Gələn ildən yeni əməkhaqqı sistemi tətbiq edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda gələn ildən saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Yeni mexanizm xüsusilə iş saatları dəyişkən olan sahələrdə çalışanların gəlirlərinin artmasına və əmək münasibətlərinin rəsmiləşdirilməsinə şərait yaradacaq".
BAKU.WS-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər artıq Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə edilib:
"Yeni qaydalara əsasən, saatlıq minimum əməkhaqqı mövcud aylıq minimum əməkhaqqının iş saatlarına bölünməsi ilə hesablanan məbləğdən daha yüksək müəyyənləşdiriləcək. Bu yenilik saat hesabı ilə çalışan vətəndaşların daha yüksək gəlir əldə etməsinə imkan verəcək. Xüsusilə aqrar sektor, ictimai iaşə, xidmət və turizm sahələrində çalışanlar üçün saatlıq əməkhaqqı mexanizminin tətbiqi əhəmiyyətli olacaq".
Millət vəkili qeyd edib ki, dəyişikliklərin əsas məqsədlərindən biri də qeyri-rəsmi məşğulluğun azaldılmasıdır:
"Belə ki, iş vaxtı saatlarla hesablanan sahələrdə əmək müqavilələrinin bağlanması daha əlçatan olacaq. Bunun nəticəsində çalışanların əməkhaqları ilə yanaşı, pensiya kapitalı və sosial ödənişləri də rəsmiləşdiriləcək.
Yeni sistem əmək müqaviləsi ilə çalışanların sayının artmasına, sosial təminatın gücləndirilməsinə və gələcək pensiya hüquqlarının qorunmasına müsbət təsir göstərə bilər".
Vüqar Bayramov əlavə edib ki, qanun layihəsi növbəti mərhələdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliklər qəbul edilərək Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Gözlənti isə saatlıq minimum əməkhaqqının gələn ildən tətbiqinə başlanılmasıdır.
Orxan Hüseyn
Oxşar xəbərlər
Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir
Prokurorluq orqanlarına qulluğa qəbul üzrə 30 vakant ştat vahidi üçün keçirilən müsabiqənin yazılı imtahanında 133 namizəd iştirak edir. BAKU.WS report-a istina...