13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Müdafiə Nazirliyi ordumuzun 7 şəhid verməsinə dair söz-söhbətə reaksiya verdi.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, fevralın 10-da düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir. Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verib və səbr diləyib.

Aldığımız məlumata görə, baş leytenant rütbəli R.Quliyev Türkiyədə təhsil alan peşəkar zabitlərimizdən olub. Ancaq onun hansı şəraitdə şəhid olması dəqiq açıqlanmır. 

Qeyd edək ki, bu, ordumuzun son on gündə üçüncü itkisidir. Yanvarın 30-da Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı nəticəsində 1996-cı il təvəllüdlü Nahid Fikrət oğlu Səfərov Tovuz rayonu istiqamətində şəhid olmuşdu. Qeyd edək ki, N. Səfərov 2014-cü ilin oktyabr ayında Lənkəran RHK-dan orduya çağırılmışdı və tərxis olunmağına cəmi 2 ay qalmışdı. Fevralın 3-də isə Yevlax RHK-dan hərbi xidmətə çağrılmış əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid oldu. 

Adının çəkilməsini istəməyən məlumatlı mənbəmizin dediyinə görə, son vaxtlar cəbhədə vəziyyət xeyli gərginləşib və komandanlıq gücləndirilmiş hərbi rejimə keçməklə bağlı qərar verib. Bu səbəbdən düşmənin təxribat-diversiya əməllərinin qarşısını almaq üçün ön xəttə əlavə qüvvələr yerləşdirilib. Gədəbəy, Tovuz, Qazax istiqamətində vəziyyətin daha kritik olduğu da deyilir. İddialardan biri budur ki, son günlər ərzində itkilərimizin sayı əslində çoxdur. Hətta 7 şəhid verdiymiz barədə də xəbərlər yayılıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə əməkdaşımıza açıqlamasında bildirdi ki, bu kimi xəbərlərin heç bir əsası yoxdur: "Şəhid olan yeganə hərbçimiz barədə rəsmi xəbər yaymışıq. Necə ola bilər ki, 7 şəhid verək, amma Müdafiə Nazirliyində bununla bağlı xəbər olmasın, yaxud biz məlumat yaymayaq? Bu, mümkün deyil”.

BAKU.WS