Dəmiryol xəttinə yaxın fərdi evlər söküləcək? - RƏSMİ CAVAB

Dəmiryol xəttinə yaxın fərdi evlər söküləcək? - RƏSMİ CAVAB
Açıqlama
Sosial 104

"Azərbaycanın dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkət təhlükəsizliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Lakin dəmir yollarının mühafizə zonalarında qeyri-qanuni və ya təhlükə yaradan tikililərin mövcudluğu həm sərnişinlər, həm də həmin tikililərdə məskunlaşan vətəndaşlar üçün ciddi təhlükə törədir".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qeyd edilib ki, mühafizə zonasının eni dəmir yolu boyunca sağ və sol istiqamətlər olmaqla 24 metrdən 50 metrə qədər, bəzi yerlərdə 100 metr və daha artıq sahəni əhatə edir:

"Dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdə sıx məskunlaşma sakinlərin öz həyatını da riskə atır, bu ərazilərdə qatarların qarşısına qəfil insan çıxma halları intensivləşir, bu da təəssüf ki, bəzən faciə ilə nəticələnir.

Hər hansı bir hadisə baş verdikdə bu cür ərazilərə yanğınsöndürən, təcili tibbi yardım maşınları daxil ola bilmirdi. Halbuki dəmiryol xətti çəkilərkən mühafizə zonasının ayrılmasında məqsəd xüsusilə təhlükəsizliyin təmin edilməsidir.

Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini də çətinləşdirir. Nəticədə təmir müddəti uzanır, bu da qatarların hərəkət qrafikində uzun müddət ləngimələrə səbəb olur.

Dəmir yolunun mühafizə zonasında yerləşən ərazilərdəki sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir. Dəmiryol xətlərinə yaxın ərazilərdə inşa olunmuş fərdi evlər, obyektlər dövlət əhəmiyyətli layihələrin icrasında, o cümlədən dəmiryol xətlərinin bərpasında da bir sıra çətinliklər törədir.

"Azərbaycan Dəmir Yolları" QSC qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir".

Orxan Hüseyn

Son xəbərlər