"Xocalı. Son toy..." filmi ekranlara çıxır

Xocalı. Son toy... filmi ekranlara çıxır
Video
Digər 51

"Xocalı. Son toy..." filmi "Report" İnformasiya Agentliyinin "YouTube" kanalında yayımlanacaq.

BAKU.WS xəbər verir ki, "Global Media Group"un və "Report" İnformasiya Agentliyinin ərsəyə gətirdiyi "Xocalı. Son toy" bədii-sənədli filmi 1992-ci ildə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq dayandırılan sonuncu toy mərasiminə həsr olunub.

İllər əvvəl "Vağzalı"sı yarımçıq kəsilən toyun bəyi Vasif Qafarov, gəlini Dürdanə Məmmədova və həmin toyda iştirak edən digər qonaqlar, qohumlar, həmçinin musiqiçi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toylarının davamını ediblər.

Bir fotodan yola çıxılaraq ekranlaşdırılan bu əsər 1992-ci ildə yanvarın 18-də Xocalıda gerçəkləşən toyu, sonrasını və hazırkı dövrü tərənnüm edir. Sözügedən toyda çəkilən ağ-qara foto, yenidən zəfər bayrağı sancılmış azad Xocalıda həmin fotonun rənglənmiş variantı ilə canlandırılıb.

Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.

Film 25 fevral 2026-cı il saat 20:00-da "Report" agentliyinin "YouTube" kanalında yayımlanacaq.

Həmçinin, 26 fevral 2026-cı il saat 16:00-da film Baku TV kanalının efirində, saat 21:30-da isə ATV telekanalında yayımlanacaq.

Qeyd edək ki, filmin layihə rəhbəri "Global Media Group" İdarə Heyətinin sədri Elnur Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, baş prodüseri Fuad Hüseynəliyev, quruluşçu rejissoru isə Yusif Ələkbərzadədir.

Son xəbərlər