Ekspert: "Azərbaycanda metro və elektrobusların uzlaşması təkmilləşdiriləcək"

Ekspert: Azərbaycanda metro və elektrobusların uzlaşması təkmilləşdiriləcək
Sosial 55

Azərbaycanda 2025-ci ilin sonuna qədər elektrobusların istehsalı sahəsində real nəticə əldə oluna bilər.

Bunu "Report"a açıqlamasında nəqliyyat və infrastruktur məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib.

Onun sözlərinə görə, yollarda sıxlığın qarşısının alınması, insanların tıxaclarda vaxt itkisi ilə üzləşməsi hər kəsi narahat edən məsələdir:

"Bu mənada 10 metro stansiyasının tikintisi mühüm əhəmiyyət kəsb edəcək. Fikrimcə, 6 stansiya "Bənövşəyi xətt", 4 stansiya isə "Yaşıl xətt" üzrə olacaq. Bu stansiyaların yaxın 5 il ərzində inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, metro ilə avtobus nəqliyyatının uzlaşması məsələsinə gəlincə, hazırda bir neçə yerdə metro stansiyaları ilə avtobus xətlərinin kəsişməsi baş verir. Amma bunlar əslində mübadilə nöqtələridir. Yəni sərnişinlər yollarına avtobusdan düşdükdən sonra metro ilə davam edə bilərlər. Məsələn, "Koroğlu", "20 Yanvar" və "28 May" kimi metro stansiyalarında belə mübadilə nöqtələri var. Amma bu alt-mərkəzlərin təkmilləşdirilərək daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bu da çox vacib məsələdir ki, çünki hər iki sistem bir-biri ilə uzlaşmalı və bir-birini tamamlamalıdır. Bakı şəhərinin Baş planının icrası isə nəqliyyat sisteminin işinin təkmilləşdirilməsində mühüm rol oynayacaq".

Y.Mustafayev qeyd edib ki, Bakı şəhərinin nəqliyyat sistemi üçün elektrobusların sayının artırılması mühüm əhəmiyyət kəsb edir: "Elektrobus həm iqtisadi cəhətdən səmərəli, həm də ekoloji cəhətdən "təmiz nəqliyyat vasitəsi"dir. Elektrobuslar şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında müstəsna rol oynayacaq. Əslində, belə növ avtobuslar trolleybus kimi nəqliyyat vasitəsinin davamıdır. Yəni trolleybus da eyni sistemdə çalışır. Sadəcə enerjini naqillər vasitəsilə əldə edir. Hazırda Bakıda daha çox bu nəqliyyat vasitəsindən istifadə edilməsi gözlənilir".

Ekspert əlavə edib ki, Azərbaycanda elektrobusların istehsalı da nəzərə tutulub: "2025-ci ilin sonuna doğru ölkədə Çinin "BYD Company Limited" şirkətinin elektrobusları istehsal olunacaq və bu istiqamətdə işlərə başlanılıb. Bu ilin sonuna qədər bu sahədə real nəticəni görə biləcəyik".

Y.Mustafayev deyib ki, Azərbaycanın nəqliyyat sahəsində əsas problemlərdən biri ağır çəkili nəqliyyat vasitələrinin yollara vurduğu zərər idi: "Həm tranzit nəqliyyat vasitələri, həm də yerli daşımalarda ağır yükləmə çəkilərinin artıq olması yollara çox böyük zərər vururdu. Bunun qarşısını almaq üçün elektron nəzarət sistemi yaradılır. Elektron tərəzilər quraşdırılır. Bu qurğular çox yüklənən nəqliyyat vasitələrini avtomatik aşkar edir və onlara protokol tərtib edir. Bununla bağlı kifayət qədər yüksək cərimə nəzərdə tutulub. Bu isə yolların aşınmasının qarşısını almağa böyük kömək göstərəcək".

Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrlərini aşan nəqliyyat vasitələri foto və video qeydiyyat vasitələri ilə aşkar edilərək, mərkəzi informasiya sisteminə məlumat ötürülür. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələr 200 manatdan 7000 manata qədər nəzərdə tutulub.

Oxşar xəbərlər

Pensiya artımları hansı aydan ödəniləcək?

Pensiya artımları hansı aydan ödəniləcək?

Pensiya artımları gələn aydan ödənilməyə başlanılacaq. Həm minimum pensiya məbləğində, həm də əmək pensiyalarında artımlar nəzərdə tutulur. Amma bu artımlar məh...

428 Sosial 23:59 09 yanvar 2025

Son xəbərlər