Bakıda 26790 manata "İphone"
Bir "İphone" sizə 26790 manata başa gəlir.
BAKU.WS Virtualaz.org-a istinadən məlumat verir ki, şəhərin bir çox supermarketlərində, ərzaq məhsulları satılan mağazalarında müxtəlif endirim kampaniyaları, bonus toplamaqla hədiyyə qazandıran kampaniyalar keçirilir, bu da yeni hadisə deyil.
Səbəb sadədir: daha çox müştəri cəlb etmək və daha çox məhsul satmaq. Amma bu kampaniyalarda toplanması tələb olunan bonuslara bir az diqqət yetirəndə görürsən ki, hədiyyə adı ilə verilən adi məişət əşyaları istehlakçıya, əslində, fantastik qiymətlərə başa gəlir.
Məsələn, marketlərin birində reklam olunan hədiyyə kampaniyasında noutbuk, planşet, məişət və ya zinət əşyaları və s. bu kimi müxtəlif uduşlar var. Hər birinin də ayrılıqda bonus miqdarı yazılıb.
Ən çox bonusu isə "iPhone 6" üçün toplamaq lazımdır - 13 min 395 bonus.
Bura qədər qeyri-adi heç nə yoxdur. Kənarda hər bonusun manat dəyəri də qeyd olunub. 1 bonus=2 manat. 13 395 bonus x 2 manat = 26790 manat.
Yəni "iPhone" udmaq eşqilə başqa yerdən yox, mütəmadi olaraq məhz bu mağazadan alış-veriş edən adam 26790 manat xərcləməlidir ki, qiyməti təxminən 1000-1100 manat arasında dəyişən "iPhone 6" qazansın.
Qeyd etdiyimiz kimi, bu qəbildən hədiyyə kampaniyaları şəhərdəki mağaza və supermarketlərin əksəriyyətində keçirilir.
Başqa bir mağazadakı bonus şərtləri daha ağırdır. Bonus kartı olan müştəri 21 gün ərzində mağazadan alış-veriş etməyəcəyi təqdirdə kartdakı olan-qalan bonuslar da silinir və kampaniya müddətində yığılan bonuslar hər 6 aydan bir yenilənir. Yəni müştəri lazım oldu-olmadı mütəmadi olaraq mağazadan nəsə almağa məcburdur.
Bonusların manat dəyərinə gəlincə isə bu mağazada 1 bonus 10 AZN-dir. Hədiyyələr isə məişət texnikasıdır və ən çox bonusu soyuducu üçün toplamaq lazımdır - 4500 bonus. Yəni bu kampaniya vasitəsilə soyuducu əldə etmək istəyən adam 45 min manat pul xərcləməlidir.
Bu vəziyyəti şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov isə deyir ki, bu sahə qanunvericiliklə tənzimlənmədiyindən belə hallar yaranır: "Təkcə bonus kampaniyaları deyil, supermarketlərdəki xüsusi kartlar da var. Orada alış-verişin müəyyən faizi toplanır. Amma sonda məlum olur ki, müştəri xeyli pul xərcləməlidir ki, 10 manat bonus toplansın. Bonusun və onun hesablanması qaydaları ilə bağlı müştəriyə məlumat verilsə də, əksər hallarda belə kampaniyalar müştərilərin həmin mağazanı seçməsinə səbəb olur.
Qanunvericilikdə bonuslarla, belə kampaniyalarla bağlı konkret müddəalar yoxdur, yəni bu məsələ qanunla tənzimlənmir. Ona görə də bonusun şərtləri birmənalı qaydada bonusu təklif edən mağaza tərəfindən müəyyənləşdirilir".
Ekspertin fikrincə, qanunvericiliyə dəyişiklik edib ora bonuslarla bağlı şərtlər daxil etmək olar: "Nəzərə alaq ki, Azərbaycanda müxtəlif uduşların, lotereyaların keçirilməsi ilə bağlı ayrıca qanunvericilik var, orada əldə edilən vəsaitlə uduş məbləği arasında xüsusi limit var. Bu zaman artıq uduş məbləği üçün minimum hədd müəyyənləşdirilib. Bu amil nəzərə alınmalıdır. Biz isə təklif edirik ki, qanunvericiliyə dəyişiklik edilsin və bu cür bonus kampaniyaları keçirən şirkətlər üçün minimum hədlər müəyyən edilsin. Məsələn, əgər mağazalarda bonus xidməti varsa, alınan mala görə bonus müəyyənləşdirilirsə, bu zaman onunla bağlı minimum bonus faiz müəyən olunmalıdır. Qanunvericiliyə dəyişikliklərin edilməli, bonuslarla bağlı minimumlar müəyyən olunmalıdır. Müştərilərin hüquqlarının pozulmasının qarşısı yalnız bu yolla alına bilər".
BAKU.WS
Oxşar xəbərlər
Yaxşı pul qazanmaq istəyirsinizsə ...
BAKU.WS bu günün ulduz falını təqdim edir: Qoç - Günün birinci yarısı aldığınız xoşagəlməz xəbər sizi çaşdıracaq və səhv qərar qəbul etməyinizə səbəb olacaq....