Azərbaycanda kimlərin maaşının artracağı məlum oldu

Azərbaycanda kimlərin maaşının artracağı məlum oldu
Açıqlama
Sosial 210

"Minimum əməkhaqqının artırılması yalnız aşağı maaş alan vətəndaşlara deyil, dövlət sektorunda çalışan və dövlət qulluqçusu olmayan, nisbətən yüksək əməkhaqqı alan şəxslərə də təsir göstərə bilər".

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması ilə bağlı Prezident tərəfindən müvafiq sənəd imzalandıqdan sonra bir ay ərzində Nazirlər Kabinetinin dövlət müəssisələrində çalışan, dövlət qulluqçusu olmayan şəxslərin əməkhaqlarının vəzifə maaşlarına uyğunlaşdırılması ilə bağlı qərar qəbul etməsi gözlənilir:

"Bu dəyişikliklər dövlət müəssisələrində çalışan yardımçı və inzibati vəzifələrdəki işçilərin əməkhaqlarının artırılmasına da şərait yarada bilər. İlkin gözləntilərə görə, minimum əməkhaqqının artırılması 700 mindən çox vətəndaşın gəlirlərinə təsir edə bilər. Onların əhəmiyyətli hissəsinin dövlət, digər hissəsinin isə özəl sektorda çalışan şəxslər olacağı ehtimal edilir.

Özəl sektorda da minimum əməkhaqqının yeni məbləğindən aşağı əməkhaqqı ödəmək yolverilməz olacaq. Bu səbəbdən minimum əməkhaqqı səviyyəsində maaş alan özəl sektor işçilərinin də gəlirlərində artım baş verə bilər".

Deputat əlavə edib ki, minimum əməkhaqqının konkret olaraq hansı məbləğə çatdırılacağı və artımın neçə faiz təşkil edəcəyi isə müvafiq dövlət qurumlarının apardığı iqtisadi və maliyyə qiymətləndirmələrindən sonra məlum olacaq:

"Təklifimiz ondan ibarətdir ki, minimum əməkhaqqı müəyyənləşdirilərkən əvvəlki artımdan sonra ötən müddətdə qeydə alınan inflyasiya və istehlak bazarında qiymət artımları nəzərə alınsın. Əsas məqsəd qiymət artımlarının vətəndaşların alıcılıq qabiliyyətinə mənfi təsirini minimuma endirmək olmalıdır.

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin yaxın dövrdə, ehtimal ki, dövlət büdcəsi ilə bağlı müzakirələr çərçivəsində təqdim edilməsi gözlənilir. Artımın hansı faizlə və hansı məbləğdə olacağı isə aparılacaq qiymətləndirmələrdən sonra dəqiqləşəcək".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər