"Uşaqlarımızı qoruya bilmirdik" – Politoloq yeni qərarın əhəmiyyətini açıqladı
Azərbaycanda 16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi istiqamətində mühüm addım atılıb. Prezident tərəfindən sosial şəbəkələrə yaş məhdudiyyəti ilə bağlı qanunun tətbiqini nəzərdə tutan Fərman imzalanıb. Yeni qaydaların məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini gücləndirmək, onları zərərli məzmunlardan və müxtəlif risklərdən qorumaqdır.
Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, sosial şəbəkələr müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilib və onlardan düzgün istifadə böyük əhəmiyyət daşıyır:
"İnkarolunmaz faktdır ki, sosial şəbəkələr həyatımızın ayrılmaz bir parçasına çevrilib. Sosial şəbəkələrin faydaları qədər zərərləri də var. Təbii ki, bu baxımdan, hər bir məsələdə olduğu kimi, sosial şəbəkələrdən də ağılla və məntiqlə istifadə edildiyi təqdirdə, şübhəsiz ki, həm sosial şəbəkənin, həm də süni intellektin özünün müsbət tərəflərindən yararlanmalıyıq. Habelə bu, konvensional qaydada bilik və bacarıqlar baxımından bizi hamar yola aparmamalı, milli-mənəvi dəyərlər baxımından da sosial şəbəkələr bizə ziyan verməməlidir.
Təbii ki, ziyan verməməsi üçün özümüz də şüurlu yanaşmalı, atdığımız addımlara diqqət yetirməliyik. Bu baxımdan, yetkinlik yaşına çatmış insanlar daha şüurlu ola bilirlərsə, təəssüflər olsun ki, biz uşaqlarımızı sosial şəbəkələrin mənfi təsirlərindən qoruya bilmirik. Uşaqlarımızın zərərli təsirlərdən qorunması hər birimizin qarşısında dayanan prioritet məsələ olmalıdır.
16 yaşına qədər uşaqların platformalarda hesab yaratmasına yol verilməməsi olduqca düzgün yanaşma və qəbul edilmiş qərardır. Uşaq dünyanı dərk etdikcə valideyn nəzarəti olmalıdır. Dünyanı dərk etdikcə uşağı təhlükələr gözləyir. Bu baxımdan həmin təhlükələrdən uzaq tutmaq və övladlarımızı sosial şəbəkələrin zərərli təsirlərindən qorumaq üçün qəbul edilən qərar son dərəcə düzgün və önəmlidir.
Bu istiqamətdə dövlətimiz uşaqların müdafiəsinin gücləndirilməsi baxımından müsbət qərarlar qəbul edir. Onların sağlam böyüməsi bizim əsas hədəflərimizdən biri olmalıdır. Gələcək nəsillərin sağlam, şüurlu və milli-mənəvi dəyərlərə bağlı böyüdülməsi vacib məsələdir. Buna sadəcə dövlət nəzarəti deyil, fərd və cəmiyyət kontekstində də baxmalıyıq. Ailədə də uşağın zərərli vərdişlərdən uzaq olmasına həssaslıqla yanaşılmalıdır.
Paralel olaraq uşaqları siqaretdən, alkoqoldan və soyuq silahlardan uzaq tutmalıyıq. Müasir dövrdə məhz valideyn nəzarəti, habelə dövlətin qəbul etdiyi qərarların paralel şəkildə icra olunması uşaqlarımızın daha sağlam şəraitdə böyüməsinə imkan yaradacaq", – deyə Ş.Həsənova vurğulayıb.
Qeyd edək ki, bu istiqamətdə ən sərt qaydalardan biri Avstraliyada qüvvədədir. Oxşar məhdudiyyətlər İndoneziya və Malayziyada da tətbiq edilir. Eyni zamanda Fransa, İspaniya, Norveç, Böyük Britaniya və bir sıra digər ölkələrdə də uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətlərinin tətbiqi və ya sərtləşdirilməsi ilə bağlı qanunvericilik təşəbbüsləri müzakirə olunur.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI
2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrində ən yüksək illik təhsil haqqı 1 300 manat təşkil edir. BAKU.WS Modern.az-a istinadən xəbər veri...