Qaz xətti qırıldı, evə ziyan dəydi: Ağacın aşmasında şirkət günahkardır?

Qaz xətti qırıldı, evə ziyan dəydi: Ağacın aşmasında şirkət günahkardır?
Video
Sosial 8

Bakının Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 207 ünvanında yerləşən fərdi yaşayış evlərinin bir qismi sökülüb. Ərazidə hələ də bir neçə ailə yaşayır. Sonuncu güclü külək zamanı böyük bir ağacın aşması isə ərazidəki bir neçə evə ziyan vurub, sakinləri çətin vəziyyətə salıb.

Baku TV-nin məlumatına görə, sakinlər ağacın aşmasına səbəb kimi ərazidə aparılan söküntü işlərini və qazıntılar zamanı torpağın boşaldılmasını göstərirlər.

Şikayətçi Nemət İsmayılovun sözlərinə görə, ağacın aşması nəticəsində qaz xətti qırılıb, evə ziyan dəyib. Hadisə zamanı valideynləri də evdə olublar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları pəncərədən çıxarmağa məcbur qalıblar.

"Bəziləri ağacın aşmasını güclü küləklə əlaqələndirə bilər. Amma məncə, əsas səbəb ağacın dibində torpağın boşalmasıdır. Bu da ərazidə aparılan söküntü işləri ilə bağlı ola bilər. Torpaq qazılıb, ağacın kökləri boşalıb və ağac güclü küləyə tab gətirməyərək aşıb. Nəticədə qaz xətti tamamilə qırılıb, evin içərisinə də müəyyən ziyan dəyib.

Təxminən 100 ilin ağacıdır. Biz 40 ildir burada yaşayırıq, indiyədək niyə aşmırdı? Hesab edirəm ki, buna səbəb söküntü zamanı qazıntı işlərinin düzgün aparılmamasıdır".

Nemət İsmayılov ərazidə qalan səkkiz ailənin tikinti şirkəti ilə razılığa gələ bilmədiyini də bildirib. Onun sözlərinə görə, sakinlər əvvəlki qonşularına təklif olunan şərtlərlə razılaşmaq istəyirlər. Lakin şirkətin təklif etdiyi mənzil sahəsi ailələrin ehtiyaclarını qarşılamır.

"Burada səkkiz ailə qalıb. Əvvəl gedən qonşulara hansı təkliflər olunubsa, burada qalanlara da eyni şərtlər təklif edilməlidir. Mənim evim üçotaqlıdır. Orada altı nəfərlik ailə yaşayır. Şirkətin təklif etdiyi mənzil isə ailəmizin ehtiyaclarını qarşılamaya bilər. Altı nəfər necə iki otaqda yaşasın?!"

Tikinti şirkətinin nümayəndəsi isə ağacın aşmasını təbii fəlakət kimi qiymətləndirib. O bildirib ki, hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Şirkətin məsuliyyət daşıdığı hər hansı hal müəyyən edilərsə, dəymiş ziyanı qarşılamağa hazırdırlar.

"Mən bu şəxsi, bəlkə də, 15-20 dəfə qəbul etmişəm, 10 dəfə də şəxsən evinə getmişəm. Ona 119 kvadratmetr sahəsi olan mənzil təklif etmişik. Lakin o, bununla razılaşmır.

Məsələ ilə bağlı hüquqi qaydada məhkəməyə müraciət etmişik. Hansı qərar verilsə, biz də ona uyğun hərəkət edəcəyik. Əgər tərəflər arasında razılıq əldə olunsa, məhkəməyə müraciətimizi geri götürə bilərik", - deyə o əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər