SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Mağazalarda siqaret od qiymətinədir. Mənim bir ay əvvəl 1,9 manata aldığım siqaret indi 3,3 manatadır. Günü-gündən də siqaretin qiymətini artırırlar. Dollar biraz bahalaşan kimi topdansatışda siqaret satışı dayanır və dərhal qiymətlər dəyişir".      
 
Bunu BAKU.WS-in mələkdaşı ilə söhbətində paytaxt sakini Sahib Məmmədov söyləyib. Sahib dayı çörəyini taksi sürməklə çıxarır. Yaşı 45-i ötsə də Sahib dayı öz ailəsini dolandırmaq üçün gecə-gündüz çalışır. O deyir ki, bircə siqaretə maraq salmışdı, onu da hər gün bahalaşdırırlar. Gündə iki qutu siqaret alan taksi sürücüsü qiymətlər artandan sonra tütünə azı 3 manat ödəyir.
    
Təəssüf ki, son illərdə Azərbaycanda siqaret çəkənlərin sayı həddindən artıq çoxalıb. Dünyada istehsal olunan siqaretlərin sayını siqaret çəkənlərin sayına böldükdə, digər ölkələrdə adambaşına düşən siqaret qutusunun sayı 40 ədəd olduğu halda, ölkəmizdə bu göstərici rəsmi statistikaya görə 53 ədəddir. Amma bəzi mənbələrdə bu rəqəm hətta 74 qutudur. Halbuki 10 il əvvəl tələbat 20 qutu olub.
 
Məlum məsələdir ki, Azərbaycan tütün istehsalı üçün zəngin təbiətə sahib olmasına baxmayaraq idxaldan asılıdır. Xüsusilə Şəki və Zaqatalada keyfiyyətli tütün əldə etmək mümkündür. Dövlət başçısı da son iclaslarında Azərbaycanın idxaldan asıllığının minimuma endirilməsi ilə bağlı tapşırıqlar verib. Məhz bu strategiyaya uyğun olaraq zəruri addımlar atılır. 
 
İlham Əliyev ötən gün ölkəmizin idxaldan asıllığını azaltmaq məqsədi ilə tütün, pambıq və şərabçılıqla bağlı sərəncamlar verib. Bu sərəncamlara əsasən, artıq Azərbaycana xarici ölkələrdən geni dəyişdirilmiş məhsullar gətirilməsi və dövriyyəsi qadağan edilir. Xüsusilə "Tütün və tütün məmulatı haqqında” qanunda edilən dəyişikliklərdən sonra bu sahədə istehsalın canlanacağı gözlənilir. 
 
İqtisadçı Vahid Məhərrəmov BAKU.WS-ə açıqlamasında bildirir ki, Azərbaycanın torpaq iqlim şəraiti keyfiyyətli tütün istehsal etməyə imkan verir. Mütəxəssisin fikrincə, artıq ölkəmizə yeni tütün sortları gətirilib və torpağa adaptasiya edilib: "Əgər biz yerli istehsala üstünlük versək, tütün bizim üçün daha ucuz başa gələ bilər. Bununla yanaşı, biz ucuz məhsul istehsal edə bilsək qonşu ölkələrə də ixrac edə bilərik. Bəzi ölkələrin iqlim şəraiti tütün istehsalı üçün əlverişli deyil. Biz tütün istehsalı ilə məşğul olmaqla əldə etdiyimiz məhsulları həm xammal kimi, həm də hazır məhsul kimi dünya bazarına çıxara bilərik. Bununla da əlavə gəlir əldə edə bilərik", - deyə iqtisadçı vurğulayıb.   
 
Azərbaycanın yerli istehsala üstünlük verməsindən sonra ölkəmizdə tütün məhsullarının qiymətinin xeyli dərəcədə ucuzlaşacağını güman etmək olar. Əlbəttə ki, Azərbaycan siqareti idxal yox, istehsal etsə o zaman qiymətlər hazırkı rəqəmlərdən dəfələrlə aşağı olacaq. bununla yanaşı, aldığımız siqaret həm keyfiyyətli, həm də ucuz olacaq.  

Şahin Həbibov
BAKU.WS