Etikanı pozan deputat mandatı itirəcək - Qanuna sərt dəyişiklik
Son vaxtlar Milli Məclisdə təmsil olunan bir sıra deputatlar fikirlərini ifadə edərkən bilərəkdən ya da bilməyərəkdən bəzi yanlış ifadələr seçirlər ki, bu da cəmiyyətdə böyük səs-küy doğurur.
BAKU.WS xəbər verir ki, Modern.az saytının yazdığına görə, bundan sonra isə həmin deputatlar "mən əslində elə demək istəmirdim, fikirlərim yanlş anlaşılıb” ya da "mətbuat fikirlərimi təhrif edib” deməklə özlərinə haqq qazandırmağa çalışır, günahı jurnalistlərin üstünə yıxırlar.
Söhbəti konkret olaraq, hansısa deputat üzərində cəmləşdirmək istəmirik. Sadəcə, belə bir məqamda, yəni deputatların qeyri-etik ifadələrinə görə ictimaiyyət onların mandatdan məhrum edilməsi tələbi irəli sürür. Sosial şəbəkələrdə də belə təkliflər, iddilar qeyd edilir.
Aprelin 20-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub.
Bəs deputat səsləndirdiyi yanlış fikirlərə görə, mandatından məhrum oluna bilərmi?
Sayt məsələni hüquqi cəhətdən başqa aspektdən araşdırmağa araşdırmağa çalışıb. Məlum olub ki, yeni qanun layihəsi ötən ilin sentyabrında keçirilən referendumla əlaqədardır. Belə ki, yeni sənəd ümumxalq səsverməsində qəbul olunan bir məsələyə uyğun olaraq hazırlanıb.
Əvvəlki Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əsasən, deputatlar aşağıdakı hallarda səlahiyyətlərini itirə və mandatlarından məhrum edilə bilərlər:
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə.
Göründüyü kimi burada Milli Məclis üzvlərinin kobud fikirlərə görə deputat kreslosu ilə vidalaşacağı barədə bənd yoxdur.
Lakin 2016-cı ilin 26 sentyabrında Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əlavə ilə bağlı səsvermyə çıxarılan məsələ seçicilər tərəfindən müsbət qarşılandı.
Qeyd edək ki, Referendum Aktında 89-cu maddənin I hissəsinin birinci bəndinə deputatlarla bağlı aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilib:
6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
Etik davranış qaydaları ifadəsi özündə çox məqamları ehtiva edir. Heç şübhəsiz ki, bundan sonra deputatlar işlətdikləri qeyri-etik ifadələrə görə parlament kimi mötəbər bir quruma "əlvida” deməli olacaqlar.
Qeyd edək ki, prezident İlham Əliyev ötən ilin oktyabrında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, altı ay müddətində Referendum Aktının 1-29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.
"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir. Sənəddə göstərilib ki, hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.
Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir.
Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır.
Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
Bildirilib ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir. Deputatlar tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətə məlumat verilir.
Bununla yanaşı, Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik də təklif edilir.
Nizamnamənin 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə yeni bənd əlavə edilir.
Belə ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir. Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur.
Deputat parlamentin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda parlamentin sədri həmin deputat haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə 2 həftə müddətində baxıb, müvafiq rəy qəbul edir. Parlament növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.
Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə parlamentin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputata töhmət verə bilər və ya deputatın etik davranış qaydalarını kobud surətdə pozduğu qənaətinə gəldikdə deputatın mandatdan məhrum edilməsi barədə rəyini Milli Məclisin müzakirəsinə çıxara bilər. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.
Eyni məzmunlu dəyişiklik Seçki Məcəlləsində də edilir. Belə ki, Məcəllənin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə bənd əlavə olunur.
Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı (Deputatlar səsvermə hüququnu şəxsən həyata keçirirlər-bu maddənin pozulması) və 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Milli Məclisi tərəfindən qəbul edilir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda deputatlara hədiyyə almaq qadağan olunur
"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsinin məzmunu açıqlanıb. BAKU.WS bildirir ki, APA-nın əld...