İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı

İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı
Dünya 14

ABŞ-nin Federal Prokurorluğu Böyük Britaniyanın "Fairford" aviabazasına terror hücumu planlaşdırmaqda şübhəli bilinən və İranla əlaqəli olan üç agentə qarşı rəsmi ittiham irəli sürüb. Sözügedən bazada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-1B Lancer" strateji bombardmançı təyyarələri yerləşib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, açıqlamanı ABŞ-nin Ədliyyə Nazirliyi yayıb. İttihamnaməyə əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrdə şübhəli bilinən Məhəmməd Əl-Səədi adlı şəxs bazaya hücum etmək məqsədilə sentyabr ayında digər iki yaraqlı ilə hərəkətləri əlaqələndirməyə cəhd göstərməkdə təqsirləndirilir.

Hazırda Nyu-Yorkda həbsdə olan Əl-Səədinin aviabazaya hücumu İran vətəndaşı Möhsün Mühaciri və İraq vətəndaşı Məhəmməd Əli əl-Həssani ilə birlikdə planlaşdırdığı vurğulanır.

Nazirliyin məlumatında qeyd olunur ki, həmin şəxslərə üçüncü tərəflər vasitəsilə şifrəli mesajlar göndərilib.

Mövzu ilə bağlı məlumatlı mənbələrə istinad edən "CBS News" telekanalının bildirdiyinə görə, M.Mühaciri və əl-Həssani hələ saxlanılmayıblar. ABŞ Federal Prokurorluğunun materiallarında iddia edilir ki, Əl-Səədi avqust ayından etibarən Böyük Britaniyadakı ortaqlarına "Fairford" aviabazasında hücumun hazırlanması və təşkili üçün təlimatlar verib, onlara pul ödəyib. Bura, həmçinin adı açıqlanmayan bir şəxsə obyektə nəzarət etmək tapşırığının verilməsi də daxildir.

Daha sonra Əl-Səədinin partlayıcı qurğu hazırlamaq məqsədilə şrapnel üçün metal alışı, kimyəvi maddələrin axtarışı, eləcə də yanacaq çəlləkləri və furqonların daşınmasını təşkil etmək üçün bir neçə naməlum şəxsə ödəniş etdiyi bildirilir.

İttiham sənədinə görə, üç şübhəli şəxs terror aktının planlaşdırıldığı "Fairford" aviabazasına yanacaqla dolu furqonlar gətirməli idilər. Federal Prokurorluq əlavə edib ki, Böyük Britaniyanın hüquq-mühafizə orqanları üzərində yanacaq çatdırılma şirkətinin etiketləri olan üç furqon aşkarlayaraq sürücüləri həbs ediblər. Bir müddət əvvəl Britaniya polisi sentyabrın sonlarında "Fairford" aviabazasında baş vermiş insidentlə əlaqədar Böyük Britaniyanın iki vətəndaşına qarşı ittiham irəli sürüldüyünü açıqlamışdı. İttiham tərəfinin versiyasına görə, söhbət İranın dəstəyi ilə təşkil edilən və ABŞ tərəfindən İngiltərədə istifadə olunan hərbi aviabazaya qarşı yönəlmiş sui-qəsddən gedir. Prokurorluğun məlumatına əsasən, London sakinləri olan 24 yaşlı Məhəmməd Əhməd Əbdülkərim İran xüsusi xidmət orqanlarına kömək etməkdə, Numan Essqir isə Böyük Britaniyanın maraqlarına zərər vura biləcək hərəkətlər məqsədi ilə mühafizə olunan hərbi obyektə daxil olmaqda günahlandırılır.

Qeyd edək ki, İngiltərənin qərbində yerləşən "Fairford" aviabazası ABŞ-nin strateji bombardmançıları tərəfindən İrana zərbələr endirmək üçün istifadə edilib. Sentyabrın sonlarında bazanın perimetri yaxınlığında gecəyarısı beş nəfərin və onlara məxsus üç furqonun saxlanılmasından sonra bütün təyyarələr oradan çıxarılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər