Böyük rinqlərdən taksi sükanına düşən çempionumuz: "Bu rüsvayçılıqdır"

Böyük rinqlərdən taksi sükanına düşən çempionumuz: Bu rüsvayçılıqdır
İdman 2855

İlham Əliyevin mükafatlandırdığı idmançı niyə Azad Rəhimov üçün "arzuolunmaz” şəxsə çevrilib?

"MƏNİM DÜŞDÜYÜM VƏZİYYƏT İDMANIMIZ ÜÇÜN RÜSVAYÇILIQDIR”

Gənc yaşda ulduzu parlayan, bir vaxtlar Boks Federasiyasının və Azərbaycan xalqının sevimlisi olan, boks üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası Samir Məmmədov uzun müddətdir ki, səssizliyə qərq olub. 

Bir vaxtlar millət vəkili, Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyevin belə "başına and içdiyi” boksçumuza ümidlər çox böyük olsa da, indi aidiyyəti qurumlar ondan xəbərsizdir.

2008-ci il Pekin olimpiya oyunlarından sonra federasiya tərəfindən demək olar ki, unudulan, 2012-2013-cü illərdən sonra isə adı hər yerdən silinən Samir Məmmədov indi haralardadır? 

Azərbaycan boksunda özünəməxsus iz qoymuş dünya çempionunun "gözdən çıxarılmasının” səbəbi nədir?

Əməkdaşımızın taksi xidmətlərindən birindən taksi sifariş etməsi, təsadüfən isə sürücünün Samir Məmmədov olması idmançımızla bağlı məsələni yenidən gündəmə gətirir.

Uzun müddət axtarışdan sonra təsadüf nəticəsində tapdığımız "itkin” boksçunu redaksiyamıza dəvət edərək suallarımızı ona ünvanladıq.

Beləliklə, böyük rinqlərdən taksi sükanına düşən idmançı son illərdə başına gələn hadisələri AzNews.az-a müsahibəsində danışdı:

- Samir bəy, uzun müddətdir haralardasınız? 

- 2013-cü ildə sonuncu dəfə Azərbaycan çempionu oldum, Böyük İpək Yolu turnirinin qalibi oldum. Avropa çempionatında məğlub oldum. Daha sonra şəxsi istəyimlə idmandan uzaqlaşdım. 

- Bəs federasiya ilə münasibətlər niyə korlandı? 

- Bəlkə onların mənə bəslədikləri ümidi doğrulda bilmədim və bu səbəbdən mənə qarşı soyudular. Bəlkə də başqa səbəblər var, amma onlardan xəbərsizəm. 

- Sizin idmanda etdikləriniz danılmazdır. Azdan-çoxdan idmandan başı çıxan bilir ki, Samir Məmmədov boks idman növündə hansı izləri qoyub. Lakin indi uzaqlaşmısınız. Bəs indi nə etmək istəyirsiniz, haralarda çalışırsınız? 

- İstəyim odur ki, dövlətimizin güc strukturlarının birində çalışım. Dövlətimə xidmət etmək istəyindəyəm. Hətta bununla bağlı aidiyyəti orqanlara rəsmi şəkildə müraciət etdim. Ancaq müsbət cavab ala bilmədim. Cənab prezidentimizin idmana və idmançıya bu cür diqqət və qayğı göstərdiyi bir vaxtda mən nədənsə bu diqqətdən kənarda qalmışam. 

-Samir bəy, bizim əməkdaşımız təsadüfən sizin taksi fəaliyyəti ilə məşğul olduğunuzu görüb. Nə vaxtdan bu işdə çalışırsınız? Doğrudanmı sizin kimi bir idmançı dolanışıq üçün taksi sürməyə məcbur olub?... 

- Düzdür... Nəinki taksi, hətta daha ağır işlərdə çalışmışam. İl yarım idi ki, ehtiyac üzündən "189” taksi xidmətində çalışırdım. Mənim evdə iki balam var. Onlar evdə yemək istəyəndə, mən onlara nə isə başa sala bilmərəm. Taksiçi işləmək ayıb deyil. Düzdür, hərə öz işinə uyğun işləsə əla olar. Amma nə edim.

- İndi taksi sürücüsü kimi fəaliyyət göstərmirsiniz? 

- Xeyr, 3-4 gün əvvələ kimi çalışırdım, lakin 2 gün əvvəl maşınımı da satmışam. 

- Bu qədər uğurları olan bir boksçunun ehtiyac üzündən taksi sürücüsü işləməsi bizi həqiqətən də təəccübləndirdi... 

- Bilirsiniz, idman sahəsində çalışanların mənə qarşı çox biganəliyini görmüşəm. Halbuki, ölkədə idmana və idmançıya bu qədər diqqət və qayğı göstərildiyi vaxtda əməkdar idman ustasının taksi sürücüsü işləməsi doğrudan da biabırçılıqdır. Bu, idmanımız üçün rüsvayçılıqdır. Nə qədər ki, qolumda güc var idi, döyüşüb qələbələr qazanırdım, yaxşı oğlan idim, indi deyirlər sən bizə lazım deyilsən, sənlə maraqlanmırıq. Dəfələrlə olub ki, Gənclər və idman naziri Azad Rəhimovun qəbuluna düşmək istəmişəm. Deyiblər get, hələ onun qəbulu yoxdur, 2017-ci ildən sonra gələrsən. 

- Bəs indi çörək pulunu haradan qazanırsınız?

- "Neftçi” İdman Sağlamlıq Mərkəzindən. Oranın prezidenti Sadıq Sadıxova öz təşəkkürümü bildirirəm ki, mənə rəhbəri olduğu klubda məşqçi kimi fəaliyyət göstərməyim üçün şərait yaradıb. Ona minnətdaram. 

- Bəs bir vaxtlar ətrafınızda olanlar, haqqınızda ağız dolusu danışanlar indi haradadırlar? 

- Onlar hamısı şöhrət və pul dostları imiş. Bir söz var, "ətrafını tanımaq istəyirsənsə, cibinə bax!”

- Gəlin uğurlarınızı idman sevərlərə bir daha xatırladaq... 

- 14 dəfə Azərbaycan çempionu, yeniyetmələr arasında Dünya və Avropa çempionu, Gənclər arasında Avropa çempionu olmuşam. Kişilər arasında Dünya kuboku və Dünya çempionatının bürünc mükafatçısıyam. 2006-cı ildə kişilər arasında Avropa 2-cisi olmuşam. Dəfələrlə Beynəlxalq turnirlərin qalibi olmuşam. Pekin Yay Olimpiya oyunlarının iştirakçısı olmuşam. Bundan əlavə, 2006-2007-ci illər "Azərbaycanın ən yaxşı boksçusu”, Əməkdar idman ustası və prezident mükafatçısıyam. 

- Döyüşdüyünüz vaxt yarışa necə hazırlaşırdınız?

- Şəxsi məşqçimlə... Döyüşdüyüm vaxtlarda yığma komandadakı təlim-məşqlər mənə o qədər asan gəlirdi ki, elə bilirdim istirahətə gedirəm. Şəxsi məşqçim Zahid Əliyevin həm fiziki hazırlığı, həm elmi savadı var. Bundan əlavə, idmanı mükəmməl bilir. O, yaxşı hesablanmış məşqlər verirdi. Yəni onun məşqləri "2 x 2=4” kim idi. Buradakı birinci "2” məşqçinin proqramıdır. İkinci "2” isə idmançının etdikləridir. Cavabdakı "4” isə nəticədir. O deyirdi, sən mənim proqramıma tam əməl etsənetsən 100 faiz nəticə verəcəksən. Bu gün mənim şəxsi müəllimimi əvəz edə biləcək məşqçi yoxdur. Bu, bir həqiqətdir. 

Bir fikir səsləndirilir həmişə. Deyirlər "idmançılar qan-tərlə Azərbaycan bayrağını, gerbini qoruyur”. Düzdür, amma mən döyüşərkən bunlardan əlavə həmişə öz şəxsiyyətimi də qoruyurdum. Düşünürdüm ki, axı bu kimdir ki, məni döysün. Həmişə ancaq uduzmaqdan qorxmuşam, rəqibdən yox. 

- Bəs sizin nəticələrinizi yeniləyəcək tələbəniz varmı? 

- Onu zaman göstərəcək. Hazırda 4 tələbəm var. Hər birinə ayrı-ayrılıqda vaxt ayırmışam. Biri saat 10:00-da gəlir, 2-cisi 11:00-da, digəri isə 12:00-da.

Birinci tələbəm ən çox diqqət yönəltdiyimdir. Demişəm, ona heç kim qarışmasın, onunla tək çalışacağam.

- İndi rinqə çıxıb döyüşə bilərsinizmi? 

- Artıq istəmirəm. Şablon cavablar vermək istəmirəm. Amma döyüşmək elə bir şeydir ki, gərək adamın içindən gəlsin. 

- Bu yaxınlarda federasiyadan kiminləsə görüşmüsünüzmü?

- 2-3 ay bundan öncə Boks Federasiyanın vitse-prezidenti Ağacan Abiyevlə görüşmüşəm. Onun məni belə tez yaddan çıxarması mənim üçün heç xoş olmadı. 

Ali təhsilli olub-olmadığımı soruşdu. Halbuki məni özü Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul edib. Elə danışdı ki, elə bil idmanda göstərdiyim nəticələrimi bilmirmiş. Mən də bir-bir dedim. Sonra mənə dedi ki, sənin əməlli-başlı nəticələrin olub ki...

Amma illər öncə həmin Ağacan müəllimin mənim haqqımda xoş sözlər deməsinə tək özüm yox, bütün Azərbaycan şahid olub. Həmin vaxt başıma and içirdi.

- Sonda nə demək istərdiniz?

- Boksda göstərdiyim nəticələrə rəğmən mənə biganə yanaşan idman sahəsinin rəhbərlərindən çox narazıyam. Çünki mən onlara nə qədər ki, lazım idim, xoş sifətlər görürdüm. İdmandan uzaqlaşandan sonra isə həmin insanlar mənə qarşı əsl sifətlərini göstərdilər.

BAKU.WS 

Son xəbərlər