Millət vəkilindən daha bir qalmaqallı açıqlama: Bizi Türkiyə pozur, Rusiya yox
Gələcək nəslə savadı rus dilində vermək, yoxsa Azərbaycan dilində?
Bu sual ətrafında illərdir müzakirələr səngimir, mübahisələr bitmir. Rus dilində danışmaq daha çox elitar cəmiyyət arasında savad nümayişi kimi başa düşülür. Bəzən öz ana dilimizdə danışmağı özünə ar bilib, rusca danışanlara da rast gəlinir.
Azərbaycan uzun müddət rus dilinin təsiri altında qalıb. Bunun təsirindən Azərbaycan müstəqillik qazandıqdan sonra çıxa bildik. Azərbaycanda rusdilli əhalinin sayı da az deyil. Bu gün rus, ingilis dillərini üstünlük qazanmaq üçün övladlarına öyrətmək istəyənlər də çoxdur.
A24.Az olaraq "Rus dilindən imtina etməliyikmi? Həqiqətənmi rus dili uşaqların intellekt səviyyəsinə təsir edir? Sualı ilə politoloqa və millət vəkillərinə müraciət etdik.
"Addım-addım biz milli mənafeyimizə qayıdırıq”
Politoloq Zərdüşt Əlizadə qeyd etdi ki, rus dilindən imtinanı təklif edən adamların ya başına hava gəlib, ya da millətin düşmənləridir. O, istehza ilə qeyd etdi: "İlkin addım kimi rus dilindən imtina etmək lazımdır, ikinci addım kimi riyaziyyat, sonra biologiyadan, coğrafiya ən mənfur fəndir. Nəyimizə lazımdır coğrafiya? Belə addım-addım biz milli mənafeyimizə qayıdırıq. Həqiqi əsl milli mənliyimizi bərpa edəcəyik. Rus dili, ədəbiyyatı, mədəniyyəti dünyanın şah əsərlərin yaradıb. Ən zəngin, dünyada aparıcı olan dillərdəndir. BMT-də rəsmi 5 dildən biridir, çin rus ingilis ərəb, ispan. Bundan imtinanı təklif edən adamların ya başına hava gəlib, ya da millətin düşmənləridir”.
"Mənəviyyatımızın düşməsinin əsas səbəbi bayağı türk seriallarıdır”
Millət vəkili Araz Əlizadə isə qeyd etdi ki, bizim balalarımız nə qədər dil bilsələr, o qədər yaxşıdır. "İnsanların pul qazanmaq üçün getdikləri yer Rusiyadır. Nə Avropada bizi gözləyirlər, nə Amerikada. Azərbaycanlıların getdiyi yer Rusiya, MDB məkanıdır. Rus dilini bilməlidirlər. Uşaqlar rus ədəbiyyatını, Dostayevski, Tolstoy, Puşkin, Lermontovu oxusalar, mən düşünmürəm ki, onların mənəviyyatı korlanacaq. Mənəviyyatımızın düşməsinin əsas səbəbi bayağı türk seriallarıdır. Dilimizi də itiririk, tərbiyəmizi də”.
"Dili bilənlər daha tez yüksəliş imkanı əldə edirlər”
Millət vəkili Fazil Mustafa bildirdi ki, bu məsələdə ənənəvi mübahisəyə başlamağın heç bir əsası yoxdur. "Bizdə bir qorxu var ki, rus dilinin geniş yayılması Azərbaycan dilinin inkişafına müəyyən mənfi təsir göstərə bilər. Əksinə düşünürəm. Bütövlükdə həm rus dilinin, həm də ingilis dilinin yüksək səviyyədə mənimsənilməsi vacibdir. Cəmiyyətin müəyyən çoxluğunun bu istiqamətdə hazırlıqlı olması yaxşı haldır. Dilimizə heç bir mənfi təsir göstərmir. Çünki bizim dilin bütövlükdə yayılma arealı məhduddur. Biz onsuz da dilimizi inkişaf etdiririk. Dövlət dili Azərbaycan dilidir. Amma dünyaya çıxışımız bu dillər vasitəsilə olduğuna görə, Rusiya mühitində müəyyən üstünlük qazanmaq üçün ciddi vasitəçidir. Mühafizəkar yanaşmadan uzaqlaşmalı, bacardıqca Rusiyaya gedən azərbayanlıların belə xüsusilə rus dilinin yüksək səviyyədə öyrənməsi, normal davranış biçiminə nail olması üçün çalışmalıyıq. Dili bilənlər daha tez yüksəliş imkanı əldə edirlər. Azərbaycan dilinin qorunması, hər kəsin öz dilini bilməsi şərtilə, rus, ingilis dillərinin, hətta çin dilinin öyrənilməsinin tərəfdarıyam. Çünki Azərbaycan iqtisadiyyatının müəyyən hissəsinin inkişafı Çinlə bağlıdır. Çinlə iqtisadi əməkdaşlıq perspektivləri daha çox var. Hansısa bir mədəniyyətin içində olmasaq da, yanında olmaq məcburiyyətindəyik. Xaricdən Azərbaycanın maraqlarını yüksək səviyyədə təmin edə bilək deyə normal səviyyədə dili öyrənmək işimizin xeyrinədir”.
"Bizdə dil məsələsinə baxışda hədsiz biganəlik özünü hiss etdirir”
Millət vəkili rus dilini öyrənmək məsələsində bir şeyə aydınlıq gətirdi. "Söhbət dil vasitəsilə bizim üzərimizdə Rusiyanın hansısa siyasi basqılarının gücləndirilməsindən getmir. Buna qarş müqavimət göstərməliyik. Rusiya auditoriyasında öz mövqeyimizin müdafiə olunması üçün daha hazırlıqlı olmağımız vacibdir. Kiminsə övladını rus dilindən hazırlığa qoyması öz seçimidir. Ana dilini bilməyən Azərbaycanlı utanc hissi keçirməlidir. Bizdə dil məsələsinə baxışda hədsiz biganəlik özünü hiss etdirir. Qırğızlara, qazaxlara baxsaq görərik ki, özlərinin milli geyimlərini geymək, papaqlarını taxmaqdan utanmırlar. BMT-də belə taxırlar. Amma biz milli geyimimizi nümayiş etdirməkdən utanırıq”.
BAKU.WS
Oxşar xəbərlər
BSU rektoru rus dilində danışmağın qadağan edilməsi iddiasından danışdı
"Bir müddət əvvəl söhbət çıxardılar ki, Nurlana xanım Bakı Slavyan Universitetində rus dilində danışmağı qadağan edib. Gərək nə qədər bəsit düşüncəli olasan ki,...