Bakı avtobuslarında sərnişin bumu

Bakı avtobuslarında sərnişin bumu
Foto
Sosial 57

Bakıda avtobuslarla sərnişindaşımanın rekord həddə çatması paytaxtın ictimai nəqliyyat sistemində baş verən dəyişiklikləri yenidən gündəmə gətirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, 2026-cı ilin oktyabrında müntəzəm marşrut avtobusları ilə 53 milyon 921 min 482 sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 faizdən çox artım deməkdir. Cari ilin ilk doqquz ayında isə avtobuslardan 386 milyon 227 min 196 sərnişin istifadə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur. Bəs sərnişin sayındakı kəskin artımın səbəbi nədir? Son illərdə ictimai nəqliyyatda aparılan islahatlar, yoxsa metroda yaranmış hərəkət məhdudiyyətləri?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bakı avtobuslarında sərnişin bumu

"Artım xidmət keyfiyyətinin göstəricisi deyil"

Nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, sərnişindaşımanın artımını yalnız metroda yaranan hərəkət məhdudiyyətləri və ya həyata keçirilən nəqliyyat islahatları ilə əlaqələndirmək düzgün olmaz. Burada bir neçə amil eyni vaxtda təsir göstərə bilər: "Son illərdə Bakıda avtobus parkının yenilənməsi, yeni nəqliyyat vasitələrinin istismara verilməsi, marşrut xətlərinin optimallaşdırılması, avtobus zolaqlarının yaradılması və nağdsız ödəniş sisteminin genişləndirilməsi ictimai nəqliyyatın imkanlarını artırıb. Bununla yanaşı, metroda hərəkətin məhdudlaşdırıldığı istiqamətlərdə sərnişinlərin alternativ nəqliyyat vasitəsi kimi avtobuslara üz tutması da sərnişin axınına təsir göstərə bilər. Diqqətçəkən məqam odur ki, 2026-cı ilin ilk doqquz ayında avtobuslarla sərnişindaşıma ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artdığı halda, oktyabrda bu göstərici 15 faizi ötüb. Artım tempindəki fərq əlavə amillərin də təsir göstərdiyini ehtimal etməyə əsas verir. Metroda yaranmış məhdudiyyətlərlə yanaşı, tədris ilinin başlaması, məktəb və universitetlərdə dərslərin davam etməsi, paytaxtda gündəlik hərəkətliliyin artması da ictimai nəqliyyata tələbatı yüksəldə bilər".

Bakı avtobuslarında sərnişin bumu

A.Nəbiyevin fikrincə, metrodan istifadə edə bilmədiyi üçün avtobusa üz tutan sərnişinlə xidmətin keyfiyyətini daha yüksək saydığı üçün avtobusu könüllü seçən sərnişin arasında fərq var: "Birinci halda sərnişin alternativ nəqliyyat vasitəsinə yönəlir, ikinci halda isə ictimai nəqliyyatın cəlbediciliyi artır. Buna görə də metroda yaranmış məhdudiyyətlər nəticəsində avtobuslardan istifadənin çoxalmasını avtomatik olaraq nəqliyyat islahatlarının uğuru kimi qiymətləndirmək doğru deyil. Bununla belə, son illərdə həyata keçirilən dəyişikliklər ictimai nəqliyyatın cəlbediciliyini artırmaq potensialına malikdir. Müasir avtobusların komfortu, kondisioner və isitmə sistemləri, texniki vəziyyəti, sərnişin tutumu və əlçatanlıq imkanları bu baxımdan mühüm rol oynayır. Lakin avtobusların sayının artması xidmət keyfiyyətinin avtomatik yüksəlməsi demək deyil".

Bakı avtobuslarında sərnişin bumu

"İctimai nəqliyyat şəxsi avtomobillərə alternativ olmalıdır"

Ekspert bildirdi ki, sərnişin artımının şəxsi avtomobillərdən istifadəyə təsiri ayrıca qiymətləndirilməlidir: "Avtobuslardan istifadə edənlərin sayının çoxalması yollardakı maşınların sayının azalması demək deyil. Əgər sərnişinlər əvvəllər metrodan istifadə edirdilərsə, onların avtobusa keçməsi avtomobil sıxlığına təsir göstərməyə bilər. Ancaq şəxsi maşınlardan imtina edərək ictimai nəqliyyata üstünlük verənlərin sayı artırsa, bu, tıxacların, parklanma tələbatının və yanacaq sərfiyyatının azalmasına kömək edə bilər. Bunun üçün avtobus sərnişinə şəxsi avtomobillə müqayisədə daha qısa səfər müddəti, rahatlıq və etibarlı hərəkət qrafiki kimi real üstünlüklər təqdim etməlidir".

Bakı avtobuslarında sərnişin bumu

A.Nəbiyev qeyd etdi ki, metroda hərəkət tam bərpa olunduqdan sonra avtobus marşrutlarında sərnişin axınının dəyişməsi mümkündür: "Xüsusilə metroya paralel fəaliyyət göstərən və məhdudiyyətlər dövründə əlavə sərnişin yükü qəbul edən marşrutlarda sərnişin sayının azalacağı istisna edilmir. Lakin bu, bütün avtobus şəbəkəsi üzrə sərnişindaşımanın azalacağı anlamına gəlmir. Metro və avtobus rəqib deyil, vahid ictimai nəqliyyat sisteminin bir-birini tamamlayan hissələridir".

Bakı avtobuslarında sərnişin bumu

"Yeni avtobuslar ictimai nəqliyyatın cəlbediciliyini artırır"

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə düşünür ki, vətəndaşların avtobuslara daha çox üstünlük verməsinin əsas səbəblərindən biri ictimai nəqliyyatda aparılan islahatlardır: "Hazırda Bakıda avtobusların sayı 2 400-ü ötüb. Demək olar ki, hər il 300-ə qədər yeni avtobus marşrut xətlərinə buraxılır. Köhnə nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi sərnişinlər üçün daha rahat və təhlükəsiz şərait yaradıb. Əvvəllər avtobuslarda komfort, isitmə və soyutma sistemləri ilə bağlı problemlər, eləcə də əlilliyi olan şəxslərin daşınmasında çətinliklər mövcud idi. Yeni avtobuslar isə daha əlverişli imkanlar təqdim etməklə yanaşı, ekoloji cəhətdən üstünlüklərə malikdir. Uşaqların, yaşlıların və əlilliyi olan şəxslərin daşınması üçün yaradılan şərait də xidmətin əlçatanlığını artırır".

Bakı avtobuslarında sərnişin bumu

Ekspertin sözlərinə görə, avtobus parkının genişlənməsi hərəkət intervallarının qısalmasına, sərnişinlərin dayanacaqlarda gözləmə müddətinin azalmasına imkan verir: "Avtobus zolaqlarının düzgün və maneəsiz fəaliyyəti isə ictimai nəqliyyatın daha sürətli hərəkətini təmin edərək, sərnişinlərə fərdi avtomobillə müqayisədə vaxta qənaət etmək imkanı yaradır. Bu amillər avtobusların cəlbediciliyini artırmaqla yanaşı, şəxsi maşından ictimai nəqliyyata keçidi də stimullaşdıra bilər. Belə bir keçid baş verərsə, yollardakı nəqliyyat sıxlığının, parklanma tələbatının və yanacaq sərfiyyatının azalmasına da müsbət təsir göstərər".

Bakı avtobuslarında sərnişin bumu

E.Cəfərov bildirdi ki, metro əvvəlki iş rejiminə qayıtdıqdan sonra məhdudiyyətlər səbəbindən avtobuslardan istifadə edənlərin bir hissəsi yenidən metroya yönələ bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər