Nazpəri Dostəliyeva prezidentin ətrafında gərəksiz işlə məşğul olan məmurlardan danışdı (FOTO)

Nazpəri Dostəliyeva prezidentin ətrafında gərəksiz işlə məşğul olan məmurlardan danışdı (FOTO)
Şou-biznes 1901

 

"3 il qapalı həyat keçirdim. 3 il boyunca başım ancaq məhkəməyə qarışdı. Həmin vaxtları heç kimə açıqlama verməmişəm. Mətbuatda gedən məlumatlar da birtərəfli olub. Həmin məhkəmədə hakimlər çox ədalətsizcəsinə qərar çıxardılar".

BAKU.WS-in məlumatına görə, bunu xalq artisti Nazpəri Dostəliyeva bu gün keçirdiyi məbtuat konfransında söyləyib. Xalq artisti 3 il müddətində mətbuatdan ayrı düşdüyünü deyib: "Hələ heç yerdə görünməyib ki, ciddi qanun pozuntusu olmadan, əsassız şəkildə o məbləğdə (25.000 AZN) cərimə kəssin. Mənə bununla bağlı Avropa məhkəməsinə müraciət etməyimi bildirsələr də müraciət etmədim". 

Daha sonra sənətçi İsa Qəmbərin oğlunun toyunda iştirakından danışıb: "Mən bir azərbaycanlı balasının toyunda iştirak etmişəm. Düşmənin balasının yox. Toyda məni görmək istəyiblər getmişəm, iştirak etmişəm. Qonorarımı da almışam. Buna görə mənə olmazın sözünü dedilər. Mətbuatda yalan və şişirdilmiş məlumatlar yer aldı. Çox təəssüf edirəm, bunu siyasiləşdirmək lazım deyildi. Gedib düşmən toyunda oxumamışam, onlar da azərbaycanlı ailəsidir, bəy də, gəlin də azərbaycanlı balasıdır".

Müğənni efirlərə buraxılmasının səbəblərindən danışıb. Nazpəri Dostaliyevanın sözlərinə görə, son zamanlar baş verən hadisələr göstərir ki, prezidentimizin ətrafında məmurlar çox gərəksiz işlərlə məşğul olurlarmış:

"Mənə elə gəlir ki, mənim də efirlərə buraxılmamağımın arxasında məhz onlar kimi bir güc strukturu durur. Prezidentimizin heç  bir qərarı və xəbərdarlığı olmadan televiziya kanallarının rəhbərləri məni niyə efirə buraxmırlar? Bu qadağanın arxasında kim durur? İstəyirəm mətbuat nümayəndələri bunu araşdırsın. Mən heç vaxt inanmaram  ki, mənim prezidentim kimlərinsə yalan, şişirdilmiş və heç bir əsası olmayan məlumatlarına görə mənə efir qadağası qoysun. Çünki, mən həmişə prezidentimi dəstəkləmişəm, onun ailəsi ilə yaxın münasibətim olub. Ulu öndərin keçirdiyi bütün rəsmi tədbirlərdə iştirak etmişəm. Bu fəxri adı da mənə onlar verib. Heç vaxt onlara dönük çıxmamışam. Kim nə deyir, desin, mən həmişə prezidentimin yanında olmuşam. Bütün seçkilərdə də ona səs vermişəm. Mən də uşaqlarım da o insan üçün ölümə gedərik" - deyə xalq artisti bildirib. 

Nazpəri xanım yeni layihələrindən də danışmağa macal tapıb. Müğənni yeni layihə üzərində işlədiyini deyib: "Yeni layihələrlə bağlı Türkiyəyə səfər edəcəyəm. Layihələrdən biri yeni musiqi albomumdur. Hazır olandan sonra onun da təqdimat mərasimini keçirəcəyəm".

Xatırladaq ki, Nazpəri Dostəliyeva bir neçə gün öncə açıqlamasında Ans kanalından başqa bütün kanalların ona efir qadağası qoyduğunu demişdi.

Ayşən Ayxan 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər