Kainatda qeyri-adi qalaktika kəşf edildi - 99,98 faizi qara maddədən ibarətdir

Kainatda qeyri-adi qalaktika kəşf edildi - 99,98 faizi qara maddədən ibarətdir
Dünya 0

Astronomlar kainatda indiyədək diqqət çəkən ən qeyri-adi qalaktikalardan birini aşkar ediblər. CDG-2 adlandırılan qalaktikanın ümumi kütləsinin 99,94–99,98 faizinin qaranlıq maddədən ibarət olduğu müəyyən edilib.

BAKU.WS xəbər verir ki, Toronto Universitetinin alimləri tərəfindən aşkar edilən bu qalaktika Yerdən təxminən 300 milyon işıq ili uzaqlıqda, Perseus qalaktikalar çoxluğunda yerləşir.

CDG-2 adi qalaktikalardan fərqli olaraq, demək olar ki, görünməzdir. Onun ulduzlardan gələn işığı son dərəcə zəif və səpələnmiş olduğundan teleskoplarla müşahidəsi olduqca çətindir.

Alimlər qalaktikanın mövcudluğunu əvvəlcə dörd kürəvi ulduz topasının qeyri-adi yerləşməsinə əsasən ehtimal ediblər. Daha sonra "Hubble" və "Euclid" kosmik teleskoplarının çəkdiyi görüntülər zəif işıqlanmanı üzə çıxararaq bu ehtimalı gücləndirib.

Hesablamalara görə, CDG-2-də görünən maddənin kütləsi təxminən 6,2 milyon Günəş kütləsinə bərabərdir. Qalaktikanın əsas hissəsini təşkil edən qaranlıq maddə isə işıq yaymasa da, cazibə qüvvəsi vasitəsilə öz mövcudluğunu büruzə verir.

Alimlərin fikrincə, bu qalaktika əvvəlcə böyük qaranlıq maddə toplusunun daxilində formalaşıb. Sonradan yaxınlıqdakı iri qalaktikaların cazibə təsiri nəticəsində ulduzların yaranması üçün lazım olan qaz kosmosa yayılıb. Nəticədə olduqca az sayda ulduzu olan, lakin böyük kütləyə malik sistem yaranıb.

Bununla belə, kəşfin tam təsdiqlənməsi üçün əlavə müşahidələrə ehtiyac var. Tədqiqatçılar dörd ulduz topasının həqiqətən eyni qalaktikaya aid olub-olmadığını müəyyənləşdirmək istəyirlər. Bu məqsədlə "James Webb" kosmik teleskopunun imkanlarından da istifadə edilməsi nəzərdə tutulur.

Tədqiqatın nəticələri "The Astrophysical Journal Letters" elmi jurnalında dərc olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər