Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?

Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?
Foto
Sosial 17

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonunda Bakıda 17 bazar və yarmarka fəaliyyət göstərib.

Bu göstərici əvvəlki illə müqayisədə bir vahid azalsa da, paytaxtın sürətlə artan əhalisi və istehlak tələbi fonunda bu sayın kifayət edib-etmədiyi sual doğurur. Diqqətçəkən məqamlardan biri odur ki, bəzi iqtisadi rayonlarda fəaliyyət göstərən bazar və yarmarkaların ümumi sayı Bakıda qeydə alınan göstəricini üstələyir.

Bəs paytaxtda fəaliyyət göstərən 17 bazar və yarmarka əhalinin tələbatını qarşılamaq üçün kifayət edirmi?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Statistik göstəricilər də maraqlı mənzərə ortaya qoyur. Komitənin məlumatına əsasən, iqtisadi rayonlar arasında ən çox bazar və yarmarka Qazax-Tovuzda (14), Mərkəzi Aranda (13) və Şirvan-Salyanda (11) fəaliyyət göstərir. Lənkəran-Astara və Şəki-Zaqatalada hərəsində 10, Quba-Xaçmazda isə 9 bazar və yarmarka qeydə alınıb.

Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?

"Bazar sayı əhalinin ehtiyaclarına uyğun olmalıdır"

Kənd təsərrüfatı üzrə ekspert Xaliq Məmmədov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, Bakı əhalisinin və turist axınının artması ərzaq məhsullarına tələbatı da yüksəldir. Bu baxımdan paytaxtda fəaliyyət göstərən bazar və yarmarkaların sayı əhalinin ehtiyaclarına uyğun olmalıdır: "Bakı böyük meqapolisdir və daim inkişaf edir. Həm daimi, həm də müvəqqəti yaşayan insanların, eləcə də turistlərin sayı artır. Buna görə də ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat yüksək olaraq qalır. Qida məhsullarının satışı həyata keçirilən pərakəndə və topdansatış məntəqələri müasir standartlara uyğun fəaliyyət göstərməlidir. Eyni zamanda, ölkəmizdə bazar və yarmarka mədəniyyəti formalaşıb. İnsanlar təzə məhsulları birbaşa fermerdən almağa üstünlük verirlər. Bu, fermerlə istehlakçı arasında birbaşa əlaqə yaradır, qiymətlərin daha münasib olmasına və alıcı üçün daha sərfəli alış imkanlarının formalaşmasına şərait yaradır. Fermer məhsulunu birbaşa sata bilmədikdə həm özü, həm də istehlakçı itirir. Belə hallarda vasitəçilərin sayı artır ki, bu da son qiymətə təsir göstərir".

Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?

"Yeni bazarlar yaradılmalıdır"

Ekspert hesab edir ki, paytaxtda əhalinin artımı fonunda yeni fermer bazarlarının yaradılması həm istehsalçılar, həm də istehlakçılar üçün daha əlverişli şərait yarada bilər: "Meyvəli Ticarət Kompleksi hazırda istehsalçıların məhsullarının satış şəbəkələrinə çatdırılmasında mühüm rol oynayır. Gələcəkdə iri market şəbəkələrinin fermerlərlə birbaşa əməkdaşlıq etməsi də həm istehsalçılar, həm də istehlakçılar üçün faydalı ola bilər".

Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?

"Müasir pərakəndə ticarətin inkişafı nəzərə alınmalıdır"

İqtisadçı Rauf Qarayev isə hesab edir ki, bazarların sayından daha çox satış infrastrukturunun dəyişməsi və müasir pərakəndə ticarətin inkişafı nəzərə alınmalıdır. Mütəxəssis bildirir ki, regionlarda və müxtəlif iqtisadi zonalarda bazarların sayının çox olmasına baxmayaraq, fermerlərin əsas hədəfi hələ də paytaxt bazarlarıdır: "Bunun başlıca səbəbi Bakının həm əhalisinin sayına, həm də gəlir səviyyəsinə görə digər regionları üstələməsidir. Bu amil fermer üçün məhsulunu daha sürətlə və gəlirli satmaq imkanı yaradır. Digər tərəfdən, bir çox halda fermerlər Bakıya özləri gəlmir. Müəyyən vasitəçilər yerlərdə məhsulu fermerdən birbaşa alaraq öz logistika vasitələri ilə Bakıya gətirir və satışını təşkil edirlər".

Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?

"Bazarlar sıxışdırılır"

Ekspert bildirir ki, sovet dövründən fəaliyyət göstərən iri bazarlar son illər müasir pərakəndə satış şəbəkələri ilə rəqabət aparır. Bu bazarlar yavaş-yavaş sıxışdırılır və onların yerini həyatımızın ayrılmaz hissəsinə çevrilən modern meyvə-tərəvəz dükanları və marketləri alır: "Bu meylin yaranmasının əsas səbəbi bazarlara gələn kəndlilərin sayının az olmasıdır. Məhsulu bazarlarda onsuz da alverçilər satır. Dövlət tərəfindən kəndliyə yerhaqqı ödəmədən satış etmək üçün müəyyən günlər ayrılsa da, kəndli günlərlə orada gözləməkdənsə, məhsulunu birbaşa vasitəçiyə verib kəndinə qayıtmağa üstünlük verir. Bununla yanaşı, müasir marketlərdə təmin olunan kondisionerli və sərin mühit məhsulların yay aylarında günün altında qalıb xarab olmasının qarşısını alır, həm alıcı, həm də satıcı üçün maksimum komfort yaradır. Əvvəllər alıcılar 10-20 qəpik ucuz məhsul tapmaq üçün kilometrlərlə yol qət edərək iri bazarlara gedirdilərsə, indiki şəraitdə nəqliyyat xərcini, yol tıxacını və zaman itkisini hesablayaraq məhəllə marketindən alış-veriş etməyi daha sərfəli hesab edirlər. Həmçinin bu marketlərdə günün sonuna doğru tez xarab ola biləcək məhsulların qiymətinin avtomatik aşağı düşməsi də sakinlərin ucuz məhsul almasına şərait yaradır".

Alıcı üçün rahatlıq, fermer üçün çətinlik

R.Qarayev bildirir ki, Bakıda pərakəndə satış nöqtələrinin (məhəllə marketlərinin) sayı əhalinin gündəlik tələbatını ödəmək baxımından tam yetərlidir və istehlakçının rahatlığı üçün bütün lazımi şərait var: "Lakin ənənəvi iri bazarların sıxışdırılması və kəndlinin şəhər bazarlarında birbaşa iştirak edə bilməməsi daxili bazarda vasitəçilərdən asılılığı artırır. Bu səbəbdən daxili bazarda rəqabət mühitinin qorunması və fermerlərin öz məhsullarını rahat reallaşdırması üçün mexanizmlərin təkmilləşdirilməsi vacibdir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər