Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, məhkəmə istintaqın davam etdiyini nəzərə alaraq şübhəlilərin həbs müddətini daha yeddi gün uzadıb.
Məhkəmə iclasında gəmi qəzasının texniki səbəbləri ilə bağlı yeni və mühüm məlumatlar açıqlanıb.
Gəminin "qara qutusu" hesab edilən VDR (səyahət məlumatlarının qeydə alınması qurğusu) sentyabrın 25-də tapılaraq polisə təhvil verilib.
Qurğu polis əməkdaşlarının müşayiəti ilə sentyabrın 30-da Türkiyəyə aparılıb. Oktyabrın 1-də isə cihaz və onun qeydə aldığı məlumatlar Şimali Kiprə gətirilib. Müqayisə aparmaq üçün şübhəlilərin səs nümunələri götürülüb. Hazırda VDR qeydlərinin ətraflı təhlili davam etdirilir.
Məhkəməyə təqdim olunan texniki qiymətləndirmədə gəmidə əvvəllər aparılmış təmir işlərinin səthi və keyfiyyətsiz olduğu, görülən işlərin texniki baxımdan qəbuledilməz sayıldığı bildirilib.
İş materiallarına mühəndislərin rəyləri də əlavə olunub. Həmin rəylərdə gəminin şüşə lifli konstruksiyasında yaranmış çatın içəriyə doğru genişlənə biləcəyi və bunun gəminin təhlükəsizliyinə ciddi təsir göstərdiyi qeyd edilib.
Polis məhkəməyə bildirib ki, istintaq materiallarına kapitanın ifadəsi də daxil edilib. Kapitan ifadəsində heyət üzvlərinin təmir işlərini apardığını gördüyünü, lakin bu barədə şirkət rəhbərliyinə məlumat vermədiyini bildirib.
İstintaq zamanı gəminin su keçirməyən qapıları ilə bağlı da diqqətçəkən məqamlar üzə çıxıb. Şübhəlilərin ifadələrinə görə, səfər zamanı bağlı qalmalı olan bəzi su keçirməyən qapılar açıq saxlanılıb.
Ekspert rəylərində vurğulanıb ki, qapılar bağlı olsaydı, gəmiyə suyun dolması azala və sərnişinlərin təxliyəsi üçün daha çox vaxt qazanıla bilərdi. Polis qapıların açıq saxlanılmasına görə kapitanın və maşın şöbəsinə cavabdeh heyət üzvlərinin məsuliyyət daşıdığını müəyyən edib.
Qeyd edək ki, qəza zamanı gəmidə 259 sərnişin və səkkiz heyət üzvü olub. Onlardan 239-u xilas edilib, 18 nəfərin meyiti tapılıb. Daha 10 nəfərin axtarışı davam etdirilir.
Oxşar xəbərlər
G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa gəldilər
"Böyük Yeddilik" (G7) ölkələri dörd ay ərzində strateji ehtiyatlarından 100 milyon barelə qədər yanacağı bazara çıxarmaq barədə razılığa gəliblər. BAKU.WS Oxu.A...