Sakin 30 ildir məskunlaşdığı evdən çıxarılır: "Hasar çəkiləndən sonra dedilər ki, sizi tanımırıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin qaynar xəttinə müraciət edən Süleyman İsgəndərov bildirib ki, Zəngilan şəhərindən məcburi köçkün düşdükdən sonra 1996-cı ildə paytaxtın Nərimanov rayonu, Keşlə qəsəbəsində, Keşlə yük həyətinin ərazisində ev tikərək orada yaşamağa başlayıb.
Onun sözlərinə görə, 2012-ci ildə "6-cı Mərtəbə" tikinti şirkətinin əməkdaşları yaşadığı əraziyə gələrək torpaq sahəsinin şirkət tərəfindən satın alındığını bildiriblər.
Süleyman İsgəndərov iddia edir ki, şirkət nümayəndələri əvvəlcə ona və bir neçə ailəyə yaşadıqları həyətlərin əvəzində tikiləcək yeni binalardan mənzil veriləcəyini vəd ediblər:
"Fərhad adlı bir şəxs gəldi, dedi ki, bu yeri "6-cı Mərtəbə" şirkəti olaraq satın almışam. Dedim, bəs mən burada yaşayıram, necə almısan? Dedi ki, narahat olma, sənin üçün də yaxşı olacaq. Sənin üçün yaxşı plan hazırlamışam, ev tikəcəyəm, bu evi də sizə verəcəyəm. Dedim ki, indi bu evi tikəndən sonra özünə götürəcəksən? Dedi ki, yox, sizə çıxarış da verəcəyəm, sizi lazımi qaydada təmin edəcəyəm. Hasarı çəkməyimizə icazə verdilər. Lakin hasar çəkiləndən sonra dedilər ki, sizi tanımırıq. Bundan sonra polis də daxil olmaqla müxtəlif qurumların əməkdaşlarını üstümüzə göndərdilər. 14 ildir bizi bu vəziyyətdə qoyublar. Əsir-yesir qalmışıq".
Şikayətçinin iddiasına görə, qiymətləndirmə nəticəsində yaşadığı 200 kvadratmetrlik əraziyə görə ona 438 min manat kompensasiya ödənilməli olsa da, həmin məbləğ bugünədək verilməyib.
Məsələ ilə bağlı "6-cı Mərtəbə" tikinti şirkətinin nümayəndəsi Murad Yaqubov bildirib ki, sözügedən ərazi şirkətin xüsusi mülkiyyətindədir.
Onun sözlərinə görə, mülkiyyətçi hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət edib və Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında həmin ərazidə məskunlaşan şəxslərin oradan çıxarılması təmin olunub.
Şirkət nümayəndəsi onu da əlavə edib ki, şirkət tərəfindən həmin şəxslərə həyətlərinin müqabilində kompensasiya ödəniləcəyi ilə bağlı heç bir vəd verilməyib və bu istiqamətdə hər hansı öhdəlik götürülməyib.
Oxşar xəbərlər
Azərbaycanda kişilərin ölüm göstəricisi qadınlardan yüksəkdir: Diqqətçəkən faktlar, səbəblər
Azərbaycanda kişilərin qadınlarla müqayisədə daha yüksək ölüm göstəricisinə malik olması diqqət çəkir. Xüsusilə gənclər arasında qeydə alınan fərq bir sıra sual...