SİZİN REKLAM BURADA!
055 213 76 73


"Trabzonspor"la oyunda qol vurduqdan sonra biləyindəki "7 Oktyabr hücumunun 100-cü günü"nü kameralara göstərən "Antalyaspor"un futbolçusu Saqiv Jehezkel heyətdən kənarlaşdırılıb, sonra isə nəzarətə götürülüb.

İsrailli futbolçu barəsində saxlanılma qərarından sonra açıqlama verib. O bildirib ki, məqsədi təxribat törətmək yox, müharibənin qurtmarmasını istəmək olub.

Antalya Respublika Baş Prokurorluğunun təlimatı ilə Təhlükəsizlik İdarəsinin İdman və Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Saqiv Jehezkeli nəzarətə götürüb. Şöbəyə aparılan Jehezkel ifadəsini tərcüməçi vasitəsilə verib:

"Mənim məqsədim kimisə təxribata çəkmək olmayıb. Mən müharibə tərəfdarı deyiləm. Və nəhayət, Qəzzada əsir düşən İsrail əsgərləri də var. Mən bu 100 günlük müddətin indi bitməli olduğuna inanan adamam. Mən müharibənin bitməsini istəyirəm. Ona görə də burada işarəni göstərdim. Mən siyasətlə heç bir əlaqəsi olmayan adamam. Türkiyəyə gələndən siyasi heç bir fəaliyyətim olmayıb. Gəldiyim gündən indiyə kimi heç kimə hörmətsizlik etməmişəm. Diqqət çəkmək istədiyim məqam müharibənin sonu idi".

***09:35

Türkiyənin “Antalyaspor” klubunun israilli futbolçusu Saqiv Jehezkel saxlanılıb. 

Buna səbəb onun dünən "Trabzonspor"la oyunda qol vurduqdan sonra biləyində sarğıda "100 days 07.10" (“7 oktyabr hücumunun 100-cü günü”) yazılmasıdır. 

Belə ki, Saqiv Jehezkel Sion ulduzunu göstərərək Türkiyədən İsrailə salam göndərib.

Futbolçunun bu hərəkətindən sonra "Antalyaspor" onu heyətdən çıxarıb. Klub Saqiv Jehezkelin idarə heyətinin qərarı ilə heyətdən çıxarıldığını və müqaviləsinə xitam veriləcəyini açıqlayıb.

Antalya Respublika Baş Prokurorluğu tərəfindən "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" maddəsi ilə israilli futbolçu saxlanılıb. 

"Bu gün "Trabzonspor"la oynadığımız matçın 68-ci dəqiqəsində qol vurduqdan sonra biləyindəki yazıları paylaşaraq ölkəmizin milli dəyərlərinə zidd hərəkət etdiyi üçün idarə heyətinin qərarı ilə Saqiv Jehezkelin heyətdən uzaqlaşdırılmasına qərar verilib. İdarə Heyətimiz heç vaxt çempionluq və ya kubokla nəticələnsə belə, ölkəmizin həssaslığına qarşı davranışa icazə verməyəcək",-deyə klubdan verilən açıqlama bildirilib.​

Mövzu ilə bağlı açıqlama verən "Antalyaspor"un prezidenti Sinan Boztepe bunları deyib: "Fotonu gördüm. Milli dəyərlərimiz hər şeydən üstündür. Futbolçu bizə nə qədər gəlir gətirirsə, gətirsin. Biz onu heyətdən kənarlaşdıracağıq. Özünü müdafiə etdikdən sonra müqaviləsinə xitam veriləcək".

Bu arada Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabında bildirib ki, israilli futbolçu barəsində istintaq başladılıb: "Antalya Respublika Prokurorluğu, israilli futbolçu Saqiv Jehezkel barəsində vurduğu qoldan sonra İsrailin Qəzzada törətdiyi qırğına dəstək verən çirkin hərəkətinə görə "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" cinayətinə görə istintaq başladıb.

100 gündən artıqdır ki, uşaq-qadın, cavan-qoca fərqi yoxdur, Qəzzada soyqırım törətməklə insanlığa qarşı cinayət törədən İsrailin hücumlarını bir daha pisləyirəm. Biz hər zaman məzlum fələstinlilərin yanında olmağa davam edəcəyik".

BAKU.WS
VİDEO