Prezident: "Manatın devalvasiyasından sonra xarici borcumuz artıb"
"Bizim vəzifəmiz ondan ibarətdir ki, yoxsulluq bir fenomen kimi Azərbaycandan tamamilə yığışdırılsın. Biz bu sosial bəlanı aradan götürməliyik".
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında bildirib.
Dövlət başçısı söyləyib ki, yoxsulluq Azərbaycanda aşağı səviyyədədir - 5 faiz səviyyəsindədir. Ümumiyyətlə, olmamalıdır və əminəm ki, biz gələcək illərdə buna daha da yaxınlaşacağıq: "İnfrastruktur sektorunda, infrastruktur layihələrinin icrasında da bu il kifayət qədər böyük işlər görülüb. Təbii ki, bizim gəlirlərimiz neftin qiymətinin aşağı düşməsi nəticəsində azaldığına görə xərclərimiz də azalıb. Biz öz fəaliyyətimizi ancaq daxili resurslar hesabına qururuq. Biz xarici borclanmaya meyilli deyilik. Onsuz da manatın devalvasiyasından sonra bizim xarici borcumuz artıb. Çünki xarici dövlət borcu dollarla hesablanır və əgər devalvasiyaya qədər xarici dövlət borcumuz təxminən 7-8 faiz təşkil edirdisə, bu gün xarici borc 11-12 faizə qalxıb. Ona görə yox ki, biz əlavə kreditlər götürmüşük. Ona görə ki, manat qiymətdən düşüb. On iki faiz də çox gözəl göstəricidir. İnkişaf etmiş ölkələrin bəzilərində bu, 100 faizdən çoxdur. Ancaq biz istəyirik ki, xarici borcumuz 10 faizi keçməsin. Buna nail olmaq üçün biz gələcəkdə də öz fəaliyyətimizi ancaq daxili imkanlar hesabına qurmalıyıq. Ona görə, biz qazandığımıza müvafiq olaraq xərcləri nəzərdə tutmalıyıq".
İlham Əliyev bildirib ki, regionlarda yaradılan iş yerləri, əlbəttə ki, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına xidmət göstərir. Ancaq onu da qeyd etməliyəm ki, 9 ayda baxmayaraq, 67 min daimi iş yeri yaradılıb, 30 minə yaxın iş yeri bağlanıb:
"Bu da reallıqdır. Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır ki, bu prosesin səbəbləri nədən ibarətdir. Əslində bu, təbii bir prosesdir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yeni iş yerləri açılır və bağlanır. Həmişə bizdə müsbət saldo müşahidə olunub, bu gün də belədir. Hətta böhranlı ildə 67 min daimi iş yerinin açılması böyük nəticədir. Yəni, əgər bağlanan iş yerlərini çıxsaq, 40 minə yaxın yeni iş yeri yaradılıb. Ancaq bununla bərabər, biz bağlanan bu iş yerlərinin təhlilini aparmalıyıq və bilməliyik ki, bu proseslər hansı səbəblər üzündən baş verir. Obyektiv səbəblər də, subyektiv səbəblər də ola bilər. Biz bu gün bu barədə danışacağıq".
Oxşar xəbərlər
Prezident: "Düşmən təmas xəttində ağır itkilər verib"
"Bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda A...