Estoniya Rusiyaya bütün sərhəd-keçid məntəqələrini bağlayır

Estoniya Rusiyaya bütün sərhəd-keçid məntəqələrini bağlayır
Dünya 16

Estoniya müdafiə sənayesi müəssisəsinə qarşı törədilməyə cəhd edilən sabotaj hadisəsindən sonra Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamaq qərarına gəlib. Qərar dekabrın 1-dən qüvvəyə minəcək.

BAKU.WS xəbər verir ki, Estoniya Daxili Təhlükəsizlik Xidməti (KAPO) insidentlə əlaqədar səkkiz nəfərin saxlanıldığını açıqlayıb.

Hadisə şənbə günü uzunmənzilli hücum və kəşfiyyat dronları istehsal edən "Threod Systems" şirkətinə qarşı törədilməyə cəhd edilən hücumla bağlıdır. Müəssisənin mühafizə xidmətinin müdaxiləsi nəticəsində xəsarət alan olmayıb, binaya da ziyan dəyməyib. Hücumun binada partlayış və yanğın törətmək məqsədi daşıdığı bildirilir.

Estoniya rəsmiləri sabotaj cəhdinin Rusiyanın hərbi kəşfiyyat xidməti GRU-nun göstərişi ilə həyata keçirildiyini iddia ediblər. Saxlanılan səkkiz nəfərdən beşinin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub.

Baş nazir Kristen Mixal sərhədlərin bağlanmasının mümkün yeni hücum riskini azaltmaq və müdafiə sənayesi müəssisələrinə qarşı bu cür əməllərə yol verilməyəcəyini göstərmək məqsədi daşıdığını bildirib.

Estoniyanın Rusiya ilə Narva, Koidula və Luhamaa olmaqla üç sərhəd-keçid məntəqəsi var. Qərarın nə qədər müddət qüvvədə qalacağı hələ açıqlanmayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə sərhədlərin bağlanması planını Rusiyaya qarşı yönəlmiş addım kimi qiymətləndirib. Moskva daha əvvəl Estoniyanın oxşar hücumlarla bağlı ittihamlarını rədd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər