Şadlıq evlərində kütləvi zəhərlənmə TƏHLÜKƏSİ - Ekspektdən XƏBƏRDARLIQ

Şadlıq evlərində kütləvi zəhərlənmə TƏHLÜKƏSİ - Ekspektdən XƏBƏRDARLIQ
Açıqlama
Sosial 5

"Şadlıq evləri kütləvi qidalanma obyektləri olduğu üçün qida təhlükəsizliyi baxımından yüksək riskli məkanlar kimi qiymətləndirilməlidir. Bu baxımdan həmin obyektlərdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq və yoxlamaların daha da gücləndirilməsinə ehtiyac var".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, yoxlamalar zamanı ilk növbədə şadlıq evlərinin menyularında göstərilən və qonaqlara təqdim olunan qida məhsullarının keyfiyyəti, təzəliyi və mənşəyi araşdırılmalıdır:

"Xüsusilə ət, toyuq, süd və süd məhsullarının haradan gətirilməsi, hansı şəraitdə saxlanılması və hazırlanması insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.

Digər vacib məsələ qidaların hazırlanması və saxlanılması zamanı temperatur rejiminə əməl olunmasıdır. Mətbəxdə çiy və hazır məhsulların bir-birindən ayrılması, istifadə olunan suyun keyfiyyəti, ərzaq məhsullarının saxlanma şəraiti, həmçinin hazır yeməklərin masaya təqdim edildikdən sonra nə qədər müddət ərzində istehlaka yararlı qalması nəzarətdə saxlanılmalıdır.

Uzun müddət açıq şəkildə masa üzərində qalan salatlar və digər tez xarab olan qidalar ciddi risk yarada bilər. Qidanın saatlarla uyğun temperatur rejimi olmadan saxlanılması onun keyfiyyət göstəricilərinin dəyişməsinə və müəyyən hallarda insan sağlamlığı üçün təhlükə yaratmasına səbəb ola bilər. Buna görə də belə məhsulların hazırlanmasından tutmuş qonaqların qarşısına təqdim edilməsinə qədər bütün mərhələlər nəzarətdə olmalıdır".

AQC sdəri əlavə edib ki, şadlıq evlərində çalışan personalın tibbi müayinədən keçirilməsi, gigiyenik qaydalarla bağlı mütəmadi təlimlərə cəlb edilməsi və işçilərin peşəkarlıq səviyyəsinin artırılması da vacib şərtlərdəndir:

"Qida təhlükəsizliyi yalnız məhsulun keyfiyyəti ilə deyil, onun hazırlanmasında iştirak edən insanların gigiyenası və peşə hazırlığı ilə də birbaşa bağlıdır.

Təəssüf ki, bütün şadlıq evlərində bu qaydalara eyni səviyyədə əməl olunduğunu söyləmək çətindir. Obyektin yerləşdiyi ərazi, menyunun qiyməti və ya xidmət səviyyəsindən asılı olmayaraq, qida təhlükəsizliyi ilə bağlı tələblər bütün müəssisələr üçün eyni olmalıdır.

Burada əsas risk ondan ibarətdir ki, şadlıq evləri adi restoran və ya kafelərdən fərqli olaraq eyni vaxtda yüzlərlə insanı qəbul edə bilər. Belə obyektlərdə qida təhlükəsizliyi qaydalarının pozulması kütləvi qida zəhərlənməsi ilə nəticələnə bilər. Üstəlik, bəzi hallarda keyfiyyətsiz və ya düzgün saxlanılmayan qidaların təsiri dərhal deyil, müəyyən müddət sonra özünü göstərə bilər.

Bu baxımdan şadlıq evlərində mənşəyi bəlli olmayan, istifadə müddəti keçmiş və ya saxlanma qaydalarına uyğun olmayan məhsulların istifadəsinə yol verilməməlidir. Məhsulların tədarükündən, hazırlanmasından və saxlanılmasından tutmuş masaya təqdim edilməsinə və orada qalma müddətinə qədər bütün mərhələlər üzrə nəzarət mexanizmləri təkmilləşdirilməlidir".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər