Yeni ili Azərbayanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Xüsusilə, istirahət mərkəzlərində Yeni il şənliklərinin keçirilməsi sadə vətəndaşın marağını cəlb edir. Məhz buna görə BAKU.WS Azərbaycanda Yeni il qeyd etmək istəyənlər üçün otellərdəki qiymətlərlə maraqlanıb. Kiçik bir araşdırmadan sonra ortaya maraqlı rəqəmlər çıxıb.
 
Yeni ildə müştərilərini gözləyən "Rixos Quba Azerbaijan"da qiymətlər kifayət qədər bahadır. Burada yaxınları ilə istirahət etmək istəyənlər sərvət dəyərində pul xərcləməlidir. Belə ki, otelin 6 nəfərlik kotejin dekabrın 31-dən yanvar ayının 2-ə kimi qalmaq nə az, nə çox düz 5589 manatdır. 8 nəfərlik kotej isə 6649 AZN-ə təklif edilir. Bundan başqa, Yeni il gecesi şou proqrama qatılmaq üçün əlavə olaraq hər adam başına 200 manat ödəmək lazımdır. Oteldə 2 nəfərlik göl mənzərəli otaq 1 gün üçün 899 AZN, dağ mənzərəli otaq isə 859 manatdır.
 
 
"Qəbələ Qafqaz Resort" otel də Yeni ildə vətəndaşların üz tutduğu istirahət mərkəzlərindən biridir. Burada qiymət "Quba Rixos Otel"ə nisbətən ucuzdur. Belə ki, uşaqlı junior otaqların bir gecəsi 180 manatdır. İki gün otağı sifariş versəniz 360 manatınızdan keçməlisiniz. Oteldə Yeni il şənliyinə qatılmaq üçün əlavə olaraq 120 AZN ödəniş edilməlidir. 
 
Balakəndə yerləşən "Qubek Hotel"də isə Yeni ilini keçirənlərə 4 gecə 5 günlük paket təklif olunur. Paketin bir nəfər üçün qiyməti 199 manatdır. Gündə 3 dəfə yemək və Yeni il şənliyi də bu qiymətlərə daxildir.
 
"Şəki Palace"da Yeni il şənliyi ilə bağlı proqram olmasa da dekabrın 31-də burada istirahət etmək mümkündür. Otaqların standart qiymətləri 2 nəfərlik 90 AZN-dir.
 
"Quba Bərpa SPA Mərkəzi"ndə Yeni il şənliyi adambaşına 100 manatdır. Mərkəzdə qalmaq istəyənlər 80 manat ödəniş etməlidir. VİP otaqlarda qalmaq istəyənlər isə 160 manatından keçməlidir.
 
"Şamaxı Rixos Palace"da da Yeni il şənliyi keçiriləcək. Biletlər böyüklər üçün 180, uşaqlar üçün 50 manatdır. Biletə spirtsiz içkilər, qala gecəsi menyusuz daxildir. gecələmək şərti ilə 2 gecə üçün qiymət 368 manat olacaq. Qiymətə oteldə 3 dəfə yemək də daxildir.
 
"Pik Palace"da Yeni il şənliyi 370 manat, 1 günlük gecələmək adambaşına 300 manatdan başlayır. Yeni il şənliyinə konsert, isveç stolu, yeməklər və içkilər daxildir. Oteldə bütün yerlər dolu olduğu üçün artıq sifarişlər dayanıb.   
 
"Kür Hotel"də Yeni il üçün xüsusi olaraq bir proqram olmasa da müştərilər üçün 20%-lik endirim kampaniyası ediləcək. 2 nəfərlik otağın qiyməti 70 manatdır.
 
"Ağ Saray Hotel"də Yeni il paketləri müxtəlidir. Bu oteldə iki gün bir gecəlik qonaqlamağın qiyməti iki nəfər üçün 220 manatdır. 1-6 yaş uşaqlar üçün xidmətlər pulsuzdur. 6-12 yaş uşaqlar üçün isə 50% endirim tətbiq edilir. Qiymətə oteldə gündə 3 dəfə yemək, qala gecəsi, qapalı hovuz, SPA mərkəzi, canlı musiqi, isveç stolu və digər xidmətlər daxildir.
 
Şahin Həbibov
BAKU.WS