SİZİN REKLAM BURADA!
055 213 76 73



Eks-teleaparıcı Aydan Axundovanın "Qafqazinfo”ya müsahibəsi

- Elə aparıcılar var ki, illərdir efirdə görünmür, lakin yaddaşlardan silinmir. Siz də belə simalardansız…

- Axırıncı dəfə 2009-cu ildə efirdə olmuşam. Yəni, efirdən uzaqlaşandan 3-4 il müddətində simamı tanıyırdılar. Artıq 7 il keçib. Səsim isə yadda qalan səsdir, xüsusi bir özəlliyi var. İnsan dəyişə bilər, ancaq səsi heç vaxt dəyişməz. Çox vaxt xarici görünüşümdən tanımasalar da, səsimdən tanıyırlar. Səsimlə yadda qalmışam. Xarici ölkələrə səfər edən zaman orada da məni tanıyırlar. Hətta, anam da təəccüblənir. Deyir ki, görürsən? Hələ də yaddan çıxmamısan.

-İndi nə işlə məşğulsuz?

-Hazırda heç bir işlə məşğul deyiləm. Televiziyadan sonra başqa sahələrdə çalışmağa başladım. Amma bu yaxın zamanlarda ciddi bir işlə məşğul olmaq barədə düşünürəm.

- Efirdən uzaqlaşandan sonra bir müddət brend mağazalarla əməkdaşlıq etməyə başladız.

- Şəhərin sevilən bir brend mağazasının direktoru oldum. Bütün idarəçilik mənim boynumda idi. Həmin brendin 5 mağazası var idi, həmin 5 məkanı da mən idarə edirdim. Möhtəşəm açılış oldu, bütün model və qonaqları özüm seçmişdim.

- Bəli, xatırlayıram. Adriana Lima, Tarkan Bakıya gəlmişdi. Yeri gəlmişkən, onlara nə qədər qonorar ödəmişdiz?

- Düzdü, Adriana Lima, Hadise, Tarkan və başqa ulduzları açılışa gəlmişdi. Adriananı 100 min dollara gətizdirmişdik. Təxminən deyirəm, ancaq o, komandası ilə birgə gəlmişdi. Tarkan isə çox baha oldu, 250 min dollar qonorar vermişdik.

- Siz də televiziyaya bir mərhələ kimi baxdınız. Gəldiz, məşhur olduz və başqa sahəni seçdiz.

-Mən tanıdığım aparıcılara da deyirəm ki, TV bir tramplindir. Artıq siman tanınandan sonra hər şey sənin üçün rahat olur. Yəni, səni asanlıqla işə götürə bilərlər.

-Özünüz də brend geyimlərə üstünlük verirsiz…

- Bəli, geyim almağı sevirəm. Kefim olmayanda, ürəyim sıxılanda düşürəm mağazaların canına. Paltarbazam, bunu hamı bilir. Elə paltarlarım var ki, qarderobumdadır, etiketləri də üstündə… Yeni mövsüm gələndə baxıram ki, yay keçib, amma həmin geyimdən istifadə edə bilərdim. Olur belə şeylər. Depressiyaya düşmürəm, mənə heç çatmır. İnsanın əhvalı olmur, o zaman şoppinqə gedim. Ətrafımda belə insanlar görəndə əsəbiləşirəm, onlar mənə çatmır. Başa salmaq istəyirəm ki, həyat gözəldi, belə etmə. Ancaq başa düşmür, mən isə əsəbiləşirəm.
 

 

- Əvvəl iddia olunurdu ki, siz sevgilinizə görə efirdən getdiz, TV ilə vidalaşdız.

- Çox adam belə fikirləşdi. Mən ATV və Xəzər TV-də işləmişəm. Xəzər TV-də efirdən vidalaşdım, çox insan elə bildi ki, ailə həyatı qurmuşam. Elə bu səbəbdən TV ilə vidalaşmışam. Ancaq məsələ belə deyildi.

- Bəs niyə efirdən uzaqlaşdız?

-Həmin vaxt məni işə dəvət etmişdilər. Elə bayaq dediyim brend mağazasından. Təklifi dəyərləndirdim, pis çıxmasın, amma efirdən bezmişdim. Daha doğrusu, desək standartlılıqdan bezmişdim. Nəsə yenilik axtarırdım, həyatımda da yenilik etməyi sevirəm.

- Yeri gəlmişkən, niyə ailə həyatı qurmamısız?

- Xüsusi bir səbəbi yoxdu. Qismətdən çox şey asılıdır. Amma bir az kaprizliyəm. Bunu yaxın dostlarım, rəfiqələrim bilir. Xırda bir səhv o insanın gözümdən düşməsi ilə nəticələnir. İnsanda birinci dürüstlüyə qiymət verirəm. Çox şeyi bağışlaya bilərəm, ancaq düzgün insan deyilsə, məndən uzaq olsa yaxşıdır. Ən əsası isə yalan danışmasın. Hər şey düzələr, ancaq yalan danışmaq düzgün bir şey deyil.

- Müəyyən yaşa gəlmisiz. Ailəniz də müəyyən qədər seçimlərinizə qarışır. Nə əcəb ailə qurmağınız barədə basqı etmirlər?

- Anam özümdən betər kaprizlidir. Həmişə deyir ki, ailə qur, övladın olsun. Ancaq bəy namizədi olanda o məndən daha çox kapriz edir. Heç nəyi bəyənmir. Anamla atama çox bağlıyam, onları heç kəsin ayağına vermərəm, heç bir kişi onlardan üstün ola bilməz.
 

 

- Və bir müddətdən sonra kaprizlərin mənasız olduğunu düşünürlər. Bir neçə aparıcı kaprizlərinə görə ailə həyatı qura bilməyib.

- Deyirlər ki, insan bir yaşa gəldikdən sonra heç nəyə baxmasın. Mənim 50 yaşım olsa belə, bu cür fikirdə olmayacam. İndiki qızlarda belə bir xarakter formalaşıb. Onlar ailə qurmaq xətrinə ərə gedirlər. Deyirlər ki, daha sonra nə olarsa, olsun. Söyləyirlər ki, alınmaz, sonra boşanarsan. Bu nə deməkdi? Bizdə bütöv ailə dəyəri mövcüddür. Mən öz ailəmdə bütövlük görmüşəm.

İstəmərəm ki, evlənim, övladım dünyaya gəlsin, sonra boşanım. Niyə övladım atasız böyüməlidir? Övladıma bu hissləri yaşatmaq istəmirəm. Övladımın olmağını çox istəyirəm. İnşallah, mənə də qismət olar. Demirəm ki, oğlan hər tərəfli olsun. Sadəcə olaraq kişi xarakteri olsun, yalanı olmasın. Bilim ki, arxam və dayağım var.

- Aparıcıların bəziləri də peşələrindən sui-istifadə edirlər. Efirə siz demiş tramplin kimi baxırlar. Onlar efirdən daha çox tanınmaq və özlərinə yaxşı sevgili tapmaq üçün istifadə edirlər.

- İndiki dövrdən xəbərim yoxdu, ancaq əvvəllər belə deyildi. Aparıcılar sevgili tapmaq üçün efirə çıxmırdılar. Məqsəd o deyildi. Aparıcı adından istifadə edib gözəl biznes qura bilər. Bu çox gözəl bir şeydir. Ola bilər, 200 min sosial şəbəkədə izləyicisi var, mağaza açır və instaqramda məhsullarını reklam edir. Baxın, bu çox yaxşı bir şeydir. Sizə bir söz deyim, əvvəllər aparıcılar şou proqramları idarə edirdi.

Mənə ailəm icazə vermirdi. Hazırda aparıcılar toy aparır, əslində çox yaxşı bir şeydir. Onların maaşları cüzidir. Hamımız bunu bilirik, maaş azdır, gecikmələr də olur. Kənardan baxanlar elə bilir ki, aparıcılar çox pul qazanır. Bunu etiraf edək ki, aparıcılar ailəsini dolandırmalıdır, hansısa bir iş qurmalıdır. Ömrünün sonuna kimi aparıcı olmayacaq ki? Nə etsinlər? 
 

 

- Elə bil TV aparıcıları da müğənnilərlə eyni taleyi yaşayır. Onlar da ailə quran zaman çətinliklərlə üzləşirlər. Sizcə, bunun səbəbi nədir? Aparıcılar da şou əhli kimi cəmiyyətə özlərini düzgün təqdim edə bilmirlər?

- Bizim dövrdə TV işçilərində problemlər olurdu. Anam deyirdi ki, sən efirə çıxacaqsan, sonra isə ailə qurmağında problemlər yaranacaq. İndi isə hər şey dəyişib, müğənnini də, aparıcını da rahat alıb evinə gəlin gətirirlər. Əsas insanın özündən asılıdır. Hər sahədə pis və yaxşı insanlar var. Həkim və müəllimlərə ilahi varlıq kimi baxırıq. Məgər həkim və müəllimlər arasında yolunu azan qadınlar yoxdu? Efir insanları gözdə olur, ona görə də söz-söhbətlər çox olur.

-Düzdü, belə problemlər indiki dövrdə müəyyən qədər azalıb. Ancaq onlara qarşı fikirlər birmənalı deyil. Hətta, sosial şəbəkələrdə yazılan tənqidlərdən hər şeyi başa düşmək olur.

- Sosial şəbəkələrdə lazımsız şərh yazanlara qeyri-ciddi insan kimi baxıram. Onlar ancaq bekar və həyatdan küsmüş şəxslərdir. Kiminsə ailəsində problem varsa, başqasının üstünə qusmaq istəyir. Bütün əsəb və hirsini tanımadıqları şəxslərə yazır, şəkillərinə rəy bildirir. Qısası, ağzına gələni deyir.

- TV-dən uzaqlaşsaz da, şou-biznesdə çox yaxşı dostlarınız var, onlarla münasibətlərinizi hələ də saxlamısız.

-Şou-biznes adlanan yerdən xoşum gəlmir. 2009-cu ildən uzaqlaşmışam, həmin arenanın da bir üzvi kimi məni təqdim etməsinlər, istəmirəm. Amma TV-dən çox şey qazandım. Xeyli dostlarım oldu. Elə bil ki, özümə bacı qazanmışam. Məsələn, İlahə adlı xanım aparıcı var idi. "Şeyker” verilişinin aparıcısı idi. Onun kimi rəfiqə qazanmışam. İlkin və başqaları da çox yaxşı dostlardır.

-Bildiyimizə görə efirə çıxmağınızda keçirdiyiniz qəzanın rolu böyük olub. Doğrudur?

- 2003-cü ildə anamla birgə avtomobil qəzası keçirdim. Ondan sonra həyatım dəyişdi. Uşaqlıqdan ən böyük arzum aparıcı olmaq idi. Ailəm buna icazə vermirdi. Onlar bu peşənin qeyri-ciddi olduğunu düşünürdü. Anam ingilis dili müəlliməsi idi, istəyirdi ki, onun peşəsini davam etdirim. Ancaq qəzaya düşəndən sonra bütün istəklərimi reallaşdırmağa başladılar. Onlara söylədim ki, efirə çıxmaq istəyirəm.

Nəhayət ki, icazə verdilər. O vaxtlar Zaur Baxşəliyev və mən müsabiqədən keçdim. Yusif Ağayev mənə müəllimlik etdi. İndi isə onunla danışmırıq. Səbəbini də bilmirəm, məndən küsüb. Ancaq onun əməyini dana bilmərəm. Daha sonra "Sürpriz” verilişinin aparıcısı oldum. Veriliş zamanı maraqlı insanlarla tanış oldum.

- Qeyd etdiz ki, ananız sizin bu sahədə olmağınızı istəmirdi. İndi isə efirdən uzaqlaşmısız. Ananız istəyinə yəqin ki, nail olub.

- İstəyinə nail olmadı. O, istəyirdi ki, univeristetdə müəllimə olum. Amma etmədim, biznes sahəsinə meyilləndim. İndi də aparıcılıqla bağlı təkliflər olur, gəlib ailəmə deyirəm. Hərdən efirə çıxmaq istəyirəm, ailəmə müraciət edirəm ki, bəlkə gedim? Anam deyir ki, artıq o etap keçib, indi aparıcılıq lazımdı sənə? Söyləyir ki, ciddi işlə məşğul ol.
 

 

-Siz də şou aparıcılığına qeyri-ciddi bir iş kimi baxırsız?

- Əvvəl yox, indi isə bir az qeyri-ciddi bir peşə kimi baxıram. Köhnələrə əsl aparıcı kimi baxıram. Ancaq indiki aparıcıları heç tanımıram, hərdən TV-də görürəm, onları da bəyənmirəm.

- Ciddi bir xanım olmağınız müəllimə tərbiyəsi almağınızdan irəli gəlir?

-Bilmirəm, anam müəllimədir, atam isə neft sahəsində çalışır. Uşaqlıdan mənə bir söz deyən olmayıb. Bəlkə də, onların addımlarını izləmişəm, görüb götürmüşəm.
 

 

- Son dövrün aparıcıları nəinki, efirə çıxmaqla, hətta tanınmaq üçün müxtəlif reklam üsullarına əl atırlar. Ancaq məşhurlaşa bilmirlər. Səbəbi nədir?

- O vaxtlar insanlar televiziyaya baxırdılar. İndi biz yerli kanallara baxmırıq. Ona görə də yerli aparıcıları tanıyan yoxdur. Əvvələr hər şey maraqlı idi. Yeni müğənnilər, kliplər, aparıcılar. Onlarla hər kəs maraqlanırdı. Aparıcıları tanıyan var? Köhnə aparıcıları çox insan tanıyır. İlkin, Nanə, Afaq və başqaları öz yerlərini tutublar. İndikilərin simaları yadda qalmır.
 
BAKU.WS