İranda keçirilən etirazların XRONOLOGİYASI: Zorakılıqla çalxalanan 47 il

İranda keçirilən etirazların XRONOLOGİYASI: Zorakılıqla çalxalanan 47 il
Siyasət 179

Bu gün İran küçələrində səslənən etirazlar ani narazılığın ifadəsi deyil, onilliklər boyu yığılıb qalmış siyasi, iqtisadi və sosial böhranın açıq təzahürüdür.

İqtisadi çətinliklər, azadlıqların məhdudlaşdırılması, qadınlara qarşı sistemli təzyiq və dövlət zorakılığı cəmiyyətin müxtəlif təbəqələrini ardıcıl şəkildə etiraza sövq etməkdədir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, xüsusilə 2022-ci ildə Məhsa Əmininin əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra başlayan etiraz dalğası İran cəmiyyətində yeni bir mərhələnin təməlini qoydu. Bu etirazlar əvvəlki illərdə müşahidə olunan lokal və müvəqqəti aksiyalardan fərqli olaraq, uzunmüddətli xarakter daşıyır və müxtəlif formalarda bu gün də davam edir. Küçələrdə səslənən şüarlar artıq yalnız konkret sosial tələblərlə məhdudlaşmır, bütövlükdə mövcud idarəetmə sisteminin legitimliyini sual altına alır. Qadınlar, gənclər, tələbələr və müxtəlif etnik qruplar bu prosesin əsas aparıcı qüvvələrinə çevrilib.

Mövcud etiraz dalğasını anlamaq üçün onu təkcə bugünkü hadisələrin fonunda deyil, İran İslam Respublikasının qurulduğu 1979-cu ildən bəri baş vermiş etirazlar silsiləsinin davamı kimi qiymətləndirmək, zənnimcə, daha vacibdir. Yəni İslam İnqilabından etibarən İranın tarixinə nəzər saldıqda, əslində, bu ölkədə dəfələrlə çoxsaylı etiraz aksiyalarının keçirildiyinə şahid oluruq.

Belə ki, 1979-cu ilin yanvar-fevral aylarında milyonlarla insanın iştirakı ilə şah rejimi devrilib İslam Respublikası qurulandan sonra həm də əks-inqilaba gedən prosesin təməli qoyuldu. Əbəs deyil ki, inqilabdan çox keçməmiş qadınlar məcburi hicab qərarına qarşı küçələrə çıxdılar. Bu etirazlar zorakılıqla yatırıldı və bu, yeni sistemin narazı xalq ilə münasibətinin ilk siqnalı oldu. Beləliklə, 1979-cu il İslam İnqilabından sonra İran cəmiyyəti dəfələrlə kütləvi etirazlara həm səbəb, həm də şahid oldu. Etirazlar, illər keçməsinə baxmayaraq, müxtəlif formalarda bu gün də davam edir və İran cəmiyyətinin gələcəyi ilə bağlı ciddi suallar doğurur.

Qeyd etdiyim kimi, İran İslam Respublikasının etiraz tarixi elə İslam İnqilabının özü ilə başlayır. 1979-cu ilin yanvar-fevral aylarında milyonlarla insanın iştirakı ilə Ruhullah Musəvi Xomeyni liderliyində şah rejimi devrildi və İslam Respublikası quruldu. Bu dövrdə milyonlarla insanın iştirakı ilə ölkə boyu kütləvi nümayişlər oldu. Üsyandan artıq bir neçə həftə sonra Xomeyni rejiminin təyin etdiyi hökumətə qarşı kütləvi nümayişlər keçirilməyə başlandı. Hələ o zaman solçuların 1 May nümayişi zamanı küçəyə yüz minlərlə insan toplaşmışdı. Bu da əbəs deyildi, çünki şahı devirən təkcə Xomeyni tərəfdarları deyildi, həm də böyük elektrota malik sosialistlər idi. Lakin yeni rejim xalqın, xüsusən də etnik xalqların, tələbələrin və qadınların gözləntilərini doğrultmadığı üçün dəstəyini itirməyə başlamışdı. Elə bunun nəticəsi idi ki, inqilabdan çox keçməmiş qadınlar məcburi hicab qərarına qarşı küçələrə çıxdılar.

8-14 mart 1979-cu il, qadınların etirazları

İslam İnqilabından iki həftə sonra yüz minlərlə qadın məcburi hicaba etiraz etdi. Hökumət zorakı şəkildə bu aksiyaları yatırtdı və hicab qanunları qüvvədə qaldı. Etirazlar bir neçə gün davam etdi və nəticədə Xomeyni tərəfdarları tərəfindən zorakılıq və hədə-qorxu ilə qarşılandı. Düzdür, etirazlar məcburi hicab qərarının müvəqqəti olaraq ləğvi ilə nəticələndi, lakin 1981-ci ildə sol və liberal ideologiyaların tamamilə məhdudlaşdırılıb mühafizəkarların təkbaşına iqtidara gəlməsi ilə hicab bağlamaq məcburi oldu. Artıq baş örtüyü olmayan qadınlar küçələrdə inqilab keşikçiləri tərəfindən təzyiq və hətta hücuma məruz qalırdılar. Elə həmin il hicab qanunu qüvvəyə mindi və 1983-cü ildən etibarən bu qanuna əməl etməyən qadınlar üçün cəza qanunu təsdiqləndi. Bu da qadınların siyasi fəaliyyəti və müxalifliyinin təməlini qoydu.

1981-ci ilin 20 iyunu - "30 Xordad" aksiyaları

1981-ci ilin 20 iyununda İran Xalq Mücahidləri tərəfindən ovaxtkı prezident Əbülhəsən Bənisədrin impiçmentinə cavab olaraq İranın müxtəlif şəhərlərində rejim əleyhinə etirazlar təşkil edildi. Ruhanilər nümayişçiləri xəyanət və din düşmənliyi ilə ittiham edərək edam ediləcəklərini elan etdilər. Çox sayda etirazçı öldürüldü, yaralandı və həbs edildi.

1981-ci il 28 iyun - Həfte Tir terroru

İran İslam Respublikası Partiyasının liderləri partiyanın Tehrandakı qərargahında görüşərkən güclü partlayış baş verdi və görkəmli partiya nümayəndələrindən 73-ü, o cümlədən İran məhkəmə sisteminin başında olan və ayətullah Ruhullah Xomeynidən sonra İran İslam İnqilabının ən güclü şəxsiyyəti kimi göstərilən ayətullah Məhəmməd Behişti də həmin hücum zamanı öldürüldü. Hadisədən iki sonra Ruhullah Xomeyni bu hadisənin səkkiz gün əvvəl aksiyalar təşkil edən İran Xalq Mücahidləri Təşkilatı tərəfindən həyata keçirildiyini bildirmişdi. Nəticədə Xomeyninin başçılıq etdiyi teokratik hökumət bütün bu hadisələri fürsət bilərək müxalif qrupları bir-bir ləğv edərək bütün siyasi qüvvələri birləşdirirdi. Xalq Mücahidləri Təşkilatı qruplaşmaları da aradan qaldırılırdı.

1999-cu il - Tələbə etirazları

Tehran Universitetində başlayan tələbə etirazları media senzurası və liberal dəyişikliklər üçün çağırışlardan sonra yayıldı. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi çoxlu yaralanma, həbs və zorakılıqla nəticələndi. Nümayişlər əvvəlcə dinc keçdi. Lakin həmin axşam təhlükəsizlik qüvvələri etirazçı tələbələrin gizləndiyi Tehran Universitetinin yataqxanasına hücum etdi. Ölən, yaralanan və həbs edilənlər oldu. Bu hücum geniş qəzəbə, etirazlara səbəb oldu və ölkə daxilində yayıldı. Lakin hökumət mitinqlərə qadağa qoyduqdan sonra etirazları zor gücünə də olsa, yatıra bildi. Buna baxmayaraq, tələbə etirazları on ildən sonra "Yaşıllar hərəkatı"nın təməlini qoydu.

2009 - "Yaşıllar hərəkatı"

Yaşıl rəng əvvəlcə Mir Hüseyn Musəvinin kampaniyasının simvolu kimi istifadə olunurdu, lakin prezident seçkisindən sonra səslərin saxtalaşdırıldığı iddia edilərək seçkinin ləğvini istəyənlər üçün bu rəng birlik və ümid simvoluna çevrildi. Bu hərəkat özünün zirvəsinə çatdı və milyonlarla dinc nümayişçi Tehran küçələrində Mahmud Əhmədinejadın 2009-cu il prezident seçkisində böyük səs çoxluğu ilə qalib gəldiyi barədə rəsmi açıqlamalara etiraz etdi. Hərəkat tezliklə İranın əsrlər boyu davam edən demokratiya axtarışının və dinc dəyişiklik istəyinin puç olmuş arzularını təcəssüm etdirdi. Lakin 2010-cu ilin əvvəllərində rejim müxalifətin ictimai nümayişlərini dayandırmışdı. Güc strukturları nümayişləri zorakılıqla yatırdı. Onlarla etirazçı öldürüldü, yaralandı və həbs edildi. Nəticədə hərəkat geri çəkildi.

2017-18-ci illər - iqtisadi narazılıq etirazları

2017-ci ildə İranın ikinci ən böyük şəhəri olan Məşhəddə nümayişçilər hökumətin iqtisadi siyasətinə, eyni zamanda, əsas malların yüksək qiymətlərinə etiraz etmək üçün küçələrə çıxdılar. Nümayişlər tez bir zamanda ölkə daxilində hər əyalətdə 100-dən çox şəhərə yayıldı. Etirazların əhatə dairəsi iqtisadi çətinliklərdən İranın Yaxın Şərqdəki iştirakına və rejim dəyişikliyinə çağırışlara qədər genişləndi. Etirazlar 2009-cu il "Yaşıllar hərəkatı"ndan bəri ən böyük və ən gərgin əyani narazılıq idi. Lakin "yaşıllar"dan fərqli olaraq, bu etirazlar lidersiz və nizamsız idi. Nəticədə iki həftəlik aksiyalardan sonra ondan çox etirazçı öldürüldü və minlərlə insan saxlanıldı.

2020-ci il - İnqilab Keşikçilərinin Ukrayna Beynəlxalq Hava Yollarına məxsus 752 nömrəli təyyarəni səhvən vurduğunu etiraf etməsindən sonra hökumət əleyhinə başlanan etirazlar

Təyyarədə olan 176 nəfərin hamısı ölmüşdü. İran vətəndaşları hökumətin səriştəsizliyindən və üç gün məsuliyyəti inkar etməsindən qəzəbləndilər. Tehranda nümayişçilər universitetlərdə toplaşaraq "Yalançılara ölüm!" səsləndirdilər. İkinci gün İnqilab Keşikçiləri və mülki geyimli polisin təzyiqlərinə baxmayaraq, etirazlar digər böyük şəhərlərə yayıldı. Həlak olanların dəfn mərasimləri zamanı İsfahan və Sənəndəcdə yalnız kiçik nümayişlər qeydə alınsa da, sonradan bu etirazlar da yatırıldı.

13 sentyabr 2022-ci il - Məhsa Əmininin öldürülməsinə qarşı etirazlar

İslam Respublikasının təməl qaydalarında dəyişikliyə səbəb olan hadisələrdən biri 22 yaşlı kürdəsilli Məhsa Əmininin Tehran şəhərində əxlaq polisi tərəfindən öldürülməsindən sonra başladı. Onun ölümünə etiraz olaraq insanlara küçələrə axışdılar. Etirazçılar 2023-cü ilin əvvəllərinə qədər davam edən ümumxalq nümayişləri zamanı Ali Rəhbər ayətullah Əli Xameneini nəzərdə tutaraq "Qadın, Həyat, Azadlıq" və "Diktatora ölüm!" şüarları səsləndirdilər.

Bir çox qadın və məktəbli qız hökumətə qarşı simvolik etiraz nümayişi olaraq ictimaiyyət qarşısında məcburi baş örtüklərini çıxardı. Nümayişlər 2009-cu il "Yaşıllar hərəkatı"ndan bəri ən əhəmiyyətlisi idi. Lakin təhlükəsizlik qüvvələri nəzarəti əldə saxlaya bildilər. 2009-cu ildə milyonlarla insandan fərqli olaraq, əksər nümayişlərdə onlarla və ya yüzlərlə insan iştirak edirdi. Etiraz ocaqları paytaxt Tehranda, eləcə də etnik azlıqların yaşadığı əyalətlərdə geniş xarakter aldı. Universitet tələbələri də etirazların əsas hərəkətverici qüvvələri və təşkilatçıları idilər.

İslam Respublikası Əmininin ölümündə hər hansı bir qanun pozuntusuna yol vermədiyini və etirazçılara qarşı sərt tədbirlər gördüyünü bildirib. Təhlükəsizlik qüvvələri nümayişçilərə zorakılıq tətbiq edib, ölənlər, yaralananlar və saxlanılanlar olub. Məhkəmə hakimiyyəti isə hökumətin repressiyalarında əsas rol oynayıb.

2026-cı il - iqtisadi vəziyyətin ağırlaşmasına qarşı yeni etirazlar

Bu gün İranda etiraz aksiyaları özünün yeni və daha geniş mərhələsinə qədəm qoyub. İqtisadi narazılıq fonunda başlayan etirazlar artıq yerini həm də siyasi şüarlara verib. 200-dən çox etirazçının öldüyü, yüzlərlə adamın yaralandığı və saxlanıldığı mitinqlərdə hakimiyyət nəzarəti əldə saxlamaq üçün sərt qaydalara əl atıb, internet kəsilib və təzyiqlər artıb. Hətta vəziyyət o həddə çatıb ki, ABŞ Prezidenti Donald Tramp rejimi hədələyərək bildirib ki, etirazçılara atəş açılarsa, Birləşmiş Ştatlar da rejimə eynisini edəcək. Bütün bunların fonunda deyə bilərik ki, İranda etirazların gələcək nəticəsi rejimin repressiya səviyyəsi, etirazların təşkilatlanma dərəcəsi və iqtisadi böhranın dərinliyindən asılı olacaq.

Son xəbərlər