Qrip pandemiyası olacaq - Tanınmış professordan XƏBƏRDARLIQ
"Yoluxucu xəstəliklər dedikdə əsasən respirator infeksiyalar - qrip və qripə bənzər viruslar nəzərdə tutulur. Hazırda pandemiya mərhələsi bitsə də, COVID-19 infeksiyası tam yox olmayıb. Xüsusilə "Omikron" ştamının müxtəlif mutasiya variantları ayrı-ayrı ölkələrdə hələ də yayılmaqdadır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bildirib.
Professor əlavə edib ki, qrip (influenza) virusu isə hər il yeni mutasiya olunmuş formada ortaya çıxır. Gələcəkdə qrip pandemiyası ehtimalı da istisna deyil:
"Çünki virusların mutasiyası zamanla daha aqressiv formaların yaranmasına səbəb ola bilər. Bundan əlavə, respirator sinsitial virus (RSV) və metapnevmovirus kimi infeksiyalar da son illər müxtəlif ölkələrdə geniş yayılıb.
Ümumilikdə respirator infeksiyaların klinik əlamətləri – hərarət, öskürək, halsızlıq, boğaz ağrısı – bir-birinə çox oxşardır. Buna görə insanlar çox vaxt hansı virusa yoluxduğunu dəqiq bilmir. Dəqiq diaqnoz yalnız laborator müayinədən sonra qoyula bilər".
Adil Qeybulla əlavə edib ki, ən vacib məsələ profilaktikadır:
"Uşaqlar mütləq milli peyvənd təqviminə uyğun vaksinasiya olunmalıdır. Qızılca, göyöskürək, tetanus, poliomielit, hepatit B və digər infeksiyalara qarşı peyvəndlər uşaqlar arasında ölüm hallarının minimuma enməsində əsas rol oynayır. Valideynlər vaksinasiyadan yayınmamalıdır.
Yaşlılar və xroniki xəstəliyi olan şəxslər də xüsusilə diqqətli olmalıdır. Qapalı və izdihamlı məkanlarda maska taxmaq, xəstə olduqda özünü izolyasiya etmək və başqalarını yoluxdurmamaq vacibdir. Təəssüf ki, bir çox insan xəstəliyi "ayaqüstə" keçirməyə çalışır. Halbuki ilk simptomlardan etibarən yataq rejiminə keçmək, bol maye qəbul etmək, düzgün qidalanmaq və orqanizmə istirahət vermək sağalmanı sürətləndirir və ağırlaşma riskini azaldır".
Orxan Hüseyn
Oxşar xəbərlər
"Ustalarda qalmışıq, pul çatdıra bilmirik, gənclər kəndi tərk edirlər" - Oğuz sakinlərinin yol problemi
Oğuz rayonunun Sincan kənd sakinləri yol problemindən əziyyət çəkirlər. Vətəndaşlar çətinliklə üz-üzə qaldıqlarını və gənclərin kəndi tərk etdiklərini bildirirl...