Ankarada baş verən terrorla bağlı Türkiyəyə dəstək olan ölkələr

Ankarada baş verən terrorla bağlı Türkiyəyə dəstək olan ölkələr
Dünya 86

Türkiyənin Müdafiə Sənayesi şirkəti TUSAŞ-ın Ankaranın Kahraman Kazan rayonundakı müəssisəsində baş verən terror aktından sonra dünyadan etiraz səsləri gəlib.

BAKU.WS xəbər verir ki, ABŞ, BMT, NATO və Avrupa Birliyi Türkiyəyə dəstək nümayiş etdiriblər.

Hücum nəticəsində 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb. Hadisədən sonra bir çox ölkə və beynəlxalq təşkilat tərəfindən etiraz bəyanatları səslənib.

ABŞ TUSAŞ-a qarşı terror hücumunu pisləyən bəyanat yayıb: "ABŞ olaraq bu gün baş verən terror hücumunu şiddətlə qınayır, hücumda həyatını itirənlərin ailələrinə başsağlığı diləyirik və yaralılara tezliklə şəfa diləyirik. Müttəfiqimiz Türkiyənin yanındayıq".

BMT Baş katibi Antonio Quterreş də TUSAŞ-a qarşı terror hücumunu pisləyib. BMT sözçüsü Fərhan Haq hücumla bağlı ətraflı məlumat topladılarını açıqlayıb: "Baş katib mülki şəxslərə qarşı bu hücumu qınayır. O, həlak olanların ailələrinə başsağlığı diləyir və yaralılara tezliklə sağalma arzulayır".

TUSAŞ-a edilən terror hücumundan sonra Türkiyənin müttəfiqi NATO da dəstək nümayiş etdirib. NATO Baş katibi Mark Rutte bildirib ki, alyans müttəfiqi olan Türkiyənin yanındadır: "Ankaradan gələn ölüm və yaralı xəbərləri narahatedicidir. Mesajımız aydındır: NATO müttəfiqimiz Türkiyənin yanındadır. Terrorizmin hər növünü şiddətlə qınayır və hadisələri yaxından izləyirik".

Avrupa Birliyi Türkiyə nümayəndəliyinin rəhbəri Thomas Hans Ossovski TUSAŞ-a qarşı hücumla bağlı deyib ki, terror hücumu nəticəsində dərin narahatlıq və kədər hissi keçirir: "Həyatını itirənlərin ailələrinə, bütün Türkiyəyə və xalqına ən səmimi başsağlığımızı çatdırır, yaralılara tezliklə şəfa diləyirik. Avrupa Birliyi terrorizmin hər növünə qarşı mübarizədə Türkiyənin yanındadır. Bu iyrənc zorakılıq aktını və belə hərəkətləri dəstəkləyənləri qəti şəkildə qınayırıq. Terrorizmin cəmiyyətlərimizdə yeri yoxdur".

Yunanıstan Baş naziri Kiryakos Miçotakis hücumu qınayıb və "Ankaradakı terror hücumunu şiddətlə qınayıram, qurbanların ailələrinə ən səmimi başsağlığımı bildirirəm",-deyə bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaani TUSAŞ-a edilən hücumu şiddətlə qınayıb, həlak olanların ailələrinə, Türkiyə xalqına və hökumətinə başsağlığı dilədiyini və yaralılara tezliklə şəfa arzuladığını bildirib. İran xüsusilə qonşu ölkələr başda olmaqla digər ölkələrlə bu cür qeyri-insani hadisəyə qarşı əməkdaşlıq etməyə və qarşısını almağa hazır olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Dövlətimizin başçısı başsağlığı məktubunda bildirib: "Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında isə "Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik! Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!",-deyə bildirilir.

Fransa Prezidenti Emmanuel Macron da X hesabından fransız və türk dillərində açıqlama yayıb. Makron "Hücumda həyatını itirənlərin yaxınlarının acısını bölüşür, onlara başsağlığımızı veririk. Terrora qarşı Türkiyə və Türk xalqı ilə həmrəyik" ifadələrini işlədib.

Venesuela, Meksika, Kolumbiya və Kuba da TUSAŞ-a edilən terror hücumunu qınayaraq başsağlığı diləyiblər.

Son xəbərlər