Vaşinqton sammiti xarici mediada

Vaşinqton sammiti xarici mediada
Foto
Siyasət 32

Bir neçə gündür ki, Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı avqustun 8-də təşkil olunan Vaşinqton görüşü dünyanın bir çox ölkələrinin media gündəmini zəbt edib və "Azərbaycan" ad olaraq trendlərdən düşmür. Ümumiyyətlə, Vaşinqton görüşündəki müzakirələr, siyasi-iqtisadi anlaşmalar və ABŞ-nin Cənubi Qafqazda artan maraqları haqqında Qərb mediası nə deyir?

Ağ Evin, AP, Reuters agentliklərinin, ABŞ-nin FOX kanalının və bir çox informasiya kanallarının canlı yayımladığı, The Guardian qəzetinin, Euronews, BBC, CNBC, NBC kanallarının geniş yer verdiyi məsələyə telekanalında az yer ayıran CNN saytında "Tramp şəxsi brendinq və daha çox Nobel Sülh Mükafatı danışığı ilə birlikdə Ermənistan-Azərbaycan anlaşmasını bağlayır" adlı yazıyla toxunub. Razılaşmanın iki ölkə arasında uzun müddət davam edən gərginliyi yatırtmaq, eyni zamanda regionu daha böyük iqtisadi inkişaf üçün açmaq, o cümlədən ABŞ-yə Ermənistan ərazisindən yeni nəqliyyat marşrutu açmaq üçün uzunmüddətli, eksklüziv hüquqlar vermək məqsədi daşıdığı vurğulanıb. Daha sonra vəzifədə olduğu ilk altı ayda özünü qlobal sülhməramlı kimi qələmə verməyə çalışan Trampın Nobel Sülh Mükafatını qazanmağa yaxın olması, bir çox xarici liderlərin Trampın rəğbətini qazanması üçün onun namizədliyini irəli sürmələri, Minsk qrupunun ləğvi, TRIPP dəhlizi, gələn həftədən tranzit dəhlizində hansı ABŞ qurumlarının işləyəcəyini müəyyənləşdirmək üçün rəsmi danışıqlara başlanacağı və Rusiya-Ukrayna münaqişəsi barədə fikirlər yayılıb (https://www.cnn.com/2025/08/08/politics/strategic-armenia-azerbaijan-corridor-named-after-trump).

Associated Press agentliyinin müəllifləri əsasən Ağ evdən xəbərlər yayımladığı "Ermənistan və Azərbaycan liderləri Ağ Evdə keçirilən sülh sammitində əl sıxaraq saziş imzalayıblar" adlı araşdırmasına görə, administrasiyanın yüksək rütbəli rəsmisi tədbirdən əvvəl jurnalistlərə zəng edərək deyib ki, dəhlizə Tramp adının verilməsini təklif edən ermənilərdir. Həmçinin jurnalistlərə anonimlik şərti ilə məlumat verən yüksək səviyyəli administrasiya rəsmisinin sözlərinə görə, Tramp Marşrutunu kimin inkişaf etdirəcəyi ilə bağlı danışıqlar, yəni bir dəmir yolu xətti, neft və qaz kəmərləri və fiber optik xətlərin müzakirəsi gələn həftə başlayacaq və ən azı doqquz şirkət artıq maraqlandığını bildirib. Yazıda Ermənistanın və Azərbaycanın bəlli bəhanələrlə ardıcıllıqla Moskvadan imtina etmələri də vurğulanıb (https://apnews.com/article/donald-trump-white-house-armenia-azerbaijan-069379e9c4a058c96af38afbf4684829).

Al Jazeera hər gün efirdə olan məşhur "Inside Story" proqramında Azərbaycanla Ermənistan arasında sülh sazişinin nəticəsinin necə olacağını müzakirə edib. Bakıdan BMTM-nin departament müdiri Vasif Hüseynov, Londondan Henry Jackson Society Cəmiyyətinin araşdırıcısı Cəmilə Məmmədova və İrəvandan siyasi təhlilçi Vahram Ter-Matevosyanın qonaq olduğu studiyada Abu-Dabi görüşünün uğursuzluğu, sülh razılaşmasının onillərlə davam edən konfliktə son qoyması, Trampın artıq TRIPP (Sülh və Rifah üçün Tramp yolu) adlandırdığı Zəngəzur dəhlizi və onun biznes maraqları, İranın sərhəddindəki bu tranzit koridoruna mane olması, onu Ermənistan suverenliyini sarsıdacaq "siyasi xəyanət" adlandırması, Rusiyanın bu razılşamanı xarici təhdid kimi qiymətləndirməsi və şübhəli yanaşması, ABŞ-nin Azərbaycana qarşı olan hərbi əməkdaşlıq limitlərini aradan qaldıracağı, dəhlizin Azərbaycanla onun anklavı olan Naxçıvan arasında əlaqəsinin bərpası haqqında danışılıb (https://www.aljazeera.com/video/inside-story/2025/8/10/whats-the-fallout-from-a-peace-deal-between-azerbaijan-and-armenia).

Konfliktlə bağlı məsələləri hər zaman geniş işıqlandıran Almaniyanın Deutsche Welle (Alman dalğası) orqanı elə ilk günlərdən, yəni Trampın Truth social səhifəsindəki paylaşımından başlayaraq mərhələli şəkildə göstərib. Kanalın Xəbərlər proqramında "Tramp uzun müddət düşmən olan Ermənistan və Azərbaycan arasında sülh sazişini imzalayıb" başlığı altında bildirilib: "Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə qırx ilə yaxın davam edən hərbi əməliyyatlara son qoymaq məqsədi daşıyan sülh sazişi imzalayıb. ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi qəbul edib. Sülh sazişi münaqişənin həlli üçün uzun sürən prosesin bir hissəsi kimi Cənubi Qafqaz regionunda əsas nəqliyyat marşrutlarını yenidən açır".

"Ermənistan və Azərbaycan ABŞ-nin vasitəçiliyi ilə tarixi sülh sazişi imzalayıblar" başlıqlı ən son xəbər reportajında Bakıdan və İrəvandan alınan sorğularda optimist və skeptik yanaşmalar, Türkiyə Ermənistan sərhəddinin açılmasının müsbət nəticələri, Türkiyənin Xəzər dənizinə çıxışı və ümumən Orta Asiyanın və Çinin bu məsələdə uduşlu olması, Rusiyanın isə 2022-ci ildən bu regionu itirməsindən, Ermənistanın Rusiyadan enerji asılılığının olmayacağından, Ermənistanda reallaşa biləcək referendum və Konstitusiya dəyişikliklərindən, eyni zamanda bu dəhlizin Ermənistanın yurisdiksiyası altında olmasından, Avropa İqtisadi Birliyinin perspektivlərindən və bir sıra Amerikan şirkətlərinin buradakı iqtisadi maraqlarından danışılıb (

).

BBC kanalı verilişlərində məsələyə geniş yer ayırmasa da, saytında "Azərbaycan və Ermənistan Trampla Ağ Ev sammitində sülh əhdi imzalayıblar" başlığı altında cümə günündə Ermənistan və Azərbaycanın bütün döyüşləri "əbədi" dayandırmağa, həmçinin səyahət, işgüzar və diplomatik əlaqələri açmağa söz verdikləri, sazişin bir hissəsi kimi Tramp dəhlizi ilə bağlı ABŞ-nin dəstəyi, hər iki liderin Trampı tərifləməsi, enerji və texnologiya sövdələşmələri, Rusiya prezidenti Putinin İkinci Qarabağ müharibəsindən sonra ilkin razılaşmaya göstərdiyi dəstək, amma Moskvanın öz maraqlarını üstün tutduğu üçün indi böyük ölçüdə kənarda qalması vurğulanıb.

Eyni zamanda müəlliflərindən birinin erməni əsilli jurnalist olan BBC-nin yazısında qeyd edilib ki, keçmişdə Əliyev Ermənistandan ölkəsinə Naxçıvana dəmir yolu dəhlizinin verilməsini tələb edib, hətta Azərbaycan lideri əvvəllər dəhlizi güc yolu ilə ələ keçirməklə hədələyib. Buna görə də əvvəlki sülh danışıqları dayanıb və dalana dirənib (https://www.bbc.com/news/articles/c39dzl1lzrgo).

The Guardian qəzeti də Vaşinqton danışıqlarını geniş işıqlandırıb. Ermənilərin Qarabağda uzun zaman çoxluq təşkil etdiyini, yüz minlərlə erməninin oradan qaçdığını söyləyən qəzet xəbərlərində əsasən xoronoloji ardıcıllığa riayət edib, ABŞ-nin tranzit dəhlizinin tikintisi üçün pul ödəməsini deyil, bunun əvəzinə özəl korporasiyaların onunla məşğul olacağını bildirib (https://www.theguardian.com/world/2025/aug/08/armenia-azerbaijan-peace-deal-trump-summit-claim). Qeyd edək ki, bu qəbildən olan materiallar Frans Press və AP agentlikləri ilə birgə hazırlanıb.

Euronews xəbər kanalı Ermənistan-Azərbaycan konfliktinə hər zaman ayırdığı böyük diqqəti həm kanalında, həm də saytında müxtəlif dillərdə Vaşinqton görüşünə də ayırıb. Hələ bir ay əvvəlki reportajında Abu-Dabi görüşünü işıqlandıran media subyekti Vaşinqton görüşünü "Tarixi sülh sammiti" adlandırıb. Burada sözügedən danışıqlara dünya birliyinin və Bakı, İrəvan sakinlərinin reaksiyasını araşdırıb, belə ki, AB-nin, BMT-nin, Gürcüstanın məsələyə müsbət yanaşmalarını, Rusiyanın isə çözüm zamanı kənarda qalmaq istəməməsini söyləyib. Həmçinin İrəvan rezidentlərinin məsələyə neqativ, Bakı sakinlərinin isə isti yanaşmalarının sərgiləndiyi göstərilib. "Donald Tramp Ermənistan və Azərbaycan arasında tarixi sülh sammitinə ev sahibliyi edir" başlıqlı reportajında da Moskvadan uzaqda gerçəkləşən sülh danışıqlarının əsas nüanslarını əks etdirib (" target="_blank" rel="noopener">

).

Fransanın France 24 kanalı analitik Aleks Melikişvilinin şərhi ilə "Ermənistan, Azərbaycan: Liderlər onilliklər davam edən münaqişədən sonra tarixi saziş imzalayıblar" başlığı altında ABŞ prezidenti Donald Trampın Ağ Evdə çağırdığı sülh sammitində çoxdankı düşmənlər olan Ermənistan və Azərbaycan arasında imzalanan tarixi razılaşma haqqında danışılıb. Təhlilçi vasitəsilə burada Ermənistan Konstitusiyasının dəyişdirilməsindən, Paşinyan əleyhinə olan güclərdən, Bakıda həbsdə olan erməni kriminallarla bağlı fərqli yanaşmalardan da danışılıb (

).

Dünyanın transmilli media orqanlarından olan The New York Times və The Washington Post qəzetləri Vaşinqton zirvəsini geniş işıqlandırıblar. The Washington Postun "Tramp Rusiyanı geridə qoyaraq Ermənistan-Azərbaycan sülh çərçivəsinə rəhbərlik edir" adlı məqaləsində bu tarixi görüşün Kremldə deyil, Ağ Evdə baş tutması 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonra Rusiyanın postsovet məkanı üzərində nüfuzunun kəskin şəkildə zəiflədiyini görən V.Putinə qarşı nəzərəçarpacaq dərəcədə qınaq olması, hələ də Rusiyanın fövqəldövlət statusunu bərpa etməyə can atan Putin üçün daha bir təhqir olaraq, ABŞ ordusunun bölgədə sülhün qorunmasında rol oynamasını tələb etməsi bildirilib.

Yazıda qərəzli şəkildə Rusiya ilə Ermənistanın və Azərbaycanın münasibətlərinin pozulması fonunda Ermənistan-Azərbaycan konfliktinin tarixi birtərəfli işıqlandırılıb, ermənilərin etnik təmizlənməyə məruz qaldıqları vurğulanıb, hətta qondarma erməni soyqırımı məsələsi yada salınıb. Daha sonra D.Trampın sülh səyləri, bir sıra iqtisadi üstünlüklər haqqında danışılıb, qeyd edilib ki, ABŞ Cənubi Qafqazda öz təsirini gücləndirərkən, Mərkəzi Asiyadakı dövlətlər Rusiyadan üz döndərib, Çin, Türkiyə və digər tərəfdaşlara üz tutublar (https://www.washingtonpost.com/politics/2025/08/08/azerbaijan-armenia-nagorno-karabakh-trump/). Eyni qəbildən olan yazı "Ermənistan və Azərbaycan liderləri Ağ Evdə sülh əhdi imzalayıblar" başlığı ilə The NewYork Times qəzetində də yayımlanıb: "Ermənistan ABŞ-a öz ərazisindən keçən tranzit dəhlizinin inkişafı üçün eksklüziv hüquqlar verəcək və bu dəhliz Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu adlandırılacaq" (https://www.nytimes.com/2025/08/08/us/politics/trump-armenia-azerbaijan-peace-deal.html).

İkinci Qarabağ müharibəsi zamanı çoxlu sayda materiallar yayımlayan Reuters agentliyi bu dəfə də aktiv olub. Agentlik hələ avqustun 6-da yayımlanan "İzahat: Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının vəziyyəti necədir?" adlı məqalədə konfliktin tarixinə ekskurs edərək, müəyyən qədər obyektiv yanaşmalar sərgiləyib. Reutersin İranın narahatlığından danışan "İran Azərbaycan-Ermənistan sülh sazişində nəzərdə tutulan Trampın planlaşdırılan dəhlizini hədələyir" yazısında qeyd edilib ki, təhlilçilərin və insayderlərin fikrincə, mübahisəli nüvə proqramı və iyunda İsraillə 12 günlük müharibənin nəticələri ilə bağlı ABŞ-nin artan təzyiqi altında olan İran dəhlizin qarşısını almaq üçün hərbi gücə malik deyil. Digər dövlətlərin sözügedən sazişə olan müsbət yanaşmaları və səfir Elin Süleymanovun "Düşmənçilik fəsli bağlanıb və indi biz davamlı sülhə doğru irəliləyirik", Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə baş analitiki Coşua Kuceranın "Tramp ümid etdiyi qələbəni asan əldə edə bilməyib, çünki razılaşmalar bir çox sualları cavabsız qoyub" kimi fikirləri də burada yer alıb. Əsas məsələ yaxın zaman ərzində gömrük yoxlamaları və təhlükəsizliklə bağlı planların həyata keçirilməsidir (https://www.reuters.com/world/middle-east/iran-threatens-planned-trump-corridor-envisaged-by-azerbaijan-armenia-peace-deal-2025-08-09/).

Daha sonra Steve Hollandın "ABŞ Ermənistan-Azərbaycan sülh sazişində strateji tranzit dəhlizini təmin edir" adlı araşdırmasında adının açıqlanmasını istəməyən ABŞ rəsmilərinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Trampla danışıqlar və imzalanma mərasimi üçün Ağ Evdə iştirak edəcəkləri bildirilib (https://www.reuters.com/world/us-secures-strategic-transit-corridor-armenia-azerbaijan-peace-deal-2025-08-07/). İki gün öncə yayımlanan ən son məqalə Azərbaycan və Ermənistan ABŞ-nin vasitəçiliyi ilə imzalanmış sülh sazişinin mətni ilə bağlı olub. Burada yenidən Vaşinqton görüşünün tarixi hadisə olması, Cənubi Qafqaz ölkələrinin 40 ilə yaxın müddət ərzində münaqişədə olmaları, müqavilənin hələ rəsmi olaraq imzalanmaması, Azərbaycanın Ermənistandan Konstitusiya dəyişikliyi tələb etməsi, potensial sövdələşmənin enerji ilə zəngin regionu dəyişdirəcəyi barədə məsələlər açıqlanıb (https://www.reuters.com/world/azerbaijan-armenia-publish-text-us-brokered-peace-deal-2025-08-11/).

Ümumən, Qərb mediasında Azərbaycan-Ermənistan və Cənubi Qafqaz mövzusu hər zaman gündəmdədir və bu istiqamətdə olan təhlillər davam etməkdədir.

Report İnformasiya Agentliyi

Son xəbərlər