9 sentyabr Beynəlxalq Gözəllik Günüdür

9 sentyabr Beynəlxalq Gözəllik Günüdür
Sosial 122

Bu gün Beynəlxalq Gözəllik Günüdür.

Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) hər il 9 sentyabrın Beynəlxalq Gözəllik Gününün elan olunması təşəbbüsü ilə çıxış edib. 1995-ci ildən başlayaraq, hər il sentyabrın 9-u Beynəlxalq Gözəllik Günü kimi qeyd olunmağa başlayıb.

Hər ilin bu günündə bir sıra ölkələrdə gözəllik müsabiqələri keçirilir.

Həmin müsabiqələrdə iştirak edən zərif cinsin nümayəndələrinin heç də hamısı klassik sayılan 90-60-90 parametrlərinə uyğun olmur. Münsiflər heyəti iştirakçıların zahiri görkəminin mütənasibliyi, bənzərsiz gözəlliyi ilə seçilən xanımlara üstünlük verir.

Dünyada ilk "Gözəllik yarışması" üç ilahənin - Hera, Afrodita və Afinanın mifik rəqabəti əsasında təşkil olunub.

Həmin ilahələr münsif qismində isə adi insan olan Parisi seçiblər. Paris əsas mükafat olan almanı və ən gözəl xanım adını Afroditaya verib. Hazırda dünyada 4 əsas gözəllik müsabiqəsi mövcuddur: Dünya gözəli, Kainat gözəli, Miss İnternational və Yer kürəsinin gözəli.

İlk kainat gözəli titulunu finlandiyalı Armi Kuusela qazanıb. Lakin çox maraqlı faktlardan biri də odur ki, 1952-ci ailə həyatı quran Armi həmin tacdan imtina edərək, öz pərəstişkarlarını çox təəccübləndirmişdi.

Gözəllik yarışmasında iştirak edən xanımlar mütləq orada tətbiq olunan qaydalara uyğun olaraq seçilirlər. Əsasən qaliblə seçilmək üçün boy, bədən proporsiyaları və s. gözəllik standartları əsas götürülür. Bundan başqa bir çox beynəlxalq yarışmalarda tələblərdən biri müsabiqə iştirakçısının ailə qurmaması və uşaq dünyaya gətirmiş olmamasıdır. Həmçinin iştirakçılar mütləq savadlı və mədəni olmalıdır.

Müsəlman ölkəsi hesab olunan İndoneziyada da gözəllik yarışması keçirilir. Burada meyarlar başqadır. Qızlar səhnəyə hicabda çıxır, müsif heyətində isə əsasən uşaqlar əyləşir. Burada yarışma müsəlman qadınının zərifliyini və gözəlliyini vurğulamaq üçün keçirilsə də, qızlardan mərhəmətli qəlbə sahib olmaq, Qurani-Kərimdən parçalar söyləmək, dini baxımdan qadınlara nəyə icazə verilməsi və ya qadağa qoyulması haqda bilgilərə sahib olmaq tələb olunur. Qalib olan xanıma tac və Quran hədiyyə olunur.

"Kainat gözəli"nin qalibinin bir sıra öhdəlikləri var: "Kainat gözəli" seçilmiş xanım dünyanı səyahət etməli, Nyu- Yorkda yaşamalı və ərə getməməlidir. Həmçinin bu titulu daşıyan xanım müxtəlif tədbirlər hazırlayaraq QİÇS-lə və süd vəzi xərçəngi ilə mübarizə aparan insanlara dəstək olmalıdır.

Venesuaelada gözəllik kraliçası yetişdirən xüsusi akademiyalar var. Bu sahəyə maraq o qədər çoxdur ki, insanlar qızlarını bura göndərirlər. Həmin akademiyaların mənfi tərəfi odur ki, burada 18 yaşına çatmayan qızlar müxtəlif kosmetik prosedurlardan və boy uzatmaq üçün hormonal terapiyalardan keçməlidirlər.

Son xəbərlər