Mətbəxini icazəsiz dəyişənlərə XƏBƏRDARLIQ

Mətbəxini icazəsiz dəyişənlərə XƏBƏRDARLIQ
Sosial 924

"Azəriqaz" İstehsalat Birliyi mənzillərdə və obyektlərdə keçirilən qaz müayinələri zamanı aşkarlanan qayda pozuntuları ilə bağlı müayinələr aparır.

Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-insorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, yoxlamalar "Qaz təchizatı haqqında" Qanuna, eləcə də Nazirlər Kabinetinin 215 saylı qərarına əsasən həyata keçirilir.

Qaydalara uyğun olaraq, istehlakçılar müayinə tarixi barədə beş iş günü əvvəl poçt, elektron məktub və ya digər kommunikasiya vasitəsilə məlumatlandırılır. Müayinə başa çatdıqdan sonra akt tərtib edilir və bir nüsxəsi istehlakçıya təqdim olunur.

Birlikdən verilən məlumata görə, əsas nöqsanlar arasında tüstü bacalarının düzgün quraşdırılmaması, sorma qüvvəsinin zəif olması, eləcə də qaz qurğularının layihədə nəzərdə tutulmayan yerlərdə quraşdırılması halları üstünlük təşkil edir.

"Bəzən qaz kəmərləri görünməyən yerlərdən çəkilir, rezin şlanqlardan istifadə olunur və ya qaz və dəm qazı detektorları ümumiyyətlə olmur. Həmçinin mətbəx otaqlarının icazəsiz şəkildə yerinin dəyişdirilməsi halları da müşahidə edilir", - deyə "Azəriqaz"ın məlumatında qeyd olunur.

Qurum bildirir ki, texniki normativlərə əsasən dörd gözlü qaz sobası üçün 15 m³, üç gözlü soba üçün 12 m³, iki gözlü soba üçün isə 8 m³ həcm tələb olunur.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün istehlakçılara bir aydan artıq olmayan müddət verilir. Əgər problem aradan qaldırılmazsa, qaz təminatı dayandırıla bilər. Bununla yanaşı, qazdan təhlükəsiz istifadə qaydaları barədə vətəndaşların maarifləndirilməsi məqsədilə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə təbliğat işləri də aparılır.

Birlikdən bildirilib ki, son dövrlərdə aparılan maarifləndirmə nəticəsində pozuntu hallarının sayında azalma müşahidə olunur. Xüsusilə də mətbəx otaqlarının icazəsiz dəyişdirilməsi hallarına getdikcə daha az rast gəlinir.

Banu Hüseynli

Son xəbərlər