Dünyanın dördüncü ən böyük gölü "ölümcül səhra"ya çevrilib
Bir zamanlar dünya xəritəsində nəhəng su hövzəsi kimi görünən Aral dənizi artıq ağ səhraya çevrilib. 1960-cı illərə qədər dünyanın dördüncü ən böyük gölü olan Aral bu gün demək olar ki, tamamilə quruyub.
BAKU.WS xəbər verir ki, vaxtilə 68 min kvadrat kilometr ərazini əhatə edən göldən cəmi 8 min kvadrat kilometri qalıb. Qalan hissə isə "Aralqum" adlı yeni səhraya çevrilib.
BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının icraçı katibi İbrahim Tiaw Aral dənizinin itirilməsini "dünyanın ən böyük ekoloji fəlakətlərindən biri" adlandırır.
Araşdırmalara görə, 1984-2015-ci illər arasında bölgədə atmosferdəki toz miqdarı 14 milyondan 27 milyon metrik tona yüksəlib. Hətta 800 kilometr uzaqlıqda yerləşən yaşayış məntəqələrində belə bu toz havanın keyfiyyətini pisləşdirir, buzlaqların əriməsini sürətləndirir və su qıtlığını artırır.
Toz fırtınaları ilə yayılan duz və kimyəvi maddələr kənd təsərrüfatına böyük ziyan vurur və içməli su mənbələrini çirkləndirir. Aralqumdan yayılan toz Sovet dövründə bölgədə aparılan kimyəvi silah sınaqlarının tullantıları, eləcə də kənd təsərrüfatında istifadə olunan ağır gübrə və pestisidlərin qalıqları ilə zəngindir.
Aral dənizini qidalandıran Amudərya və Sırdərya çayları, 1960-cı illərdən Sovet İttifaqının pambıq sahələrini suvarmaq üçün yönləndirilməsi nəticəsində gölün tədricən qurumasına səbəb olub. 7 milyon hektar sahənin suvarılması üçün həyata keçirilən suvarma layihələri, gölü iki hissəyə ayırıb və adaları quru ərazilərə birləşdirib.
Duzluluğun artması nəticəsində su hövzəsindəki canlıların əksəriyyəti məhv olub, ekosistem isə tamamilə çöküb. Balıqçılıq sənayesi yox olub, balıqçı qayıqları isə qumların içində tərk edilmiş vəziyyətdə qalıb.
Aral dənizinin quruması bölgə əhalisinin sağlamlığına ciddi ziyan vurub. Göl yatağından havaya yayılan zəhərli toz tənəffüs xəstəliklərinin və anadangəlmə qüsurların artmasına səbəb olub.
Bu təhlükəli vəziyyəti nəzarətdə saxlamaq üçün bölgə ölkələri göl yatağında xüsusi bitkilər əkərək toz emissiyalarını azaltmağa çalışırlar. Avropa Birliyi və USAID bu səylərə dəstək verməyi planlaşdırsa da, yardım prosesləri hələ yekunlaşmayıb.
Aral dənizi fəlakəti təkcə Orta Asiya üçün deyil, bütün dünya üçün təhlükə siqnalıdır. Afrika, Yaxın Şərq, Avropa, Avstraliya və ABŞ-da oxşar ekoloji problemlər artır. Sənaye kənd təsərrüfatı və iqlim dəyişikliyi göllərin və su ehtiyatlarının tükənməsinə səbəb olur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Aral dənizinin faciəvi sonu, dünyanın öz su ehtiyatlarını qorumasa, daha böyük ekoloji fəlakətlərlə üzləşəcəyinin əlamətidir.
Oxşar xəbərlər
58 yaşlı aparıcıdan kədərləndirən ETİRAF: "Başıma nəsə gəlsə..."
Məşhur aparıcı Armağan Çağlayan açıqlaması ilə hər kəsi kədərləndirib. BAKU.WS xəbər verir ki, 58 yaşlı aparıcı başına nəsə gəlsə ona baxacaq bir yaxının olmad...