Soyuq aylarda ürək-damar xəstəliklərinin kəskinləşməsi və ürək tutmaları iki dəfə artır
Soyuq və şaxtalı havalar ürək-damar xəstəlikləri olan pasiyentlər üçün əlverişsiz və təhlükəli sayılır.
Ürək çatışmazlığı, xroniki koronar sindromu, anadangəlmə və ya qazanılma ürək qüsurları olanlar, ağır ürək əməliyyatı və ya AKŞ (aorta koronar şuntlama) keçirənlər, yaxın zamanda miokard infarktı keçirənlər, müxtəlif ritm pozuntusu və ya paroksizmal aritmiya tutmalarından əziyyət çəkənlər risk qrupuna daxildirlər.
Soyuq aylarda həmin xəstələrin xəstəliklərinin kəskinləşməsi halı və ürək tutmaları iki dəfə artır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri invaziv kardioloq Samir Mustafayev soyuq havalarda ürək-damar xəstəliklərinin kəskinləşməsi barədə danışarkən deyib.
Həkim-mütəxəssis qeyd edib ki, soyuq hava siqaret istifadəçilərinin də ürək-damar xəstəlikləri riskini artırır:
“Ümumiyyətlə bu zərərli vərdişi tərgitmək və ya sayını önəmli dərəcədə azaltmaq tövsiyə edilir. Həmçinin xroniki ürək xəstəliyi olanlar soyuq havalarda, açıq məkanlarda idman və ya hər hansı bir fiziki aktivlikdən çəkinməli, çölə çıxdıqda isti geyinməli, sinə və başı isti saxlamalı, kütləvi toplaşma olan yerlərdə tibbi maskadan istifadə etməlidirlər.
Onu da qeyd edim ki, bir invaziv kardioloq kimi pasiyentlər mənə daha çox ürəyin işemik xəstəlikləri, ürək çatışmazlığı, aritmiya və arterial təzyiqin yüksəlməsi kimi şikayətlərlə müraciət edirlər”.
S.Mustafayev, həmçinin ürək-damar xəstəliklərinin müalicəsində düzgün qidalanmanın və idmanın əhəmiyyətindən də danışıb.
Qeyd edib ki, sağlam qidalanma ürək funksiyalarının düzgün işləməsində çox vacib rol oynayır:
“Ürək üçün faydalı olan dərmanlarla yanaşı, məşq və pəhriz də sağlamlıq üçün vacib hesab edilir. Həftə ərzində minimum 150 dəqiqə sürətli tempdə gəzmək ürək üçün olduqca faydalıdır. Ümumiyyətlə idmanla məşğul olmaq və bunu həyat tərzinə çevirmək lazımdır.
Ürək-damar xəstələri əsasən tərəvəz və meyvələrə üstünlük verməli, qırmızı ət istehlakını mümkün qədər azaltmalıdırlar.
Həmçinin duzun təzyiqi qaldırdığını nəzərə alaraq, qidalanmada duzun miqdarını azaltmaq lazımdır. Çox duz istifadəsi ürək çatışmazlığı, infarkt, insult və qəfil ölümə səbəb ola bilər. Duzdan nə qədər az istifadə etsəniz, ürəyiniz bir o qədər sağlam işləyəcək.
Digər vacib məqam yağsız yeməklərdir. Risk qrupuna daxil olanlar əsasən qızartma yeməklərdən uzaq durmağa çalışmalıdırlar, çünki yağlı yeməklər damar divarlarında yağ lövhələrinin meydana gəlməsinə səbəb olur ki, bu da gələcəkdə infarkt və insultun yaranma riskini artırır.
Qırmızı ət və ya digər qidalardan istifadə zamanı, onları qızartmaq əvəzinə qaynadaraq və ya sobada bişirərək yemək daha faydalıdır”.
Oxşar xəbərlər
Azərbaycanlı androloq: "Qadın oral sekslə məşğul olarsa tüpürcəyindən kişiyə virus keçir"
Ekspertlərin hesablamalarına görə, yer kürəsinin hər 6 sakinindən biri nə zamansa cinsi yolla ötürülən hər hansı bir xəstəliyə yoluxub. BAKU.WS xəbər verir k,...