Türkiyə Müdafiə Nazirliyi "C-130" təyyarələrinin uçuşlarını dayandırdı

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarələrinin uçuşlarını dayandırdı
Dünya 109

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan ərazisində "C-130" tipli hərbi yük təyyarəsinin qəzaya uğramasından sonra inventarda olan bu təyyarələrin uçuşlarının müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, nazirlik hadisə ilə bağlı yayılan iddialara da cavab verib:

1. Təyyarədə sursat daşınırdımı?

- Təyyarədə yalnız hərbi personal və texniki xidmət ləvazimatı olub. Təyyarədə heç bir sursat daşınmayıb.

2. Qəzanın səbəbi barədə hər hansı ilkin nəticə var?

- Bu barədə fikir bildirmək hələ tezdir. Hazırda qəzaya dair texniki araşdırmalar davam edir və nəticələr tamamlandıqdan sonra qəzanın başvermə səbəbi açıqlanacaq.

3. Radar qeydlərində eyni vaxtda bölgədə bir helikopterin göründüyü doğrudurmu?

Nazirlik bu məlumatı da aydınlaşdırıb. Təyyarə ilə əlaqə kəsildikdən sonra hadisə yerinə Gürcüstana məxsus bir helikopter göndərilib və o, təyyarə ilə əlaqə qurmağa çalışıb.

4. Təyyarə Səudiyyə Ərəbistanından alınıb?

- Sözügedən "C-130" təyyarəsi 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından satın alınıb, lazımi texniki xidmətlərdən sonra 2014-cü ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib. Təyyarə 2022-ci ildən etibarən modernizasiya olunmuş vəziyyətdə xidmətdə idi.

5. Qəzaya uğrayan təyyarə köhnə və ya texniki cəhətdən nasaz idi?

Köhnə təyyarə yoxdur, baxımsız təyyarə var. Qəzaya uğrayan C-130-ların texniki xidmətləri Türkiyədə planlı şəkildə aparılıb.

Araşdırmalar göstərib ki:

Təyyarəyə Erciyes Avionik modernizasiyası tətbiq olunub;

Gövdə, mühərrik və pervanelərin planlı texniki baxışları vaxtında yerinə yetirilib;

Son texniki baxış 11 sentyabr – 12 oktyabr 2025 tarixləri arasında keçirilib.

6. "Qara qutu" Türkiyəyə gətirilib?

- Qəzaya uğrayan təyyarənin uçuş məlumatlarının qeyd cihazı (FDR – Flight Data Recorder) və kabin səs yazısı cihazı (CVDR – Cockpit Voice Data Recorder) Türkiyəyə gətirilib və hazırda Ankarada araşdırılır.

7. Digər C-130 təyyarələrinin uçuşları davam edəcək?

- 12 noyabr 2025 tarixindən etibarən bütün "C-130" təyyarələrinin uçuşları ehtiyat tədbiri olaraq dayandırılıb.

Texniki yoxlamalar və bütün araşdırmalar tamamlandıqdan sonra uçuşlara mərhələli şəkildə yenidən icazə veriləcək.

Son xəbərlər