Həsənağa Sadıqovun oğlu: Atam 20 dəqiqə əvvəl keçindi
01
avq
2018
22:12
Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar artisti Həsənağa Sadıqov dünyasını dəyişib.Oğlu Elşən Sadıqovun BAKU.WS-ə verdiyi xəbərə görə, əvəzedilməz musiqiçi keçinib."Atam demək olar ki. hər gün komaya düşürdü. Bu gün səhərdən can üstəydi. Dedik yenə ayılacaq. Ayılmadı... 20 dəqiqə bundan əvvəl keçindi"-E.Sadıqov bildirdi. Mərhum sabah doğmalarının uyuduğu Salyan rayonu Noxudlu kənd qəbristanlığında torpağa tapşırılacaq.Qeyd edək ki, 67 yaşlı H.Sadıqov uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu səhər Hacı Nuran onun ölüm xəbərini yaymışdı. Lakin oğlu zəng edərək atasının hələ sağ olduğunu bildirmişdi.Xatırladaq ki, Həsənağa Bilal oğlu Sadıqov 1950-ci il dekabırın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O, xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. H.Sadıqov 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışardı. O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib. 1985-ci il H. Sadıqovun həyatında daha əlamətdar tarix olub. Həmin ildə Ümumdünya musiqi festivalında iştirak edən Həsənağa müəllim bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın Qızıl medalı ilə təltif olunub. Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramları ilə çıxış edib. Hazırda onun diskləri Amerika və Afrika ölkələrində, Norveçdə, Vyetnamda, Almaniyada satılır.1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onun köməkliyi və təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb və bu gün də fəaliyyət göstərir.Allah rəhmət etsin!Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Ölüm xəbəri yayılan Həsənağa Sadıqovun oğlu: "Atam sağdır, Hacı Nuran..."
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış musiqiçi Həsənağa Sadıqovun vəfat etməsi barədə Hacı Nuran sosial mediada məlumat yayıb .BAKU.WS xəbər verir ki...