Nazirdən pensiyaların artımı ilə bağlı YENİ AÇIQLAMA

Nazirdən pensiyaların artımı ilə bağlı YENİ AÇIQLAMA
Sosial 207

Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə 2018-ci ildən ardıcıl olaraq icra olunan, 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketinin hər biri üzrə əməkhaqqı və pensiyalarla yanaşı, müavinət və təqaüd artımları da həyata keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Artımların əsasən şamil olunduğu kateqoriyalar da şəhid ailələri, aztəminatlı ailələr, əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, ailə başçısını itirən ailələr və digər həssas qruplardır. Bu kateqoriyalara yönələn sosial ödənişlərdə hər bir sosial islahat paketi üzrə artımların edilməsi, son illər həmin ödənişlərdə ciddi artımlara nail olunması dövlətin onlara olan xüsusi qayğısının əməli təzahürüdür.

Qeyd edilib ki, müavinət və təqaüdlərində yeni artımlar edilmiş vətəndaşlar artıq gələn aydan bu ödənişləri artımla alacaqlar. Ümumilikdə 2018-2025-ci illərdə müavinət və təqaüd ödənişləri üçün ayrılan illik vəsait 5 dəfə artıb. Həmin dövrdə minimum pensiyada da 3 dəfəyədək, orta aylıq pensiyada 2,6 dəfə artım baş verib. Pensiya ödənişlərinə hər il ayrılan vəsait 2025-ci il üçün 7,2 mlrd. manatı ötüb ki, bu da 2018-ci ilə nisbətən 2 dəfə çoxdur.

İclasda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının daha da artırılması sahəsində görülən işlərdən bəhs olunub. Bu il "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda edilmiş dəyişikliklərlə Qanuna Azərbaycan işarət dili və əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması ilə bağlı yeni maddələr əlavə edildiyi qeyd edilib. Ölkəmizdə dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsmi tanındığı vurğulanıb.

Övladlığagötürmə və himayədar ailə institutunun tətbiqi işləri diqqətə çatdırılıb. Bu ilin 5 ayında Nazirlik tərəfindən 62 uşağın övladlığa, 14 uşağın himayədar ailələrə verildiyi qeyd edilib. Əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan bəhs olunub. Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında Azərbaycanın qadın əməyi ilə bağlı uğurlu islahat təcrübəsi olan üç ölkədən biri kimi təqdim edildiyi, bu sahədə ölkəmizdə son illər aparılan islahatların nümunə kimi göstərildiyi diqqətə çatdırılıb. Əmək və sosial müdafiə sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi işlərinin davam etdirildiyi, daha bir sıra ölkələrlə sosial sahə üzrə əməkdaşlıq sənədlərinin layihələrinin hazırlandığı qeyd edilib.

İclasda məşğulluq siyasəti, sosial təminat, sosial sığorta və pensiya təminatı, övladlığagötürmə, əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası və onlarla bağlı, habelə əmək münasibətləri üzrə qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət qulluğu və kadr məsələləri, hüquqi aktların layihələrinin hazırlanması, strateji planlaşdırma və innovasiyalar, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib, daha 24 peşə və kvalifikasiya standartı təsdiq edilib.

Oxşar xəbərlər

Son xəbərlər