Kəmalə Piriyeva sevdiyi kişidən danışdı : "Artıq mənə baryer qoyulub"
Bu qız əslində, aparıcıdır. Amma son vaxtlar onu yalnız aktrisa kimi görürük. Bir çox məşhur seriallarda rol alıb. Bu mənada özünü bəxtigətirmişlərdən sayır.
BAKU.WS yenicag.az-a istinadən bildirir ki, Kəmalə Piriyeva yaşamından danışıb?
- Son vaxtlar serialların ulduzuna çevrilmisən. Daha səni aparıcı kimi görə də bilmirik. İlk dəfə aktrisa kimi səni kəşf edən kim oldu?
- Həm aktrisa, həm də müğənni kimi mənə yaşıl işıq yandıran "SOY" prodakşın olub. Xatırlayırsınızsa, ilk dəfə onların ATV kanalı ilə birgə layihəsi olan "Yeni ulduz" musiqi yarışmasında aparıcı kimi çıxış etmişəm. Daha sonra yenə də həmin prodakşının "Sirr" adlı serialında özümü aktrisa kimi sınadım. Yavaş-yavaş rejissorlar məni seriallara dəvət etməyə başladılar.
- Səncə, rejissorların diqqətini necə cəlb etmisən: gözəlliyinlə, yoxsa, aktrisalıq qabiliyyətinlə?
- Həm rejissorlar, həm də tamaşaçılar mənə deyirlər ki, çox təbii oynayırsan, səndə sünilik yoxdur. Qaldı ki, gözəlliyə, nə gizlədim, xarici görünüşə görə də təriflər olur.
- Sənin üçün rolun fərqi var?
- "Miras" adlı serialda kəndçi qızını canlandırdım, özü də Büllurə obrazını sevə-sevə oynadım. Heç vaxt deməmişəm ki, məni mütləq filan cür qrim etməlisiniz, gözəl görünməliyəm, bu paltarı yox, o birini geyinməliyəm. Yəni kaprizli deyiləm, hətta serialda çirkin görünsəm də bu, məndə kompleks yaratmaz. Əksinə, hər şey təbii olanda, obraz da tamaşaçı tərəfindən qəbul olunur. Rəngarəng obrazlar yaratmaq arzusundayam.
- Həyatda necə, komplekslərin varmı?
- Yoxdur, demək olar ki, sərbəst biriyəm. Özümü necə rahat hiss edirəmsə, o cür geyinirəm, o cür davranıram. Başqalarının düşüncəsi ilə oturub-durmuram, ay filankəs nə deyər, nə danışar, bu, mənə maraqlı deyil.
- Səncə, vücudunda sənə gözəllik verən nədir?
- Nə bilim, onu siz deyin.
- Səndən soruşuruq.
- Məncə saçlarım.
- Həm aparıcısan, həm də aktrisa - hansını özünə daha yaxın bilirsən?
- Son vaxtlar daha çox aktrisa kimi fəaliyyət göstərmək istəyirəm. Bu, mənə daha xoş gəlir. Çünki həm maraqlıdır, həm də özümü rahat hiss edirəm. Həm də bu saat elə bir veriliş yoxdur ki, məni dartıb efirə aparsın. Arzuladığım layihə hələ ki, olmadığından seriallara çəkilmək xoşuma gəlir.
- Çəkildiyin seriallarda açıq-saçıq səhnələrə razılıq verərsən? Məsələn, erotik səhnələrə...
- Hələ ki, elə bir səhnəyə çəkilməmişəm. Həm də rejissorlarımız bizi başa düşür və elə səhnələrə dəvət etmirlər. Azərbaycanda bu yaxşı qarşılanmır axı.
- Birdən dəvət etsələr, reaksiyan necə olar?
- Etiraz edərəm.
- Sosial şəbəkədə haqqında daha çox nə yazırlar?
- 99,9 faiz yaxşı rəylər yazırlar. 1 faiz qalır ki, onlar da çoxluğun içində itib-batırlar. Mən də yazdıqlarına heç əhəmiyyət vermirəm.
- Elə bir fikir yazıblarmı ki, səni ağlamağa vadar edib?
- Yox ağlamağıma səbəb olacaq rəylər yazılmayıb. İradlar olur, məsələn, yazırlar ki, sən nə qədər gülürsən? Elə bütün şəkillərində gülürsən. Hərdən yüksək-əhval-ruhiyyəm, pozitivliyim bəzilərinə xoş gəlmir, onların qanını qaraldır.
- Səni sevindirmək asandır, yoxsa çətin?
- Şıltaq, şən biriyəm, hər xırda şeydən sevinib, əhvalımı yüksəldə bilirəm.
- Sevənlərin çox olar...
- Əlbəttə çoxdur...
- Dalınca düşüb, sevgi etirafı etmək asandır?
- Yox. Oğlanlar dalımca düşüb, mənə söz ata da bilməz. Artıq mənə baryer qoyulub.
- Ailə qurarkən, səni "ya sənət, ya mən" dilemması qarşısında qoymayacaq ki?
- Elə şey olmaz, çünki sevdiyim şəxs sənəti sevən biridir. Amma istəmirəm onun barədə çox danışım.
- Xeyli arıqlamısan. Pəhriz saxlayırsan?
- Pəhriz saxlamıram e, ac qalıram. (gülür)
- Neçə kilosan ki?
- 54 kiloyam, amma hədəfim 51-ə düşməkdir. Yəqin ki, yayda istədiyim çəkiyə sahib olacam.
BAKU.WS
Oxşar xəbərlər
Xalq artistinin qalmaqallı qızı niqaba büründü, ikinci dəfə ana oldu
Bir müddət qalmaqallı şəkilləri və atası haqda açıqlamaları ilə gündəmi zəbt edən aktrisadan xəbər var. BAKU.WS 1xəbər.com-a istinadən xəbər verir ki, söhbət...