Qarabağa gediş-gəliş asanlaşır

Qarabağa gediş-gəliş asanlaşır
Araşdırma Foto
Sosial 219

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə vətəndaşların səfərlərinin təşkili ilə bağlı mühüm yeniliklər həyata keçirilib. Bu dəyişikliklər həm texniki prosedurların sadələşdirilməsi, həm də regionun turizm potensialının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Belə ki, "Yolumuz Qarabağa" portalı üzərindən fərdi minik avtomobilləri ilə səfər etmək istəyənlərə verilən giriş icazələrinin müddəti əvvəlki 2 gündən 5 günədək uzadılıb. Bununla yanaşı, hotellərdə rezervasiya edən şəxslər üçün giriş icazəsinin avtomatik verilməsi proseduru tətbiq olunmağa başlanıb.

Bu dəyişikliklər bir tərəfdən vətəndaşların daha uzunmüddətli, rahat və planlı səyahətlər həyata keçirməsinə imkan yaradırsa, digər tərəfdən, regionun turizm cəlbediciliyinin artmasına, iqtisadi fəallığın genişlənməsinə və sahibkarlıq mühitinin formalaşmasına mühüm töhfə verir.

BAKU.WS xəbər verir ki, "Report" bu mövzu ilə bağlı araşdırma aparıb.

Turizmə əlavə nəfəs: qısamüddətli səyahətlərdən dolğun istirahət paketlərinə keçid

Mövzunu şərh edən "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, icazə müddətinin uzadılması və rezervasiyaya əsaslanan avtomatik giriş icazəsi mexanizmi turizmin inkişafında yeni mərhələnin əsasını qoya bilər, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatında canlanmanı stimullaşdıra bilər.

"Əvvəllər 2 günlük icazə ilə məhdudlaşan səfərlər, faktiki olaraq, ekspress və səthi ziyarət formatında keçirilirdi. Bu isə bölgədə dərin turizm təcrübəsinin formalaşmasına, real iqtisadi təsirin yaranmasına imkan vermirdi. İcazənin 5 günədək artırılması artıq ailəvi, dostlarla və ya fərdi şəkildə daha rahat və məzmunlu səyahətlər planlaşdırmağa şərait yaradır. Bu, tam formatlı turizm paketlərinin təşkili üçün də real bazanın formalaşması deməkdir", - deyə o bildirib.

S. Dübəndinin fikrincə, bu yanaşma təkcə turizm axınını artırmır, həm də turizmin növ baxımından diversifikasiyasına şərait yaradır:

"Artıq regionda yalnız təbiət gəzintiləri və ya ziyarətgahlara qısamüddətli səfərlər yox, həm də ekoturizm, kənd turizmi, dağ yürüşləri, tarixi marşrutlar və hətta təhsil turizmi kimi müxtəlif istiqamətlər üzrə təkliflərin formalaşması mümkündür".

O hesab edir ki, yeni tətbiq edilən avtomatik icazə proseduru xüsusilə rəqəmsal idarəetmə baxımından irəliləyiş hesab olunur. S.Dübəndi qeyd edir ki, hotellərdə rezervasiya edən şəxslərin portal üzərindən avtomatik giriş icazəsi alması, həm turistlər üçün prosedurların sadələşməsini, həm də xidmət təminatçıları üçün planlaşdırma imkanlarının artmasını təmin edir:

"İndi turist eyni anda həm yerləşmə yerini seçir, həm də giriş icazəsini alır. Bu, xidmətin bütövləşdirilməsi və rəqəmsal koordinasiya baxımından beynəlxalq praktikaya uyğun addımdır. Bürokratik əngəllərin azalması, qərarların daha sürətli verilməsi və turistin təcrübəsinin yaxşılaşdırılması baxımından bu yanaşma olduqca müasir və funksionaldır".

Bu mexanizmin tətbiqi regionda fəaliyyət göstərən və ya fəaliyyət göstərmək istəyən sahibkarlar üçün də bir sıra iqtisadi imkanlar açır. S.Dübəndinin sözlərinə görə, söhbət təkcə hotellərdən yox, ümumi xidmət ekosisteminin inkişafından gedir:

"Yeni yerləşmə obyektlərinin açılması üçün təşviq mühiti yaranır. Eyni zamanda, yerli kənd təsərrüfatı məhsullarına, suvenir və əl işlərinə, turizm nəqliyyatına, bələdçi xidmətlərinə, ictimai iaşə obyektlərinə olan tələbat artır. Bu da bölgədə sahibkarlığın çoxşaxəli inkişafı üçün real zəmin yaradır. Ən əsası, artıq sahibkarlar fəaliyyətlərini spontan deyil, daha planlı, mövsümə uyğun və strateji şəkildə qurmağa başlaya bilərlər".

Ailəvi turizm üçün xüsusi imkanlar

S. Dübəndi bildirib ki, icazə sistemində edilən son dəyişikliklər ailəvi və qrup halında səyahət edənlər üçün xüsusi üstünlüklər yaradır. Onun sözlərinə görə, bir sürücü daxil olmaqla 9 nəfərlik icazə limiti, xüsusilə uşaqlı ailələr, yaşlı turistlər və müxtəlif yaş qruplarından ibarət qruplar üçün bölgəyə daha rahat və planlı səfər imkanı yaradır.

"İndiyə qədər əsasən fərdi səfərlərlə məhdudlaşan ziyarətlər artıq ailəvi və qrup turlarına çevrilə bilər. Bu isə turizm bazarının genişlənməsi və bölgəyə olan marağın artması baxımından önəmli addımdır. Eyni zamanda, mina təhlükəsizliyi ilə bağlı maarifləndirici materialların portal üzərindən təqdim olunması təhlükəsiz və məsuliyyətli turizmin təşkili baxımından mühüm komponentdir", - deyə S.Dübəndi vurğulayıb.

İcraçı direktor əlavə edib ki, bu qərar yalnız turizm sektorunun inkişafına deyil, həm də post-münaqişə bərpası, sosial-iqtisadi reinteqrasiya və regionların dayanıqlı inkişafına xidmət edir: "Qarabağa və Şərqi Zəngəzura girişin prosedur baxımından sadələşdirilməsi, bu ərazilərin turizm xəritəsində möhkəmlənməsinə geniş imkanlar yaradır. İnanırıq ki, yaxın gələcəkdə Qarabağ təkcə xatirələrin deyil, aktiv istirahətin, iqtisadi dinamizmin və mədəni canlanmanın mərkəzinə çevriləcək".

Hotellərdə rezervasiya məcburi şərt deyil

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə də "Report"a açıqlamasında bildirib ki, yeni qərar Qarabağ və Şərqi Zəngəzura turist axınının artmasına, regionun sahibkarlıq mühitinin genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi fəallığın yüksəlməsinə ciddi töhfə verəcək:

"Bildirildiyi kimi, işğaldan azad edilmiş ərazilərə giriş hələ də xüsusi icazə ilə həyata keçirilir. Bu tələbin əsas məqsədi vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. Lakin iyulun 8-dən etibarən bu icazələrin əldə olunması prosedurunda əhəmiyyətli sadələşdirmələr edilib. Belə ki,"Yolumuz Qarabağa" (www.yolumuzqarabaga.az) portalı üzərindən fərdi minik avtomobilləri ilə səfərlər üçün icazələrin müddəti 2 gündən 5 günədək uzadılıb. Bu isə bölgəyə edilən səfərlərin daha planlı və uzunmüddətli olmasına şərait yaradır".

K.Quluzadə bildirib ki, icazələr sürücü daxil olmaqla maksimum nəfərin daxil olduğu B kateqoriyasına uyğun, dövlət qeydiyyat nişanı olan avtomobillərə şamil olunur: "Ən mühüm yeniliklərdən biri isə hotel rezervasiyası ilə bağlı tətbiq edilən avtomatik icazə modelidir. Əgər vətəndaş işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hoteldə əvvəlcədən rezervasiya edibsə, ona əlavə müraciət etmədən avtomatik şəkildə giriş icazəsi təqdim olunur. Bu, həm vaxta qənaət, həm də səfərin planlaşdırılmasını daha rahat və çevik edən bir yanaşmadır. Eyni zamanda, vurğulamaq lazımdır ki, hotellərdə rezervasiya etmək icazənin alınması üçün məcburi şərt deyil – bu, sadəcə alternativ və sadələşdirilmiş üsuldur. Hoteldə rezervasiya etməyən vətəndaşlar əvvəlki qaydada www.yolumuzqarabaga.az portalı vasitəsilə icazə ala bilərlər".

Təhlükəsizlik ön planda qalır

Turizm axınının artması fonunda təhlükəsizlik qaydaları xüsusilə aktuallaşır. K, Quluzadə qeyd edib ki, fərdi avtomobillərlə səfər edən vətəndaşlar mina təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri ilə tanış olmalı, məlumatlandırma mərhələsini keçməlidirlər:

"Səfər zamanı marşrutdan kənara çıxmaq qadağandır. Yolayrıcılarında diqqətli olmaq, portal üzərindən təqdim olunan təhlükəsizlik qaydalarına ciddi riayət etmək vacibdir. Vətəndaşlar eyni zamanda səfər edəcəkləri istiqamətlərdə yerləşən hotel və digər yerləşmə obyektləri barədə də portaldan ətraflı məlumat əldə edə bilərlər".

Qarabağa gedən yollar və turizm axınının yeni mərhələsi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə fərdi minik avtomobilləri ilə səfərlərin müddətinin uzadılması və prosedurların sadələşdirilməsi fonunda nəqliyyat infrastrukturunun inkişafı xüsusi aktuallıq kəsb edir. Yol infrastrukturu olmadan dayanıqlı turizmdən, iqtisadi fəallıqdan və əhalinin geri dönüşündən danışmaq mümkün deyil.

Bu istiqamətdə görülən işləri və mövcud vəziyyəti nəqliyyat üzrə ekspertlər "Report"a şərh ediblər.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, artıq beşinci ildir ki, azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma layihələri həyata keçirilir. Onun sözlərinə görə, nəqliyyat infrastrukturu üzrə bir sıra mühüm layihələr tamamlanma mərhələsindədir:

"Bu ərazilərdə 2 zolaqlı, aşağı dərəcəli kənd yolları yerini 1-ci dərəcəli avtomagistrallara verir. Eyni zamanda, 2-ci dərəcəli yollar da yenidən qurulur, yol yataqları genişləndirilir, alternativ marşrutlar salınır. Bütün bu layihələr həm Azərbaycanın daxili yol şəbəkəsi, həm də regionlararası və beynəlxalq əlaqələr baxımından inteqrasiyanı təmin edir".

Ağamirzəyev vurğulayıb ki, bu yolların çəkilməsi yalnız turistlər üçün deyil, ərazilərdə yaşayan əhali üçün də rahatlıq və logistik imkanlar yaradır:

"İnsanların bu bölgələrə rahat şəkildə səfər etməsi, yerli əhaliyə yüklərin çatdırılmasının asanlaşdırılması, mobil xidmətlərin təşkili üçün yol infrastrukturunun olması vacibdir. Yol varsa, həyat da var. Bugünkü sürətli bərpa və infrastrukturlaşma tempinə baxdıqda, yaxın illərdə Qarabağ və Şərqi Zəngəzura səfərlər digər regionlara olduğu qədər rahat və əlçatan olacaq".

Yeganə ciddi problem mina təhlükəsidir

Nəqliyyat üzrə digər ekspert, hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, "Yolumuz Qarabağa" portalından əldə edilən səfər icazələrinin müddətindəki dəyişikliklər uzunmüddətli səfərlərə və yerləşmə imkanlarına real şərait yaradır. Onun sözlərinə görə, əvvəllər bu icazə cəmi bir gün üçün verilirdi, sonra iki günə, indi isə beş günədək artırılıb:

"Artıq bölgədə yerləşmək üçün həm hotellər, həm də fərdi yaşayış evləri var. On minlərlə insan azad edilmiş ərazilərə köç edib və bu ərazilərdə qonaqların qarşılanması üçün şərait yaradılıb. Bəzi ailələr evlərini kirayə verir, bəziləri isə qonaq kimi qəbul edirlər. Bu da daxili turizm üçün yeni imkanlar yaradır".

Ə. Hüseynov hesab edir ki, səfər üçün əvvəlcədən icazə alınması tələbi tədricən aradan qaldırılmalıdır:

"Məncə, yaxın vaxtlarda - bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər bu məsələ həllini tapa bilər. Artıq azad edilmiş ərazilərin giriş-çıxışlarında polis postları vasitəsilə nəzarət həyata keçirilir. Belə olan halda əlavə portal icazəsi sistemi zəruri olmaya bilər".

Ekspert qeyd edib ki, bu gün səfərlərlə bağlı yeganə real problem mina təhlükəsidir:

"Bəzi yolların yaxınlığında minalanmış ərazilər var və bu təhlükə aradan qalxmayana qədər təhlükəsizlik tədbirləri yüksək səviyyədə saxlanmalıdır. Doğrudur, portal üzərindən mina təhlükəsizliyi ilə bağlı maarifləndirmə aparılır, lakin bu istiqamətdə işlər daha da genişləndirilməlidir. İnsanların bu riski dərk etməsi və qaydalara ciddi şəkildə əməl etməsi həyati əhəmiyyət daşıyır".

Marşrutdan kənara çıxmamaq şərti ilə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Report"un sorğusuna cavab olaraq bildirib ki, 2023-cü ilin dekabr ayından etibarən "Yolumuz Qarabağa" portalı vasitəsilə fərdi minik avtomobilləri ilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsi istiqamətində Azərbaycan vətəndaşlarının səfərləri üçün ilk icazələr tətbiq olunmağa başlanıb.

"Sonrakı mərhələlərdə bu siyahıya Laçın şəhəri, daha sonra isə 8 yeni istiqamət əlavə olunub. Bununla da portal üzərindən səfər edilə bilən şəhər və rayonların sayı əhəmiyyətli dərəcədə artıb.

İlk dövrlərdə səfərlərlə bağlı kvota tətbiq olunurdu. Lakin 2024-cü ilin aprel ayından etibarən bir çox istiqamətlər üzrə günlük kvotalar ləğv edilib. Bu, vətəndaşların daha geniş miqyasda və daha çevik şəkildə səfər etmələrinə imkan yaradıb", - deyə qurumdan bildirilib.

Agentlikdən verilən məlumata görə, ən son dəyişiklik icazə müddətinin artırılması ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərə fərdi minik avtomobilləri ilə səfərlər üçün portal üzərindən əldə olunan icazənin müddəti 2 gündən 5 günədək uzadılıb.

"Digər prosedurlar isə dəyişməz olaraq qalır: icazə səfər tarixindən ən azı 2 gün əvvəl alınmalıdır, fərdi minik avtomobili üçün icazə 1 sürücü və maksimum 9 nəfər sərnişin üçün etibarlıdır, avtomobil B kateqoriyasına uyğun olmalı və Azərbaycan dövlət qeydiyyat nişanına malik olmalıdır", - AYNA bildirir.

Agentliyin açıqlamasında təhlükəsizlik məsələlərinin prioritet olduğu bir daha vurğulanır. Səfər icazəsi alan sürücülər və sərnişinlər "Yolumuz Qarabağa" portalında təqdim olunan mina təhlükəsizliyi və digər qaydalarla mütləq tanış olmalı, həmçinin bu barədə səyahət iştirakçılarını məlumatlandırmalıdırlar.

"İşğaldan azad edilmiş ərazilərə daxil olan şəxslər müvafiq məlumatlandırma və yoxlama mərhələsindən keçdikdən sonra səfərə başlaya bilərlər. Marşrutdan kənara çıxmaq, yolayrıcılarında diqqətsizlik və təhlükəsizlik qaydalarına laqeyd yanaşmaq ciddi təhlükə doğura bilər. Bütün səfərlər müəyyən olunmuş marşrut üzrə və təlimatlara uyğun şəkildə həyata keçirilməlidir", - AYNA vurğulayır.

Yeni mərhələnin başlanğıcı

Beləliklə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası yalnız infrastrukturla məhdudlaşmır. Bu proses eyni zamanda həmin ərazilərin iqtisadi və sosial dövriyyəyə qaytarılması, yeni həyat və gəlir mənbələrinin formalaşdırılması, milli turizm sektorunun dayanıqlı inkişafı ilə birbaşa əlaqəlidir. Giriş icazələri ilə bağlı edilən dəyişikliklər və rəqəmsal yanaşmalar bu istiqamətdə atılan ardıcıl addımların davamı kimi qiymətləndirilə bilər.

Son xəbərlər