı YENİ HƏLL YOLU

"15 sentyabr tarixindən etibarən Xırdalan–Sumqayıt–Xırdalan dəmir yolu xətti tunel tikintisi səbəbilə bağlandı. Rəsmi açıqlamaya görə, bu, avtomobil yolu keçidi üçün infrastrukturun yenilənməsi məqsədi daşıyır. Paralel olaraq Bakı–Xırdalan–Bakı qatar reyslərinin sayı artırıldı. Kağız üzərində məntiqli görünən bu qərar praktikada fərqli nəticə verdi - sərnişin axınının balansı pozuldu".
BAKU.WS-in məlumatına görə, bu sözləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, Keşlə dəmir yolu hissəsində tunel boru-sürüşdürmə texnologiyası ilə (ictimaiyyət arasında "boruda ekran" kimi tanınan metod) həyata keçirilir:
"Tunel yerin altında formalaşdırılır, dəmir yolu xətti dayandırılmır, sərnişin hərəkəti davam edir, tikinti yuxarı xətti narahat etmir, nəqliyyat sistemi tam qorunur.
Deməli, texniki alternativ mövcud idi. Xırdalanda isə bunun əksi – ən sadə və sərt metod seçildi. Xətt tam dayandırıldı, açıq qazma ilə tunel tikintisinə başlanıldı.
Sual yaranır ki, Keşlədə texnologiya var, Xırdalanda niyə yoxdur? Texniki səbəb, yoxsa idarəetmədə rahatlıq prinsipi?".

Ekspert həmçinin qeyd edib ki, Bakı–Xırdalan xətti üzrə reyslərin artırılması problemi tam həll etmir, çünki Sumqayıt–Bakı istiqamətində gündəlik sərnişin axını Xırdalan istiqamətinə yönləndirilməyib və bu, nəqliyyat inteqrasiyasında boşluq yaradıb:
"Vəziyyətdən çıxış yolu kimi "Xırdalan–Sumqayıt Shuttle Express" adlı avtobus xəttinin yaradılması mümkün idi. Qatar cədvəlinə uyğun şəkildə hərəkət edən, yalnız dəmir yolu sərnişinləri üçün xüsusi shuttle avtobus xətti həm sərnişin axınını tənzimləyərdi, həm də Xırdalan stansiyasının Bakıdan asılı olmadan işləməsini təmin edərdi."
R.Ağamirzayev vurğulayıb ki, əsas problem tikinti prosesində deyil, nəqliyyat planlaşdırmasındadır:
"Hazırkı yanaşmada əvvəlcə xətt bağlanır, sonra isə sərnişin yönləndirilməsi düşünülür. Halbuki inteqrasiya yanaşması tətbiq edilsəydi, əvvəlcə alternativ nəqliyyat mexanizmləri sinxronlaşdırılmalı, multimodal əlaqə – yəni qatar, shuttle və cədvəl uyğunluğu təmin edilməli idi.
Tunelin tikilməsi vacib idi, amma sərnişinin hərəkət hüququ da eyni dərəcədə önəmli idi. Mövcud texnologiya alternativ həll imkanı verirdi, sadəcə planlaşdırma üstünlük qazanmadı. Bağlamaq asan oldu, planlaşdırmaq isə unuduldu".
Oxşar xəbərlər
Bu il Azərbaycan Tibb Universitetindən neçə rezident məzun olacaq?- AÇIQLAMA
Hal-hazırda Azərbaycan Tibb Universitetində 737 rezident təhsil alır. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyə...
