Şaftalı, əriyin kilosu 12 manat - "8-ci km" bazarında QİYMƏTLƏR (VİDEO)
Havalar isindikcə yazlıq meyvə-tərəvəzlər də yavaş-yavaş bazarlara çıxarılmağa başlayıb. Bakı bazarlarında mövsümi meyvələrdən çiyələk və alça, tərəvəzlərdən isə xiyar, kök, kartof və turp gözə dəyir.
BAKU.WS Apa TV-yə istinadən xəbər verir ki, nübarlıq meyvə və tərəvəzlərin qiyməti ilə maraqlanmaq üçün üz tutduq paytaxtın "8-ci kilometr bazarı”na.
Həftəiçi olmasına baxmayaraq, burda alıcı bolluğu yaşanırdı. Qiymətlər isə paytaxtın digər bazarlarından az da olsa, fərqlənirdi.
Buna baxmayaraq, alıcılar bahalıqdan şikayətlənir.
Bazarda səliqə ilə düzülən bu meyvələrin yanından etinasız keçmək olmurdu.
Müşahidələrimiz göstərdi ki, yazlıq meyvə-tərəvəzlərin qiymətləri bahadır. Pomidorun kiloqramı 4 manatdır. Bakı və Qazax pomidorunun qiymətləri eynidir. Xiyarın kiloqramı 1.50-2 manat arasında dəyişir. Yaşıl lobya 3 manat, yerli badımcanın kiloqramı 3 manat, Türkiyə məhsulu isə 2 manatdan satılır.
Qara üzüm yarpağının kiloqramı 3 manata, ağ üzüm 2 manata təklif olunur. Göyərtinin 6 dəstəsi 1 manat, qırmızı turpun kiloqramı 1 manat, kahının 1 dəstəsi 20 qəpik, Zirə pomidorunun qiyməti 1.70 qəpik, xiyar 1,20-1.50 qəpik, Ağdam soğanı 70 qəpik-1 manat, təzə kartofun kiloqramı 1.50-2 manat arasında dəyişir.
Nübarlıq göycənin kiloqramı 5 manat, çiyələyin qablaşdırılmış 200 qramı 2 manat, kiloqramı 5-6 manat arasında dəyişir, şaftalı və əriyin kiloqramı isə 12 manatdan satılır. Bananın kiloqramı 3 manat, almaların kiloqramı 1-2 manat arasında dəyişir.
Satıcıların sözlərinə görə, bazarda yerli məhsullar artdıqca, qiymətlər də enəcək. Onlar nübar meyvələrin alıcılarının daha çox uşaqlar və hamilə qadınlar olduğunu bildirirlər: "Yaşıl bibər 3.50 qəpik, rəngli bibərlər 4 manat, acı bibərin kiloqramı 3 manat, lobya 3 manat, sarımsaq 8 manat, tərəvəzlərdən daha çox pomidor baha satılır. O da havalarla bağlıdır. Havalar isindikcə yazlıq meyvələrin qiyməti demək olar ki, yarıbayarı azalacaq. İndi çiyələk 5 manatdan satılır, mayın 15-dən sonra çiyələk və digər meyvələrin də qiyməti stabilləşəcək".
Kənd toyuqlarının kiloqramı 4 manatdan təklif olunur: "Quzu əti satırıq. Bizdə mal əti olmur. Bərdədən gətirmişəm. Öz təsərrüfatımdandır. Kiloqramı 7.50. Bundan baha qiymətə ət satmamışam".
Mütəxəssislər iyunda albalı, alça, ərik, şaftalı, tut, təzə kartof, təzə paxla, göy noxud, bibər, pomidor, xiyar, kol paxlası, iyul ayında ərik, şaftalı, yemiş, sarı alça, qarpız, gilas, təzə paxla, badımcan, bolqar bibəri, avqust ayında isə yemiş, armud, şaftalı, albalı, böyürtkən, əncir, üzüm, bibər, balqabaq, qarğıdalı yeməyi daha məqsədəuyğun hesab edir.
Hazırda satışda olan və plastik qablarda saxlanılan meyvələr bizim sağlamlığımız üçün ciddi təhlükə mənbəyi hesab edilir. Məsələn, ərik dərildikdən sonra üç-beş gündən artıq qalmamalıdır.
Vaxtından tez bazarda yer alan məhsullar isə əsasən xaricdən idxal edilən və istixanalarda yetişdirilən məhsullardır. Bu səbəbdən onlardan istifadə zamanı müxtəlif xəstəliklərin, zəhərlənmə hallarının ola biləcəyi istisna edilmir.
BAKU.WS
Oxşar xəbərlər
Çiyələyin kilosu 5 manata, alçanın ədədi 15 qəpiyə - VİDEO
Havalar isindikcə yazlıq meyvə-tərəvəzlər də yavaş-yavaş bazarlara çıxarılmağa başlayıb. Bakı bazarlarında mövsümi meyvələrdən çiyələk və alça, tərəvəzlərdən i...