Türkiyəli professor sosial media asılılığını qumara bənzətdi: VALİDEYNLƏRƏ ÇAĞIRIŞ - MÜSAHİBƏ

Türkiyəli professor sosial media asılılığını qumara bənzətdi: VALİDEYNLƏRƏ ÇAĞIRIŞ - MÜSAHİBƏ
Foto
Sosial 0

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən rəqəmsal texnologiyaların və sosial media platformalarının insanlara, xüsusilə uşaq və yeniyetmələrin psixoloji inkişafına təsiri ilə bağlı müzakirələr aktuallaşıb.

Dünyanın müxtəlif ölkələrində sosial media istifadəsinə yaş məhdudiyyətlərinin tətbiqi gündəmdə olduğu bir vaxtda Azərbaycanda da 16 yaşı tamam olmamış şəxslərin sosial platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməməsi ilə bağlı Milli Məclis müvafiq qərar qəbul edib. Belə ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik parlament tərəfindən son oxunuşda qəbul edilib. Nəzərdə tutulan texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının yalnız 16 və ya yuxarı olduğu müəyyən edildiyi təqdirdə fərdi rəqəmsal hesabın yaradılması təmin olunacaq.

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a müsahibə verən türkiyəli psixoloq, professor Ebru Şalcıoğlu sosial medianın gənclərin beyin inkişafı, psixi sağlamlığı və sosial münasibətləri üzərində yaratdığı təsirlərdən, eləcə də valideynlərin diqqət yetirməli olduğu məqamlardan danışıb.

- Ebru xanım, son illərdə sosial medianın insanların həyatındakı rolu barədə nə düşünürsünüz?

- İnsanlar artıq real dünyadan daha çox virtual dünyada yaşayırlar. Dünyada və Türkiyədə əhalinin təxminən 65%-i günün 2-2.5 saatını sosial mediada keçirir. Bu istifadə hər yaş qrupu üçün risk daşısa da ən ağır nəticə ilə uşaqlar və yeniyetmələr qarşılaşırlar.

- Dünyada bu problemlə bağlı hansı addımlar atılır?

- Avstraliya uşaqları zərərli məzmundan, kibertəcavüzdən və cinsi istismardan qorumaq məqsədilə 16 yaşdan aşağı şəxslər üçün sosial media qadağası tətbiq edib. Analoji tənzimləmələr Avropada da müzakirə olunarkən ölkəmizdə 15 yaşdan aşağı uşaqların sosial media istifadəsini məhdudlaşdıran qanun layihəsini Türkiyə Böyük Millət Məclisi (TBMM) qəbul etdi. Bir çox valideyn bu qadağanı dəstəkləyir, amma gənclər bu məsələdə onların hüquqlarının nəzərə alınmadığını iddia edirlər.

- Bəs elm sosial medianın uşaq və yeniyetmələrə təsiri barədə nə deyir?

- Sağlam beyin inkişafı düzgün təcrübələrin doğru yaşda və düzgün ardıcıllıqla qazanılmasını tələb edir. Amma bu gün uşaqların diqqəti "ağıllı" telefon ekranlarına "həbs olunub". Beynin inkişafını təmin edən fiziki oyunlar, üz-üzə ünsiyyət və sosial öyrənmə öz yerini alqoritmlərin seçdiyi məzmunlara və emojilərlə qurulan ünsiyyətə verib. Uşaqlar və yeniyetmələr bioloji baxımdan mükafata, yeniliyə və sosial qiymətləndirilməyə daha həssasdırlar. Halbuki impuls nəzarəti və emosiyaların tənzimlənməsindən məsul olan beyin bölgələri hələ tam formalaşmayıb. Bu həssas dövrdə sosial medianın təqdim etdiyi cəlbedici məzmunlar və statistik göstəricilər diqqəti yayındırır, istifadəni mükafatlandırır və beynin yüksək idrak funksiyalarına cavabdeh olan hissəsinin inkişafını məhdudlaşdırır. Araşdırmalar göstərir ki, sosial mediadan intensiv istifadə gənclərdə ilk növbədə depressiya və təşviş pozuntularının, həmçinin qidalanma pozuntularının, özünə zərər vermə davranışlarının və intihar riskinin artmasına səbəb olur. Sosial medianın yaratdığı bir sıra mənfi təsirlər bu risklərin yüksəlməsində mühüm rol oynayır.

Türkiyəli professor sosial media asılılığını qumara bənzətdi: VALİDEYNLƏRƏ ÇAĞIRIŞ - MÜSAHİBƏ

- Sosial medianın uşaqların və yeniyetmələrin gündəlik həyatına və inkişafına hansı mənfi təsirləri var?

- İnkişaf dövründə olan gənc otağına qapanıb başqalarının paylaşımlarını və özünün statistik göstəricilərini izləyəndə, onun inkişafı üçün həyati əhəmiyyət daşıyan sosial münasibətlərdən uzaqlaşır. Qısa videolar və fasiləsiz bildirişlərlə bölünən diqqət, onun hətta beş-on dəqiqə ardıcıl şəkildə düşünməkdə çətinlik çəkdiyi bir mühit yaradır. Gecə saatlarında sosial media istifadəsi yuxu müddətini azaldaraq beyin inkişafı üçün həyati əhəmiyyət daşıyan istirahətdən onu məhrum edir. Sosial media həm də başqalarının bəyənmə və rəylərindən asılı olan bir özünüdərk formalaşdırır. Görünüşü və sosial mühiti sürətlə dəyişən yeniyetmə, özünəinamını sarsıda biləcək müqayisələr qarşısında daha kövrək vəziyyətə düşür. Ən vacibi isə odur ki, sosial media qumar kimi davranış asılılığı yaradır. "Bəyən", "Şərh et", "Paylaş" və "Yadda saxla" düymələri sosial təsdiq vasitəsilə dopamin ifrazını stimullaşdırır. Zaman keçdikcə mükafata olan ehtiyac artır və istifadə vərdişi asılılığa çevrilir. İmpuls nəzarəti və emosiyaların tənzimlənməsi sistemləri hələ tam inkişaf etmədiyi üçün yeniyetmələr bu dövrəyə böyüklərlə müqayisədə daha sürətlə daxil olurlar. Xüsusən qızlar sosial medianın mənfi təsirlərinə daha çox məruz qalırlar. Onlar sosial mediada filtrlərlə yaradılan qeyri-real gözəllik standartlarının təsirinə daha tez düşürlər və bədən görünüşü ilə bağlı narahatlıqları artır. Öz şəkillərini müxtəlif proqramlarla redaktə edib paylaşdıqları zaman isə onların özləri ilə bağlı düşüncə və addımları süni xarakter alır və real həyatda belə görünməməyin yaratdığı narahatlığı yaşayırlar. Bundan əlavə, qızlar sosial mediada xarici görünüşləri ilə bağlı daha sistemli və amansız tənqidlərə, kibertəcavüzə və cinsi təcavüz xarakterli davranışlara daha çox məruz qalırlar.

- Bütün bunların fonunda valideynlərə tövsiyələriniz nələrdir?

- 16 yaşına çatmamış uşaqların sosial mediadan istifadəsinin qarşısı alınmalıdır. Elmi nəticələr göstərir ki, 16 yaşdan aşağı uşaqların sosial mediadan uzaq tutulması qadağa deyil, onların inkişafını qorumağa yönələn bir tədbirdir. Uşağınızın psixoloji baxımdan sağlam inkişaf etməsi üçün fasiləsiz internetə çıxışı mümkün qədər gecikdirmək, internet brauzeri olmayan və yalnız məhdud funksiyalara malik telefonlardan istifadə etməsinə üstünlük vermək, 16 yaşından əvvəl sosial media istifadəsinə icazə verməmək, beyin inkişafının ən həssas dövründə onları bu platformaların təsirindən qorumaq, onların real həyatda təbii inkişafını dəstəkləyəcək fəaliyyət və təcrübə mühiti yaratmaq lazımdır. Unutmaq olmaz ki, vaxtında fərqinə varmaq nəticəsində yaranan davranış dəyişikliyi müsbət irəliləyişin əsasını təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər