Efirdən uzaq düşən aparıcı Zümrüd: "Zaurla sevgili olmamışam"

Efirdən uzaq düşən aparıcı Zümrüd: Zaurla sevgili olmamışam
Şou-biznes 30702

 

Bir zamanlar ATV-də məşhur aparıcılardan biri olan Zümrüd Bədəlova müsahibə verib.

 

BAKU.WS Zümrüd Bədəlovanın "Qafqazinfo”ya verdiyi müsahibəsini olduğu kimi təqdim edir. 

- Zümrüd, efirə niyə çıxmırsız?

- Zümrüd öz vaxtını gözləyir. Nə vaxt məsləhət bilinsə, onda da efirlərə qayıdacaq

- Bir müddət ekranlardan uzaqlaşdız. Yenidən Azərbaycana qayıdanda seçiminizi ATV-dən yana etdiz. Ancaq bəzi həmkarınız yenidən efirə qayıdanda şanslarını başqa kanallarda sınadılar.

- Sözün açığı, Azərbaycana qayıdanda bu barədə düşünmürdüm, televiziya ailəminə qayıtmaq fikrim yox idi. Biz 8 ildən sonra ailəlikcə buraya köçdük. Bu zaman bəzi televiziyalardan təkliflər gəldi. Ancaq 16 yaşından tanıdığım, onlarla böyüdüyüm insanlar mənə dedilər ki, bütün kanalların ən yaxşısı ATV-dir. Mən də belə düşünürdüm ki, əlimə fürsət düşsə, ATV-dən başqa kanala getmərəm. Çox sağ olsunlar ki, ATV mənə öz qucağını açdı. İki ildir ki, doğma kanalda çalışıram. Əvvəl rejissor, hazırda isə "Hər axşam” verilişinin redaktoruyam. Həm əyləncəli, həm də ciddi bir iş rejimindəyəm. Aparıcımız Azər Axşam, layihə rəhbərimiz Ataşdır. Qalmaqaldan və söz-söhbətdən uzaq bir verilişdir.

- ATV-də nə dəyişiklik var? Siz işləyəndə İbrahimovlar rəhbər idi. İndi isə Vüqar Qaradağlıdır...

- Kanalda hər şeyə ciddi nəzarət olunur. Hər şey yaxşıdır, uğurla davam edir. İşləyən insanlara hörmət olunur. Mən ATV-ni, ATV-də işləyənləri çox sevirəm. İnsansevər insanam. Bizi istəməyənlər, gözü götürməyənlər çox olsa da biz hamını çox sevirik.

- Sizinlə eyni dövrdə efirə çıxan aparıcılar var. Zaur Baxşəliyev, Nanə Ağamalıyeva kimi aparıcıları misal çəkmək istərdim. Siz efirdən uzaqlaşsaz da, onlar işə davam etdilər. Ancaq nədənsə sosial şəbəkələrdə bu simalar daha çox tənqid olunurlar. Görəsən, siz də layihələrlə davam etsəydiz belə tənqid atəşinə tutulardız?

- O vaxtlar sosial şəbəkələrdən az istifadə olunurdu. Həmçinin, tənqid edənlərin sayı az idi. İnsanlar açıq-saçıq heç nəyi dilə gətirmirdilər, çəkinirdilər. İndi hər şey fərqlidir. Uğurlu insanların arxasınca çox danışırlar. Mən layihələrimi davam etsəydim, efirlərdə görünsəydim bu kimi tənqidlərə pis olardım. Amma insan bir müddətdən sonra öyrəşir.Yəqin ki, Zaur və Nanə buna alışıblar.

- ATV kanalında bir çox uğurlu layihələr var. Zümrüd özünü hansı layihənin aparıcısı kimi özünü görür?

- Şou və əyləncə verilişlərindən uzaq olmaq istərdim. Çünki yaşım ötüb keçir. Onsuz da şou-biznesdə biz hamını tanıyırıq, hamı da bizi tanıyır. Hətta bu yaxınlarda bəzi sözlər eşitdim, çox xətrimə dəydi. Müğənnilərin bir çox məni görüb deyir ki, biz səninlə böyümüşük. Əslində həmin insanlar məndən qat-qat yaşlı insanlardır. Sonra düşündüm ki, bəlkə də yaxşı mənada bu sözləri deyiblər. Çünki, mən 16 yaşımdan bu işin içində olmuşam, onların gözü qarşısında böyümüşəm. Çox müğənninin sənətə yeni gələn günlərini bilirəm. Hansı ki, müsahibə üçün yalvarır, oturub saatlarla gözləyirdilər. İndi həm xasiyyətlərində, həm də sənətlərində çox dəyişikliklər var.

- Azərbaycanda əvvəl belə bir ənənə var idi ki, ailə həyatı quran məşhur sima ekranlardan uzaqlaşırdı. İndi isə belə şeylərə çox az rast gəlinir. Siz də evlənib ekranlarla vidalaşdız...

- Əslində ekranlardan qopmadım, qopardılar (gülür). Neçə il yuxularımı qarışdırırdım. Elə bilirdim ki, səhər efirinə gecikirəm. Özüm-özümə daha sonra etiraf etdim ki, artıq mən efirlərdə yoxam. Bakıda yaşasaydım aparıcılıq sənətini davam etdirərdim. Ailə həyatı qurub Moskvaya köçdüm. Yoldaşımın işi, həyatı orada idi. ATV ilə vidalaşanda ağladım. Həyat yoldaşım sual verdi ki, niyə ağlayısan? Mən də cavab verdim ki, ailə həyatı qurduğuma görə sevinirəm, ona görə ağlayıram (gülür). Yoldaşım azərbaycanlı idi. Hamı iranlı və türk olduğunu düşünürdü.

Bizi Faiq Ağayev tanış etmişdi. Çünki, həyat yoldaşım Faiq Ağayevin qohumudur. Efirdə olan insanlara təkliflər, sevgi mesajları çox gəlir. Ancaq bizə qarşı ciddi olmayan insanlar daha çox idi. O vaxtlar ailə qurmaq barədə düşünmürdüm. Faiq Ağayev mənə zəng vurub xahiş etdi ki, onunla danışım. Dedi ki, mənim yaxınımdır, fikri ciddidir və ailəliklə səni çox istəyirlər. Mən də tamaşaçı kimi onunla danışmağa başladım. Bir neçə ay sonra ailəsi Bakıya gəldi. Sözün açığı, hamı ona "Mişa” deyirdi. Mən də elə bilirdim rusdur, onunla rus dilində danışırdım. Daha sonra azərbaycanlı olduğunu öyrəndim. Onda 21 yaşım var idi. 6 ay müddətində evlənmək qərarına gəldik. Hamı şokda idi, deyirdilər ki, efir xəstəsi olan bir insan işi atıb ərə getməz. 8 yaşında Ləman adlı qızım var.

- Həyat yoldaşınızla rəsmən ayrılmısız?

- Yaxşı şeylər olmadı, qayınatam rəhmətə getdi. Ailəvi olaraq Bakıya gəldik. Qərara gəldik ki, Azərbaycanda yaşayaq. Həyat yoldaşımın Rusiyadakı biznesini də işlədən adamlar var idi. Düşünürdük ki, o biznesi də Bakıya köçürək. Amma Moskvada doğulub-böyüyən insan üçün yaşamaq burada çətin idi. Qərara gəldi ki, Rusiyaya qayıtsın. Mən ona dedim ki, qalırsansa Bakıda qal, burada yaşayaq. Hamı elə bilir boşanmışıq, ancaq mən rəsmən boşanmamışam. Mənim Azərbaycanda nikahım olmayıb, Rusiyada olub. Azərbaycan şərtlərinə görə mən subayam. Heç boşanmaq ağlıma gəlməyib. 8 yaşlı qızım var. Daha doğrusu, bu qərarı vermək üçün heç üz-üzə gəlməmişik.

Bundan sonra çətin ki, ailə münasibəti davam etsin. Tez-tez Azərbaycana gəlir, qızıyla görüşür. Mənlə isə görüşmür, Rusiyaya qayıtmadığıma görə küsüb. Bəlkə də buradakı uğurumu gözləmirdi, ondan ötrü çox qısqandı. Kanallardan iş təklifləri gəldi, yolda saxlayıb məni soruşurdular, efirə qayıdıb-qayıtmayacağım barədə suallar verirdilər. Hər yay Bakıya gəlirdik. Hava limanına girən kimi hamı məni tanıyırdı. "Zümrüd xanım, xoş gəlmisiz” sözündən sonra evdə davalar olurdu. Elə bilirdi ki, efirlərdən uzaqlaşanda unudulacam. Çox qısqanc idi. O, mənim tamaşaçım, pərəstişkarım olub. Toy ərəfəmdə xüsusi qisqanclıq göstərdi. Hətta, İlkin Həsəni və Emin Müsəvini toya çağırmağa qoymadı. Onları dəvətlilər siyahısından çıxartdım.

- Deyirlər ki, sizdən əvvəl Mehdi bəy bir dəfə ailəli olub.

- O vaxt bu qədər boşanmalar yox idi. Fikirləşirdim ki, birinci evliliyi olub, alınmayıb. İkinci evliliyində daha möhkəm olar. Özü də tez ayrılıb, iki ilə yaxın bir arada yaşayıblar. İkinci həyat yoldaşını tanıyıram, görüşmüşük. Hətta bir qızı da var. Keçmiş xanımıyla görüşdüm, qızlarımızı tanış etdik. Onlar da Bakıda yaşayırlar. Tanınmış şəxsin bir qızıdır. Bu barədə çox danışmaq istəmirəm.

-Deyəsən həyat yoldaşınız çox imkanlı olub... Hamı deyirdi ki, Zümrüd varlı oğlana ərə gedib.

- Çox imkanlı şəxs deyildi. Bu düzgün məlumat deyil. Düzdür, Rusiyada ailəvi biznesləri var idi. Onu atası idarə edir, Mehdi isə köməklik edirdi.

- Sizin adınızı o vaxtlar Zaurla birgə hallandırırdılar. Guya, Zaurla sevgi münasibətiniz olub.

- Zaur mən və nişanlımla dost idi. O, toyumuzu təşkil etmişdi. İlk dəfədir ki, bunu sizdən eşidirəm. Mənim ən yaxın dostlarım Zaur və İlkin olub. Aramızda sevgi münasibəti olmayıb, belə şayiə eşitməmişəm.

- Əvvəl şıltaq, dəli-dolu bir qız idiz...İllər sizi dəyişib?

- Artıq 30 yaşım var. Əvvəlki şıltaqlıqları edə bilmərəm. Efirlərə də qayıtsam belə şeylər etmərəm. Bir qiz anasıyam. Qızım başqa cürdü. Hər axşam telefonuma girib mesajlarımı yoxlayır, evə gec gələndə telefonuma zəng vurur. Hərdən deyirəm ki, atan səni yönləndirir.

- Niyə məşhur simalar tez boşanır? Sizi anlamırlar? Ya siz onları anlamaq istəmirsiz?

- Bilmirəm, hər şey adiləşib. Sevgi yoxdur, sevgi olsa belə boşanmalar olmaz. İndi ərə gedib, uşaq doğmaq üçün evlənirlər. Sevgi də, dostluq da adiləşməyə başlayıb. İllərdir dost dediyim insanları gələndə tamam fərqli gördüm. Moskvada can deyib, can eşidirdim, telefonla danışırdım. Qarşılarında məni görəndə ilk sualları belə oldu ki, sən Allah, hansı layihəyə gəlmisən? Mən də dedim ki, qorxmayın, sizin verilişi aparmağa gəlməmişəm. O vaxt belə rəqabət yox idi. Bir də o fikir var idi ki, bu da boşanıb gəldi... İki ildir ki, bu fikirlə yaşayıram. Həyat davam edir.

BAKU.WS

Son xəbərlər