"Üzmək iştahsız və artıq çəkili uşaqlar üçün çox faydalıdır"

Üzmək iştahsız və artıq çəkili uşaqlar üçün çox faydalıdır
Müsahi̇bə
Sosial 123

Sağlam həyat tərzini qorumaq üçün üzmək ideal bir fiziki hərəkət formasıdır. Bu fəaliyyət ürək-damar sistemini gücləndirir və əzələləri tonuslandırır. Eyni zamanda, oynaqları qoruyur və çəkiyə nəzarət etməyə kömək edir, stressi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır. Ümumilikdə, üzmək həm fiziki, həm də zehni sağlamlığı dəstəkləyir.

2013-cü ildən fəaliyyət göstərən, Avropa Olimpiya Komitəsinin və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olan Bakı Su İdmanı Sarayında üzgüçülük dərsləri təşkil olunur və bu, sağlam həyat tərzini dəstəkləmək üçün əla bir imkandır.

BAKU.WS bu gün bu kompleksin həm üzgüçülük dərsləri ilə, həm də orada yaradılan şəraitlə tanış olub. Müsahibimiz - Bakı Su İdmanı Sarayının "PR manager" Subra Nuriyeva üzgüçülüyün faydalarından və oradakı şəraitlə bağlı ətraflı məlumat verdi.

-Üzgüçülük ən çox hansı yaş qrupuna vacib olan idman növüdür?

-Üzgüçülüyün insan sağlamlığına olan faydası hamımıza məlumdur. Ümumiyyətlə su elə bir maddədir ki, insanda olan neqativ enerjini aran qaldırır. Ona görə də üzgüçülüklə məşğul olmaq ekstra bir fayda yaradır. Bizim hazırki iş, oturaq yaşamımız, eyni zamanda passiv həyat tərzimiz müəyyən problemlərə yol açır. Nəinki böyüklərdə, eyni zamanda azyaşlılar üçün də faydalıdır. Hətta deyərdim ki, ən çox azyaşlılara lazımdır. Çünki, tədrisin artıq illərdir ağırlaşdırılmasını nəzərə alarsaq, uşaqların ağır çantalarla yüklənməsi onlarda müəyyən fiziki problemlərə yol açır. Bu da zaman keçdikcə problemin irəliləməsinə səbəb olur. Belə ki, həm onurğada, beldə, kürəkdə, həm də boyunda bir sıra xəstəliklərə yol açır.

- Həmçinin parta arxasında oturmaq da beldə, onurğa sütununda ciddi problemlərə səbəb olur...

-Bəli, tamamilə doğrudur. Bu səbədən üzgüçülük əzələlərin, sümüklərin düzgün inkişafına müsbət təsir göstərir. Eyni zamanda, onurğaya düşən təyziqin azalmasına da şərait yaradır. Ağır çəkili və ya iştahsızlığı olan uşaqlar da üzgülçülükdən sonra normal qidalanmaya keçirlər. Ürək-qan damar sisteminə, ağ ciyərlərə də müsbət təsiri var.

-Bəs suya qarşı fobiyası olan insanlar necə, müraciət ediblər?

-Ediblər. Ancaq onlar ilk dərsdən sonra, onlardan təəssüratlarını soruşduqda onlar çox müsbət reaksiyalar verirlər. Bu həm müəllimin individual yanaşmasından, həm də Su İdmanı Sarayında yaradılmış şəratinin nəticəsidir. Onlar az bir müddət sonra rahat şəkildə üzməyə başlayırlar. Hətta digər ailə üzvlərini gətirməyə başlayırlar. Belə ki, çox zaman ilk uşaqlar üçün müraciət olunur, daha sonra valideynlər onlara baxıb həvəslənirlər, beləliklə, onlar da üzgüçülük dərslərindən yararlanırlar.

-Tək qrup məşqləri olur, ya fərdi də təşkil olunur?

-Qrup məşqlərimizlə yanaşı, fərdi məşqlərlə də uşaqlar məşğul ola bilirlər. Qeyd etmək istəyirəm ki, məktəbli uşaqlar artıq zehni fəaliyyət göstərdikləri üçün bu onlarda yorğunluq yaradır, həm də yuxu problemlərinə yol açır. Bu səbədən valideynlərə məsləhət görərdim ki, uşaqları üzgüçülüyə təşviq etsinlər. Çünki, bu idman növü həm yuxu prosesini normallaşdırır, həm də qavrama sistemini mükəmmələşdirməyə xidmət edir.

-Belə qənaətə gəlirik ki, fiziki dəstəklə yanaşı, psixoloji dəstək də göstərir.

- Hətta deyərdim ki, viziual olaraq da xoş görüntü bağışlayır: qaməti düzəldir, fit görüntü yaradır.

Məsləhət görərdim ki, uşaqları az yaşlarından üzgüçülüyə yöndərsinlər. Məsələn, bizim 70-dən çox yaşı olan müştərilərimiz var. Kənardan onların vizual görnüşü insana çox xoş təsir bağışlayır. Sağlam böyütdüyümüz uşaqlar bizim gələcəyimizdir. Ona görə də valideyn olaraq onların qayğısına qalmaq, bir növ gələcəyin qayğısına qalmaqdır. Bu baxımdan Su İdmanı Sarayı olaraq hər kəsi dəvət edirik ki, bundan yararlansınlar.

-Minimum neçə yaşından başlayaraq uşaqlar üzgüçülüyə gələ bilərlər?

-Bizim uşaq qruplarımız var, hansı ki, onların minimum 4-5 yaşları var. Başqa uşaq qrupları da var ki, bunların yaş aralığı 5-16 yaş aralığındadır. Onlar müəllim müşayəti altında bu dərslərdən yararlanırlar. Müəllimlərimizin hər biri proffesionaldır. Belə ki, onlar arasında ingilis, rus və fərqli dilləri bilənlər var. Bu da xarici dildə danışan uşaqlar, xarici idmançıların konfortu üçündür.

-Kompleksdə yaş kateqoriyalarına aid fərqli hovuzlar var, ya eyni hovuzdan istifadə edirlər?

-Fərqli dərinlikli, müxtəlif ölçülü hovuzlarımız fəaliyyət göstərir. Profesional şəkildə üzbəyi bacaranlar olimpik hovuzumuzdan istifadə edə bilərlər. 1.30 metr olan balca hovuzumuz var, hansı ki, dərinliyi tənzimlənir. Amma standart olaraq 1.30 metr saxlanılır. Digər hovuzumuz 2 metr dərinlikdədir. Uşaqların məşqləri həmin hovuzda keçirilir. Və 50 metr uzunluğunda, 3 metr dərinliyində hovuz var, hansı ki, orada profesional məşqlər üçün istifadə olunur. Hətta azyaşlı uşaqlarımız da var ki, üzməyi öyrəndikdən sonra o hozuvdan istifadə edə bilərlər.

-Hovuzların təmizlənməsi, dezinfeksiyası necə aparılır? Çünki, bəzən kimyəvi təmizlik maddələri insanlarda alergik reaksialara səbəb ola bilər.

- Daimi filtrasiya mövcuddur hovuzlarımızda və bu filtrasiyanın təmizliyi perlit adlı maddə ilə həyata keçirilir. Hovuzda suyun təmizliyində isə öz istehsalımız olan xlordan istifadə edilir, hansı ki, 0,2% dərəcəsindədir, iysizdir və sağlamlıq üçün heç bir təhlükəsi yoxdur.

Bir şeyi də bildirmək istəyirəm ki, valideynlər uşaqları dərs başlayır deyə idmandan uzaqlaşdırmasınlar. Və üzgüçülüklə bağlı dediyim faktorları nəzərə alsınlar.

-Su idmanı sarayında insanlar yalnız hovuzlaardan yararlana bilərlər, yoxsa başqa seksiyalar da mövcuddur?

-Çox zaman insanlar adına görə elə bilirlər ki, yalnız hovuz xidmətimiz var, ancaq bu belə deyil. Üzgüçülük xaricində bizdə su polosu, tullanma, gimnastika, cüdo, fitnes zalı, spa mərkəzi, uşaqlar üçün taekvando, əlbəyaxa döyüş, akrobatika kimi də xidmətlərimiz var. Fərqli yaş kateqoriyalarında insanlar bu xidmətlərdən istifadə edə bilərlər.

BAKU.WS reportaj zamanı uşaqların uzgüçülük dərslərinə də təsadüf etdi. Nəzərli Xədicə adlı tələbə üzgüçülüyün çox yaxşı keçdiyini vurğuladı:

"Mən 3 ildir ki, profesional şəkildə gəlirəm, ancaq 9 ilə yaxındır, üzgüçülük məşqlərinə gedirəm. Bundan çox məmnunam."

Rüstəm Günəşov isə velosiped, qaçış kimi idman növləri ilə yanağı üzgüçülüyə də gəlir:

"Mən məşqlərdən çox razıyam. Bura sağlamlıq üçün gəlmişəm. Eyni zamanda bu idman növünə həvəsim də var."

-Digər həmyaşıdların məsləhət görürsən, Rüstəm?

-Bəli, hər kəsə məsləhət görürəm, çünki həm sağlamlıq üçün yaxşıdır, həm də maraqlı məşğuliyyətdir.

Peşəkar məşqçilər tərəfindən keçirilən dərslər, həm yeni başlayanlar, həm də təcrübəli üzgüçülər üçün uyğundur. Bütün bunları nəzərə alarsaq, Su İdmanı Sarayında iştirak edənlər üçün sağlamlıq və əyləncə bir araya gəlir.

Şahanə Xankişiyeva

Son xəbərlər