Qurban Qurbanov: "Şkendiya" ilə matçda sona qədər öz xarakterimizi göstərməliyik"

"Qarabağ" futbolçuları "Şkendiya" ilə matçda xarakter göstərməlidirlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Sabah çox çətin oyuna çıxacağıq. İlk görüşün Şimali Makedoniyada keçirilməsi rəqib üçün üstünlükdür. Çempionlar Liqasında iki ardıcıl qələbədən sonra öz meydanlarında ruh yüksəkliyi ilə çıxış edəcəklər. İstəkli komandaya qarşı mübarizə aparacağıq. Sabahkı oyuna tam hazırıq. Sabah bu komandaya qarşı öz xarakterimizi göstərməliyik. Bakıya sərfəli nəticə ilə dönmək istəyirik".
O, "Şkendiya"nın Çempionlar Liqasının II təsnifat mərhələsində FCSB (Rumıniya) komandasına qarşı keçirdiyi iki oyunu izlədiyini bildirib:
"İndiki vəziyyətdə rəqibimizin zəif və güclü tərəflərini açıqlamağa ehtiyac yoxdur. Sadəcə öz beynimizdə qurduğumuz oyun planını icra etməliyik. Rəqibə istədiyi oyunu sərgiləməsi üçün imkan verməməliyik. "Şkendiya"ya qarşı 90 dəqiqə diqqətli olmalıyıq".
Q.Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri olan "Ludoqorets" (Bolqarıstan) və "Ferentsvaroş" komandaları barəsində də öz fikirlərini vurğulayıb:
"Qalib gəlsək də, məğlub olsaq da bu komandalardan biri ilə üz-üzə gələcəyik. Hər iki komandaya qarşı oynamışıq. Çempionlar Liqasının və ya Avropa Liqasının pley-off mərhələsində oynamağımızdan asılı olmayaraq görüşlər maraqlı keçəcək. Çünki bir-birimizi tanıyırıq və azarkeşlər üçün də maraq doğuracaq".
Qeyd edək ki, avqustun 5-də Şimali Makedoniyadakı "Todor Proeski" stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
"Sabah" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-offundakı potensial rəqibləri bilinib
"Sabah" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib. BAKU.WS xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərin...